“Türkiyə Azərbaycana təmənnasız dəstək verən yeganə ölkədir”

  12 Avqust 2020    Oxunub : 3352
  “Türkiyə Azərbaycana təmənnasız dəstək verən yeganə ölkədir”
“Son dövrlərdə Türkiyə-Azərbaycan əlaqələrinin daha da güclənməsi gözlənilən idi. Hər iki dövlət arasında olan sıx münasibətlər artıq elə bir səviyyəyə çatıb ki, Türkiyə ilə Azərbaycanın başqa ölkələrlə əlaqələrinə sanki bir ölkənin xarici siyasət istiqamətləri kimi baxılır. Xarici siyasətdə müəyyən fərqliliklər olsa da, bu belədir”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa deyib.

O bildirib ki, bütün bunlar təsadüfdən yaranmayıb, çünki Türkiyə Azərbaycana birmənalı, tərəddüdsüz və təmənnasız dəstək verən yeganə ölkədir: “Eyni mövqeni Azərbaycan Türkiyəyə qarşı siyasətində tətbiq edir. Ona görə də bu kimi məsələlərdə, ciddi dəstəyin göstərilməsində Türkiyənin hazırkı mövqeyinin gözlənilən olduğunu düşünürəm. Hesab edirəm ki, əlaqələr daha da dərindən inkişaf edəcək. Çünki müasir dünyada bizim bir-birimizə dəstək verməkdən başqa yolumuz yoxdur. Demək olar ki, düşmənlərimizin də əksəriyyəti ümumidir. Bu mənada düşmənlərimizə qarşı birgə hərəkət etməli, xarici təhdid və təhlükələrdən birlikdə qorunmağı bacarmalıyıq”.



Hər iki ölkənin gələcəkdə yüksək səviyyədə hərbi birliyin yaradılmasını, iqtisadi sferada daha dərin əlaqələrin olmasını, ticarət dövriyyəsi və başqa məsələlərdə ən yüksək- birinci ölkə statusunda ola biləcəyini proqnozlaşdıran Fazil Mustafa Azərbaycan XİN rəhbərinin ilk səfərinin məhz Anakaraya etməsini də təsadüfi saymayıb: “Qardaşlıq münasibətlərində Azərbaycan cəmiyyətinin fikri yekdildir. Cəmiyyət ilə dövlətin maraqları tam mənada üst-üstə düşür. Ona görə də belə yaxınlaşmalarda davam edən proses kimi dünən Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bizim Xarici İşlər naziri ilə Müdafiə nazirini bir yerdə qəbul etməsi həm də ciddi siyasi anlam daşıyırdı. Bu, Türkiyənin bizə nə qədər böyük önəm verdiyini göstərir”.

F.Mustafa onu da vurğulayıb ki, Azərbaycanın xarici siyasətində yeni çalarların olması gözləniləndir. Bu, mənada Ceyhun Bayramova etimad göstərilməsi təqdir edilməlidir: “Yeni Xarici İşlər naziri kifayət qədər təcrübəli dövlət xadimidir. O, təhsil naziri işlədiyi müddətdə özünü doğrultmuş kadrlardan biridir. Bu səbəbdən onun bu sahədə də uğurlu olacağını proqnozlaşdırmaq olar. Ən azından daim Azərbaycanın milli maraqlarını düşünən bir dövlət adamı kimi xarakterizə etmək olar. Prezidentin onun qarşısına qoyduğu vəzifələri yerinə yetirərkən əslində ölkə başçısının mövqeyinin ifadə edildiyini görürük. Çünki məhz ilk səfərin Türkiyəyə olması və orada məhsuldar görüşlərin keçirilməsi Prezidentin də seçdiyi xarici siyasi xətt idi. Ölkə başçısının Prezident seçiləndən sonra ilk səfərlərini Türkiyəyə etməsi, yaxud da qarşı tərəfdən bu cür addımların atılması səbəbsiz deyil. Bu həqiqi qardaşlığın bir təzahürü və göstəricisidir. Ona görə də düşünürəm ki, yeni XİN rəhbəri bu kimi məsələlərdə Prezidentin iradəsinin yüksək səviyyədə həyata keçirmə istiqaməti götürüb. Ümid edirəm ki, həm müdafiə, həm də xarici işlər nazirlərinin budəfəki təmasları da müsbət nəticələr verəcək. Bu sıx əməkdaşlıqların məntiqi nəticəsi kimi yaxın gələcəkdə daha ciddi nailiyyətlərin şahidi olacağıq”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Türkiyə