“Paşinyan təxribatlara “yaşıl işıq” yandırsa da, müharibədən qorxur” - Politoloq

  “Paşinyan təxribatlara “yaşıl işıq” yandırsa da, müharibədən qorxur” -    Politoloq
  02 Sentyabr 2020    Oxunub:4875
Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa növbəti dəfə qanunsuz səfər etməsi və separatçı rejimlə danışıqlar aparması işğalçı ölkənin hazırkı rəhbərliyinin münaqişənin həllində maraqlı olmadığını bir daha göstərdi. Düzdür, Paşinyan bundan əvvəl də Qarabağa intensiv səfərlər edirdi. Amma indiki həssas dönəmdə erməni baş nazirin Dağlıq Qarabağda peyda olması bir sıra suallar doğurur. Bu mənada siyasi ekspertlər İrəvanın yeni təxribatlar axtarışında olmasını istisna etmirlər.
Məsələni Azvision.az -a şərh edən “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, məlum səfərin arxasında bir sıra məqsədlər dayanır:

“Nikol Paşinyan Ermənistanın keçmiş rəhbərləri olan Serj Sarkisyanla Robert Koçaryana deyirdi ki, guya o fərqli siyasət yürüdəcək. Amma görünən o oldu ki, yeni rəhbər işğal altında olan Azərbaycan torpaqlarına sələflərindən daha çox səfərlər reallaşdırır. Bu səfərin bir neçə məqsədi var. Birincisi, o göstərməyə çalışır ki, Dağlıq Qarabağın indiki separatçı “lideri” Araik Arutyunyan ona yaxın adamdır. İkinci səbəbə gəlincə, Nikol düşünür ki, bu addımı ilə bizə aşkar siyasi mesaj göndərir. Yəni bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayacaq, işğal davam edəcək. Zənnimcə, Qarabağ səfərində əsas mesajlar bunlar idi”.

Elxan Şahinoğlunun sözlərinə görə Azərbaycanın münaqişənin həlli istiqamətində daha ciddi addımlar atmaqda israrlı olması, torpaqların hətta hərbi yolla azad edilməsinin indi daha çox real görünməsi Paşinyanı təşvişə salıb.

Politoloq Qarabağa səfərin yeni təxribat hazırlığı olmasını istisna etməyib: “Bizim indi aşkar tələbimiz var ki, danışıqlar qısa zamanda nəticə verməsə, yekun həllə hazırlaşacağıq. O da bir qədər ehtiyat edərək qorxuya düşüb və bu addımı ilə həm də Qarabağdakı rəhbərliyi, ictimaiyyəti sakitləşdirməyə də çalışır. Bu səfər yeni təxribat hazırlığı kimi də qiymətləndirilə bilər. Paşinyan iyulda sərhəddə-Tovuzdakı təxribatı niyə həyata keçirdi? Düşünürdülər ki, biz Qarabağ məsələsində ciddi proseslərə, məsələnin birdəfəlik həllinə hazırlaşırıq və bu, bizim haqqımızdır. Ona görə də diqqətimizi yayındırmaq üçün Tovuz istiqamətində təxribat törətdilər. Halbuki hər kəs bilirdi ki, Ermənistanla sərhəddə yaranacaq problem bizim maraqlara cavab vermirdi. Bizim Qazax-Tovuz istiqamətindən Ermənistana hücum etmək kimi planımız yoxdur. Əsas planımız uzun illərdir işğal altında saxlanılan Dağlıq Qarabağ istiqamətində hərbi əməliyyatlar həyata keçirməkdir. Bunu, reallaşacaq hərbi planlarımızı əngəlləmək üçün fərqli istiqamətdə - sərhəddə təxribatlara getdilər. İndiki halda istisna deyil ki, oxşar təxribatlar yenidən təkrarlansın”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, təxribat xarakterli səfərin son bir ayda Qarabağ məsələsi ətrafında Türkiyə-Azərbaycan yaxınlaşmasına cavab kimi qiymətləndirilməsi real deyil: “Onsuz da Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndiririk. Bu cür səfərlər oldu, ya olmadı, guya bununla Ermənistan nə qazanır? Biz onu da bilirik ki, Rusiya Ermənistana aşkar dəstək verir, ora intensiv şəkildə hərbi yüklərin daşınmasının şahidi olduq. Azərbaycanın da haqqıdır ki, Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndirsin. Əksinə olaraq, Ermənistan rəhbərliyi hazırda qorxu içindədir ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı qəfildən hərəkətə keçə bilər. Nikolun indiki çaşqın davranış və qorxuları daha çox bu amildən qaynaqlanır. Paşinyan özü təxribatlara “yaşıl işıq” yandırsa da, müharibədən qorxur. Çünki bilir ki, Azərbaycanla başlayacaq yeni müharibə ona baha başa gələcək, hətta hakimiyyətini itirə bilər. Ona görə də düşünmürəm ki, bu arzuolunmaz və nümayişkaranə səfər Türkiyə-Azərbaycan hərbi alyansına qarşı mesaj idi. Əgər belə düşüncəsi olubsa, onsuz da bu hərbi ittifaqa heç kim mane ola bilməz”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Paşinyan  





Xəbər lenti