Azərbaycan Rusiyadan COVID-19 peyvəndi alacaq? - RƏSMİ

Azərbaycan Rusiyadan COVID-19 peyvəndi alacaq? -  RƏSMİ
  13 Avqust 2020    Oxunub:11658
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydiyyatından keçməyən preparatın ölkəmizdə tətbiqi nəzərdə tutulmur.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Qonşu Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alınmasına münasibət bildirən C.İsayev vurğulayıb ki, vaksin gələcəkdə təsdiqini taparsa, onun alınması barədə düşünmək olar.



"Vaksinin nə dərəcədə effektli olması, özünü hansı səviyyədə göstərməsinə dair məlumatımız yoxdur. Hesab edirəm ki, Rusiyada hazırlanan peyvənd kliniki sınaqdan yarımçıq keçirilib. Heç özlərinin müstəqil ekspertləri də dərmanla bağlı müsbət rəylər vermirlər.

Peyvəndin tətbiqindən və ÜST-ün qeydiyyatından sonra bu haqda danışmaq olar. Hələ ÜST-ün ekspertizasından keçməyib. Yalnız Rusiyanın özündə qeydiyyata alınıb. Bizim ÜST-lə sıx əlaqəmiz var, onlarla işləyirik, təşkilatın qeydiyyatından keçməyən hansısa preparatın ölkəmizdə tətbiqi arzuedilməzdir", - deyə C.İsayev qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   vaksin  





Xəbər lenti