Karantin rejiminə dair qaydalarda dəyişikliklər edildi

  29 Avqust 2020    Oxunub : 9768
 Karantin rejiminə dair qaydalarda dəyişikliklər edildi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarında bəzi dəyişikliklər edilir.
Operativ Qərargahdan Azvision.az -a bildirilib ki, Nazirlər Kabinetinin 310 №li Qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2020-ci il sentyabrın 30-dək uzadılır.

Nazirlər Kabinetinin 311 №-li Qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulur.

31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. (Bu Qərara əsasən fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır).

Fərdi, qrup halında tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verilir (10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məşğələlər istisna olmaqla).

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin sentyabrın 15-dək dayandırılır.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması 2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.

Beləliklə, 2020-ci il:

• 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

• 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

• 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

• 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin 312 №li Qərarı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qrafik müəyyənləşib.

Belə ki:

Məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

Ümumi təhsil müəssisələrində:

- ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

- xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

- ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

- ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

- ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən.

Peşə təhsili müəssisələrində:

- qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

- peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən.

Ali və orta ixtisas təhsili müəssisələrində:

- I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

- II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərdən asılı olaraq Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə tədris prosesi başlanır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi təxirə salınır.

Azvision.az

Teqlər: Qərargah   Karantin   Qayda