Deputat: “Metronun açılması vacibdir”

  Deputat:  “Metronun açılması vacibdir”
  04 Sentyabr 2020    Oxunub:4006
“Məktəblərin açılması ilə nəqliyyatdan istifadə edənlərin sayı artacaq. Buna görə metronun fəaliyyətinin bərpa olunması olduqca vacibdir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, ciddi şəkildə nəzarət etməklə metronun çalışmasına şərait yaratmaq olar.

“Məsafə gözlənilməklə, maskadan istifadə edilməklə və qatarların intensivliyini artırmaqla metronun fəaliyyəti bərpa oluna bilər. Hesab edirəm ki, Bakı şəhərində ciddi nəqliyyat problemi var. Avtobuslar bir məntəqədən digər məntəqəyə böyük yol qət edərək gedirlər. Avtobuslarda ciddi sıxlıq yaranır. Belə olan təqdirdə qeyd edilən şərtlər ödənilərməklə, metro avtobusa nisbətən daha təhlükəsiz ola bilər”.



E.Əliyev qeyd edib ki, müəllim, şagird və tələbələrin dərsə gecikməməsi üçün metronun açılması istiqamətində ciddi işlər görülməlidir.

“Bununla onlar avtobus nəqliyyat növündən asılı vəziyyətdə qalmasınlar. Bundan əlavə, məlumdur ki, heç də bütün şagirdlər evlərinin yanındakı məktəbdə tədris almır. Şagirdlər valideynlərin şəxsi maşınları ilə müxtəlif yaşayış yerlərindən məktəbə daşınırlar. Uşaqların daşınması üçün yerüstü nəqliyyatdan istifadə edilməsi tıxac yaradır. Bunun özünün də avtobusların hərəkətinə müəyyən təsiri var. Ona görə də həm deputat, həm də təhsil eksperti olaraq hesab edirəm ki, qaydalar gözlənilməklə metronun açılması vacib addımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Metro  





Xəbər lenti