Ölkəyə könüllü qayıdan miqrantlara yardım göstərilib

Ölkəyə könüllü qayıdan miqrantlara yardım göstərilib
  04 Sentyabr 2020    Oxunub:2659
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi “Könüllü qayıdışa yardım və reinteqrasiya” (KQYR) layihəsi çərçivəsində könüllü olaraq vətənə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı ilə bağlı fəaliyyətini davam etdirir.
Nümayəndəlikdən Azvision.az -a bildirilib ki, bu zaman əməkdaşların təhlükəsiz şəkildə işlərini icra etmələri üçün işçilərin və binaya daxil olan qonaqların temperaturu yoxlanılır, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə bağlı tövsiyə və qaydaları, gigiyena proseduralarına əməl olunur, maskalar, əlcəklər, əl üçün dezinfeksiyaedici məhlullar kimi qoruyucu vasitələrdən istifadə edilir.

Bu ilin əvvəlindən iyulun sonunadək BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihəsi çərçivəsində könüllü qayıdan şəxslərə 185 qeyri-nağd yardım göstərib. Onlardan 24 şəxsə müvəqqəti mənzil (kirayə) təminatı, 30 şəxsə kiçik biznesin təşkili, 120 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları), 10 şəxsə tibbi yardım və 1 şəxsə təhsillə bağlı kömək göstərilib.

Qeyd edək ki, BMqT-nin nümayəndəliyi hazırda İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım fəaliyyətini göstərir. Reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı (kirayə) ilə yanaşı, məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.

Azvision.az


Teqlər: Miqrant   Yardım  





Xəbər lenti