Neftin büdcə qiyməti 35 dollardan götürüldü

  Neftin büdcə qiyməti 35 dollardan götürüldü
  03 Sentyabr 2020    Oxunub:3083
2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması hədəfi istiqamətində dövlət büdcəsinə transfertin mərhələli şəkildə azaldılması nəzərdə tutulur.

2022-ci ildən başlayaraq azalan neft gəlirlərinin qeyri-neft sahəsindən əldə olunan gəlirlərlə əvəz edilməsi hədəflənir. Qeyri-neft sektoru üzrə gömrük və vergi güzəştləri, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən işlər ortamüddətli dövrdə büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının ardıcıl artmasını şərtləndirəcəkdir. 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Azvision.az


Teqlər: Büdcə  





Xəbər lenti