Bakıda Serbiyanın DİN rəhbəri ilə danışıqlar aparıldı - YENİLƏNİB

Bakıda Serbiyanın DİN rəhbəri ilə danışıqlar aparıldı -  YENİLƏNİB
  11 Avqust 2020    Oxunub:5396
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, səfər zamanı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb.

Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Serbiya   Nazir   Görüş  





Xəbər lenti