“News Blaze”: Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır

      “News Blaze”: Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır
  03 Sentyabr 2020    Oxunub:4483
“News Blaze” nəşrində amerikalı yazıçı və jurnalist Nurit Qringerin Ermənistanın Rusiya tərəfindən silahlandırılması və bu ilin iyulunda Tovuzda baş vermiş döyüşlərin təhlilinin yer aldığı məqaləsi dərc edilib.
Azvision.az məqaləni təqdim edir:

Vladimir Putin Ermənistanı Azərbaycan Respublikasına qarşı intensiv şəkildə silahlandırır. Rus silahlarının Ermənistana kütləvi şəkildə çatdırılması Cənubi Qafqazda yeni müharibəyə gətirib çıxara bilər.

Təxminən 30 il əvvəl, 1991-ci ildə Sovet İttifaqının rəsmi olaraq dağılması bütün keçmiş Sovet respublikalarının müstəqillik qazanması ilə nəticələndi. Onlardan biri Azərbaycan Respublikası, digəri isə Ermənistandır.

Lakin, o illərdə Rus siyasi liderləri, xüsusilə də indiki prezident Vladimir Putin SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) dağılmasına, əsas da keçmiş Sovet respublikalarının müstəqillik əldə etmələrinə görə qəzəb və təəssüflərini gizlətmirdi.

Hətta bir dəfə Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin “ən böyük geopolitik fəlakət” olduğunu söyləyib.

Rusiya Sovet İttifaqının dağılmasından sonra yaranan yeni müstəqil respublikalara istinad edərək, neo-imperialist meylini və “yaxın xaricdə” konsepsiyasının bir hissəsini əsas tutaraq, hələ də Cənubi Qafqazı - Ermənistan, Azərbaycan və Gürcüstanı ekskluziv təsir zonası hesab edir.

Rusiya Qafqazda Avropa Birliyi və ABŞ rəhbərliyinin olmamasından istifadə edərək, Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən münaqişə məsələsində daha da aqressivləşir.

Münaqişə haqqında

Münaqişə 1990-cı illərin əvvəllərində, Ermənistanın Rusiyanın köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal edib etnik təmizləməsindən sonra başladı. Ermənistan bir milyona yaxın azərbaycanlını öz ata-baba torpaqlarını tərk etməyə, Azərbaycanda məcburi köçkün vəziyyətinə düşməyə məcbur etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin erməni işğalını pisləməsi və bütün erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir. BMT-nin qərarlarına məhəl qoymayan Ermənistan, Azərbaycanın suveren ərazilərinin 20 faizinin hərbi işğalını davam etdirir. Təəssüf ki, təxminən 30 il bundan öncə məcburi köçkün olan azərbaycanlılar evlərinə və torpaqlarına qayıtmaq üçün hələ də Ermənistanın “icazəsini” gözləyirlər.

Azərbaycan bunlara baxmayaraq inkişaf edir

Azərbaycana qarşı işğalın həyata keçirilməsində Ermənistana kömək edən Rusiyanın verdiyi hərbi və maliyyə yardımı olduğundan, demək olar ki, bu, Azərbaycanın müstəqilliyi üçün ödədiyi bədəl idi. Azərbaycan Cənubi Qafqazda Rusiya hərbi qüvvələrini öz ərazisindən qovan ilk ölkə idi.

O illərdə, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı ilə mübarizə aparan və məcburi köçkünlərin rifahını yaxşılaşdırmağa çalışan Azərbaycan Respublikası Cənubi Qafqazın ən böyük iqtisadiyyatı və Qərbin bölgədəki ən vacib müttəfiq və tərəfdaşına çevrildi.

Üstəlik, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın rəhbərlik etdiyi hərbi və iqtisadi birliyə üzv olmaqdan imtina etdi.

Rusiya-Ermənistan Neksusu

Buna görə də, son 30 ildə Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsi səbəbi tamamilə aydındır. Rusiyanın Ermənistandakı 5000 nəfərlik hərbi bazası dünyanın ən böyük hərbi bazasıdır. Rusiya hərbi qüvvələri Ermənistanın sərhədlərini və hava məkanını qoruyur və Ermənistan iqtisadiyyatının 80% -i Rus şirkətlərinə məxsusdur. Bundan əlavə, Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan Rusiyanın rəhbərlik etdiyi NATO-ya qarşı olan hərbi blokun üzvüdür, eləcə də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür.

Düşmənçiliyin son kəskinləşməsi

12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin ağır artilleriyası Azərbaycan Silahlı Qüvvələrinin şimal-qərb sərhədindəki mövqelərini atəşə tutdu. Bu, iki ölkə arasında son illərdə atəşkəs rejiminin ən şiddətli pozulması idi. Nəticədə, 15 Azərbaycan əsgəri və 76 yaşlı əlil mülki Azərbaycan vətəndaşı öldürüldü.

Ermənilərin Azərbaycanın Tovuz rayonuna hücumu ölkənin işğal altındakı Qarabağ torpaqlarından uzaqda yerləşən sərhədlərində baş verdi.

Tovuz rayonu strateji ərazidə yerləşir. Azərbaycanın suverenliyi və iqtisadiyyatı, eləcə də Avropa və ABŞ üçün ən mühüm olan bir neçə strateji neft və qaz kəməri buradadır. Nəqliyyat marşrutları Tovuz rayonundan keçir. Yaxın aylarda tam istifadəyə veriləcək Avropa Birliyinin Cənub Enerji Dəhlizinin əsas hissəsi olan Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) Tovuzdan keçir.

Cənubi Qafqaz Qaz Boru Kəməri Azərbaycan qazını Gürcüstan, Türkiyə və Cənubi Avropadan keçən Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropa bazarlarına çatdıracaq. Ən əsası, bu boru kəməri həm Rusiyanı, həm də İranı keçir və Azərbaycan təbii qazını birbaşa Avropanın istehlak bazarına çatdırır. Boru kəməri Avropanın Rusiya qazından asılılığını azaltmağa və qitənin enerji təchizatı mənbələrinin şaxələndirilməsinin inkişafına kömək edəcəkdir.

Avropaya enerji çatdırılmasını öz şəbəkələri ilə idarə etməyə çalışan Rusiya təbii ki, CQBK layihəsinə sərt şəkildə qarşı çıxır. Bunu nəzərə alaraq, Ermənistanın Azərbaycanın Tovuz rayonuna son hərbi hücumunun bu strateji qaz kəmərinin başa çatmasına bir neçə ay qalmış baş verməsi təsadüfi deyil.

Rusiya silahlarının Ermənistana axını

Rusiya müttəfiqi Ermənistanı silah sistemləri ilə təmin edərək Azərbaycana qarşı fəal şəkildə yerləşdirir. İyul toqquşmalarından bəri Moskva Ermənistanı silahlandırır. 17 iyul 2020-ci il tarixində, son hərbi eskalasiyanın ortasında Azərbaycanın kəşfiyyat xidmətləri ilk hərbi texnika və sursat tədarükü barədə məlumat verdi. O vaxtdan bəri Rusiya Ermənistanı təqribən yarım milyon ton silahla təmin edib.

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putindən Rusiyanın Ermənistana silah tədarükünə aydınlıq gətirməsini istədi. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın münaqişə tərəflərindən birini silahlandırması tamamilə qəbuledilməzdir. Bu səbəbdən, Rusiya Ermənistan-Azərbaycan münaqişəsini yumşaltmaq əvəzinə onu daha da qızışdırır.

Rusiya Ermənistana silah çatdırmaq üçün Xəzər dənizi və İran üzərindən keçən marşrutdan istifadə edirdi. Rus İlyuşin Il-76 strateji hava gəmisi, demək olar ki, hər gün böyük silahlarla Ermənistanın paytaxtı İrəvana enir. Rusiyanın Ermənistanı Azərbaycana qarşı növbəti bir müharibəyə hazırladığı aydın olur.

İran həmişə Azərbaycanın ABŞ və İsrail ilə strateji tərəfdaş olduğunu bildirərək, Azərbaycanın dünyəvi idarəçiliyinə şübhə ilə yanaşıb. Buna görə İran Qafqazda təhlükəli enerji qambiti adlanan avantürada istəkli iştirakçıdır.

Azərbaycan Ermənistanın Suriyada Rusiya ilə tərəfdar olduğunu, Suriyaya kontingent göndərdiyini və ərazisinin Rusiyanın Suriyada fəaliyyət göstərən hərbi qüvvələri tərəfindən istifadə olunması iddialarında qətiyyətlidir. Bu, o deməkdir ki, Ermənistan Suriyadakı münaqişənin fəal iştirakçısıdır, bu ölkədə kadrları var və Ermənistan da Suriyadan silah almaqla "qara ticarət" ilə məşğuldur.

Cənubi Qafqazdakı son inkişaf, xüsusilə Rusiyanın neoimperialist siyasəti və silah tədarükü həyəcanvericidir. Azərbaycanın geostrateji və geoiqtisadi əhəmiyyətini və Mərkəzi Asiyanı Qərblə əlaqələndirməsini nəzərə alaraq, ABŞ və Avropa Rusiyanın Ermənistana davamlı silah tədarükündən təşvişə düşməlidir.

Diplomatik müdaxilə olmadan Cənubi Qafqaz bölgəsində yalnız Rusiyanın faydalana biləcəyi iğtişaşlar baş qaldıra bilər.

Azvision.az


Teqlər: Rusiya   Silah   Ermənistan  





Xəbər lenti