Azərbaycandan Türkiyəyə qardaş dəstəyi

  Azərbaycandan Türkiyəyə qardaş dəstəyi
  03 Sentyabr 2020    Oxunub:5030
“Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən söylədiyi fikirlər arasında xeyli diqqət çəkən məqamlar oldu. Dövlət başçısının yeni təyin edilən səfirlə iki ölkə arasındakı münasibətləri açıq şəkildə müzakirə etməsi Azərbaycanın münasibətlərini həmişə reallıq üzərində qurduğunu göstərir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Prezident bir nümunə əsasında Azərbaycan-Yunanıstan münasibətlərinin bu gün tamamilə sıfır səviyyəsinə endiyini diqqətə çatdırıb:

“Yunanıstanda siyasi dəyişikliklərdən sonra əvvəlki hökumətin Azərbaycanla qurulan münasibətlərinin kökündən dəyişilməsi və bunun iki ölkə arasındakı əlaqələrə ciddi zərbə olması açıq şəkildə ortaya qoyuldu. Çox az hallarda müşahidə edilir ki, ölkə rəhbərləri səfirləri qəbul edərkən dövlətlər arasındakı münasibətləri belə xırdalığına qədər müzakirə edirlər. Diplomatik bəyanatlar verilir, münasibətlərin xoş olması arzulanır. Ancaq cənab Prezident göstərdi ki, münasibətləri sadəcə diplomatik arzular üzərində qurmaq istəyində deyil. Dövlət başçısı, həmçinin bu gün Azərbaycanın dünya birliyində bir düşməninin olmasını göstərdi ki, o da torpaqlarımızın bir hissəsini işğal etmiş Ermənistandır. Ölkəmiz isə digər dövlətlərlə qarşılıqlı maraqlar üzərində əlaqələr qurmaq arzusundadır və bunun üçün addımlar atır”.



Prezidentin dünən Yunanıstanla yanaşı uzaq Yaponiyanın da səfirini qəbul etdiyini xatırladan deputat, ölkə başçısının rəsmi Tokio ilə münasibətlərin yüksək səviyyədə olduğunu deməsinə də diqqət çəkib: “Prezidentin dünən iki səfirlə olan söhbətlərinin məzmunu göstərdi ki, Azərbaycan öz maraqlarını həmişə yüksək səviyyədə qoruyacaq və bu zaman digərlərinə problem yaratmaq istəməyəcək. Dünənki qəbulda bildirildi ki, sadəcə olaraq biz Yunanıstanla heç bir əlaqə qurmadıq, buradan o tərəfə isə artıq Yunanıstanın seçimidir. Yunanıstan ya Azərbaycanla sıfır vəziyyətində olan münasibətləri davam etdirəcək, ya da ölkəmizlə birgə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək. Əlbəttə, Azərbaycan görür ki, Yunanıstanda çox ciddi daxili siyasi proseslər gedir. Bir-birinə əks qütbdə dayanan partiyalar hakimiyyətə gəlir, bu gün qəbul edilən qərarlara kökündən baxılır və s. Amma biz də istəmərik ki, Yunanıstanla olan münasibətlər bu səpkidə qurulsun. Azərbaycan öz mövqeyini ortaya qoydu, Yunanıstanla münasibətləri yüksəltmək üçün açıq olduğunu bildirdi. Ancaq rəsmi Afina hansı qərar qəbul edirsə, bu, artıq onun seçimidir”.

Aydın Mirzəzadənin fikrincə, bu cür söhbətlərin kabinet daxilində deyil, açıq şəkildə aparılması və beynəlxalq ictimaiyyətin məlumatlanması üçün imkan yaradılması göstərir ki, Azərbaycan öz suveren hüquqlarını və milli maraqlarını həmişə yüksək səviyyədə quracaq və bu məsələdə beynəlxalq hüquqa, ikitərəfli maraqlara üstünlük veriləcək.

Deputat, həmçinin qəbul zamanı Türkiyəyə sonadək dəstək olacağımızla bağlı xüsusi mesajın verilməsini təqdirolunası addım adlandırıb: “Bu gün Yunanıstanla Türkiyə arasında ciddi hərbi qarşıdurma yaşanır. Bu məsələdə cənab Prezidentin açıq şəkildə Türkiyəni müdafiə etməsi Azərbaycanın öz müttəfiqlik borcuna sadiq olduğunu, ölkəmizin qardaş ölkə ilə həm uğurları, həm də çətinlikləri bölüşdüyünü göstərir. Azərbaycanın heç bir diplomatik gediş etmədən Türkiyənin yanında olduğunu, onu müdafiə etdiyini bildirməsi bir daha göstərir ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur. Dostluğumuzu və qardaşlığımızı heç nə poza bilməyəcək. Bu gün biz Türkiyənin yanındayıq və bu da birmənalıdır. Bunu Azərbaycan Prezidentinin cəmiyyətimizin iradə və istəyini, bir lider kimi öz mövqeyini qəti şəkildə ortaya qoymasında görürük. Onu da qeyd edim ki, ölkə başçısı ilk dəfə deyil ki, Türkiyənin yanında olduğumuzu aşkar şəkildə göstərir. Dəfələrlə olub ki, cənab Prezidentin ayrı-ayrı forumlarda, ali məclislərdə Türkiyə maraqlarını qorumasının şahidi olmuşuq. Dünən də bu dəyişməz mövqenin bir daha şahidi olduq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Dəstək  





Xəbər lenti