AzVision: Həftənin real təhlili - VİDEO

      AzVision:    Həftənin real təhlili -    VİDEO
  07 Sentyabr 2020    Oxunub:24194
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Sizi verilişin şənbə günü efirə gedən buraxılışına baxmağa dəvət edirik:



AzVisionun analitik şənbə buraxılışına, yəni, “Həftənin real təhlili”nə baxırsınız. Veriliş ərzində bu mövzulardan danışacağıq:

- Diplomatik qeyri-diplomatiya. Yunanıstan səfirilə söhbətində Prezident İlham Əliyev kimlərə nələri başa saldı?
- Sülh qarğası. Paşinyanın övrətinin Qarabağda hərbi təlim keçməsi nəyə hesablanıb?
- Hər işdə bir Hikmət var. Amma biri daha yoxdur. Onun işdən çıxarılması “qara güzgü”də necə görünür?
- Virus “korona”sını itrir. Postpandemiya dövrünə nə qalıb, necə qalıb.


Yunanıstan - dünyada ən qədim diplomatiya tarixinə və diplomatik ənənələrə malik ölkələrdən biridir. Hətta deyə bilərik ki, müasir diplomatiyanın bir çox qaydalarının, prinsiplərinin kökləri gedib Qədim Yunanıstana, yunan şəhər-dövlətləri arasındakı əlaqələrə çıxır. Elçilər, onların statusu, diplomatik etiket və qaydaları, danışıqların aparılma manerası – bunların çoxu qismən Qədim Yunanıstanda formalaşmışdı. Amma əminliklə demək olar ki, bəlkə də Pelaponnes müharibəsindən üzübəri yunan diplomatları bu həftəki qədər açıq və çətin söhbətlə üzləşməmişdilər. Tam səmimi düşünürəm ki, cənab İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla söhbəti dünya diplomatiya tarixində qalacaq. Yəqin, bir müddət sonra beynəlxalq münasibətlərə aid kitablarda maraqlı nümunə kimi xatırladılacaq ki, Azərbaycan prezidenti Yunanıstan səfirilə necə söhbət etmişdi. Ən azı ona görə ki, prezidentlər etimadnaməsini qəbul etdikləri səfirlərlə belə danışmırlar. Cənab İlham Əliyev diplomatik proseduru bilərəkdən pozmaqla, diplomatiya yaratdı. Bu, çox maraqlı fənd idi: Qeyri-diplomatik diplomatiya.

İlham Əliyev:
- Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək.

Bu sözlərdən sonra dövlət başçımız ortaya kifayət qədər sərt, birmənalı mövqe qoydu. Adətən belə açıq danışıqlar diplomatik görüşlərin bağlı qapılar arxasında keçən hissəsində aparılır. Biz sadə insanlar da düşünürük ki, görəsən, onlar orada nədən danışdılar? Amma bu dəfə əksinə oldu: cənab Prezident bütün kəskin fikirlərini görüşün açıq hissəsində və ingiliscə danışdı, efirdə də o cür yayımlandı. Halbuki, Prezident bütün bunları azərbaycanca da söyləyə bilərdi, çünki səfir özü görüşün əvvəlində bizim dilimizdə danışmaqla, göstərmişdi ki, bu dili bilir, ən azı, başa düşür. Yəni bəli, səfir Nikolaos Piperiqkosla ünvanlanmış sözləri prezident İlham Əliyev azərbaycanca deyə bilərdi, amma demədi, çünki onun sözlərinin əsas ünvanı heç də səfir Piperiqkos deyildi. Bəs kim idi? Onu aydınlaşdıracağıq, amma əvvəlcə görək, Azərbaycanla Yunanıstanın münasibətləri nə yerdədir, son illərdə hansı problemlər yığılıb.

***

2015-ci ildə Aleksis Tsiprasın başçılıq etdiyi Radiklal Sol Qüvvələr Koalisiyası – SİRİZA hakimiyyətə gələnə qədər Azərbaycanla Yunanıstanın kifayət qədər yaxşı münasibətləri vardı. 2014-cü ilin iyununda prezident İlham Əliyevin Yunanıstana uğurlu dövlət səfəri olmuş, dövlət başçımız həm həmkarı Karolos Papulyas, həm də baş nazir Antonis Samaras ilə maraqlı görüşlər keçirmişdi. Birgə biznes-konfransda Antonis Samaras Yunanıstanın qaz şirkəti DESFA-nın səhmlərini alan SOCAR-ın haqqında hətta “Biz yeni bir biznes tərəfdaşı tapdıq” demişdi.
Amma 2015-ci ildə Yunanıstanı bürüyən böhran dalğasında hakimiyyətə gələn sol qüvvələrin lideri Aleksandr Tsipras radikal islahatlar proqramı həyata keçirməyə, xüsusilə də Avropa Birlyilə Yunanıstanın münasibətlərini ciddi təftiş etməyə başladı.
Tsiprasın kobud metodları nəticəsində bir sıra ölkələrlə, o cümlədən, Azərbaycanla münasibətlər kəskinləşməyə başlayır. Xüsusilə də radikal solçu SİRİZA hökuməti DESFA-nın səhmlərinin SOCAR tərəfindən alınmasını heç bir əsas olmadan əngəlləyir. Halbuki, hər şey tamamilə qanunu baş vermiş və SOCAR tenderdə qalib gəlmişdi. O illərdə ölkəmiz Avropaya uzanan Cənub Qaz Dəhlizi alternativ marşrutunun üzərində işləyirdi və DESFA Avropanın qaz bazarına girmək üçün Azərbaycana lazım idi. 2016-cı ilin sentyabrında ARDNŞ Prezidenti Rövnəq Abdullayevin problemin müzakirəsi üçün Yunanıstana işgüzar səfəri də nəticəsiz qaldı. Sövdləşmə dalana dirəndi; bizə konkret nə “hə”, nə də “yox” deyilməklə, Azərbaycanın ödədiyi 40 milyon avro avans 4 il saxlanılandan sonra geri qayrtarıldı.
Bu hadisə obyektiv olaraq, Bakı ilə Afinanın münasibətlərində narazılığa və əlaqələrin faktiki dondurulmasına səbəb oldu. Azərbaycan öz qazını Avopa bazarına çıxarmaq üçün başqa yol tapdı.
Tsiprasın avantürist qərarla dolu idarəçiliyi ötən ilin iyulunda başa çatdı. Hazırda hökumətə “yeni demokratiya” partiyasının lideri, 1990-93-cü illərdə Yunanıstanın baş naziri olmuş Konstantinos Mitsotakisin oğlu, keçmiş xarici işlər naziri, Afinanın keçmiş meri Dora Bakoyanninin kiçik qardaşı Kiriakos Mitsotakis başçılıq edir. Bu, ölkələrimiz arasında münasibətlərin yenidən, təzə səhifədən başlaması üçün şans da sayıla bilər.

***

Beləliklə, səfirə deyilən sözlərə yüklənmiş birinci mesaj Yunanıstanın yeni hökumətinə aid idi ki, əgər bizimlə normal münasibət qurmaq istəyirsinizsə, əvvəlki hökumətin səhvlərini düzəldin və bir daha təkrarlamayın. Azərbaycanla ya bərabərhüquqlu səmimi tərəfdaş ola bilərsiniz, ya da heç nə.
İkincisi, bu söhbətdə başqa vaxt azad biznesdən, investorlara dürüst münasibətdən, azad, açıq tenderlərdə danışan Avropanın nəzəriyyəsilə əməliyyəsi arasındakı uyğunsuzluq ifşa olunurdu. Məhz bu yerdə haşıyə kimi Prezidentin elə həmin gün keçirdiyi digər bir görüşə çıxaq. Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edərkən cənab İlham Əliyev vurğuladı ki, bizim görəcəyimiz xeyli maraqlı işlər var. Bu söhbət ilə Yunanıstan səfrilə keçən söhbətin arasındakı kontrastın özü də bir diplomatiyadır:

- Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır. Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir. Biz, həmçinin müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik - iki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və “Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir.

Yəni iki ölkə müxtəlif istiqamətlərdə hər biri üçün faydalı əməkdaşlıq edirlər, demək, Azərbaycan buna hazırdır, qadirdir, məhz bel münasibətləri istəyir. Amma ikinci tərəf də gərək tərəfdaşlıqda səmimi, vicdanlı və dürüst olsun. Onda münasibətlər Yaponiya ilə olduğu kimi inkişaf edəcək, əks halda isə Yunanıstanla ilişkilər kimi dalana dirənəcək.
Azərbaycanla Yaponiyanın arasında heç bir nə iqtisadi, nə də siyasi problem yoxdursa, yunanlarla hər ikisi var. Prezidentin yunan səfirinə diplomatik bərbəzəksiz, açıq dediyi siyasi xarakterli məsələ isə Ermənistanla bağlı idi və bu da həmçinin, təkcə Nikolaos Piperiqkosun şəxsində rəsmi Afinaya ünvanlanmamışdı. Ermənistan, Yunanıstan və Kipr arasındakı hərbi əməkdaşlığa toxunan dövlət başçımız bildirdi ki,

- Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.

Göründüyü kimi, həm Afinaya, həm də dolayısı ilə Moskvaya ünvanlanmış kifayət qədər açıq mesajdır. Azərbaycan birmənalı şəkildə bildirir ki, Ermənistanla dost və müttəfiq olmaq istəyənlər bizimlə də eyni münasibəti saxlaya bilməyəcəklər. O dövr bitdi. Azərbaycan hansısa dövlətlərin “balanslı”, “bərabər məsafəli” dediyi siyasətdə Ermənistanın olduğu tərəzinin əks gözünə qoyulmaq istəmir və daha bunu qəbul etmir. Əksinə, getdikcə daha ucadan “Ya mən, ya o” deməyə başlayır. Bunu hücum diplomatiyamızın yeni mərhələyə qaldırılması kimi də qəbul edə bilərik. Faktik olaraq, Azərbaycan bölgədəki nüfuzunu, çəkisini və proseslərə təsir imkanlarını Ermənistanın xarici əlaqələrinə qarşı qoyur. İndiyə qədər biz Ermənistanın əsasən iqisadi yollarını bağlamışdıqsa, indi siyasi yollarını da qapadırıq. Rəsmi Bakı dünyaya mesaj verir ki, daha regiondakı dövlətlərə riyakar nəzəri adlar altıda bərabər yanaşmaq dövrü bitir, prioritetləri müəyyən etmək dövrü başlayır.

Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”


Toxunduğu üçüncü məsələ ilə isə cənab İlham Əliyev göstərdi ki, tərəfdaşlıqda və müttəfiqlikdə sadiqlik nədir, necə olmalıdır, Azərbaycan özü tərəfdaşlarına sadiq olmağı necə bacarır və Türkiyə ilə münasibətlərdə olan sədaqət bizim üçün nə qədər prinsipialdır. Bunu dövlət başçımız Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə münasibəti fonunda açıqladı. Cənab Prezidentin qardaş ölkədə də böyük coşğunluq və minnətdarlıq yaradan həmin sözlərini xatırlamazdan qabaq, gəlin görək, Aralıq dənizinin şərqində nələr baş verir.

***

Avqustun ortalarında Aralıq Dənizinin şərqində hərbi manevrlər zamanı Yunanıstanın “Limnos” freqatı ilə Türkiyənin “Kemal Reis” hərbi gəmisi arasında insident yaşandı. Bundan sonra gərginlik getdikcə artmağa başladı və Türkiyə Egey dənizində neft-qaz kəşfiyyatı aparacağını bəyan edəndə digər Avropa dövlətləri də işə qarışdılar. Halbuki, Ankara əslində heç bir beynəlxalq normanı pozmayıb.
Məsələ ondadır ki, Türkiyə-Liviya müqavilələrilə müəyyən edilən dəniz sərhədlərilə Yunanıstan-Misir sənədlərindəki sərhədlərin arasında fərq var. Lakin bu mübahisəyə baxmayaraq, Türkiyə geri çəkilmədi.
Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu qəti mövqedən sonra Türkiyənin “Oruc Reis” geoloji kəşfiyyat gəmisi hərbi donanmanın müşayiətilə işlərini davam etdirdi. Cavabında Yunanıstan da əraziyə öz dəniz qüvvələrini yeritdi. Fransa Yunan gəmilərinə kömək məqsədilə öz donanmasını həmin əraziyə göndərdi.
Avqustun son günlərində isə İtaliya, Fransa, Yunanıstan və Kipr Aralıq dənzində Türkiyənin geoloji kəşfiyat apardığı bölgədə təimlərə başladılar. Bu, artıq NATO-nun bir neçə dövlətinin bir üzvünə qarşı aşkar güc nümayişi idi.
Beləliklə, Türkiyə Aralıq dənizində Yunanıstandan başqa hərbi müstəvidə Misir, Yunan Kipri, Fransa və İtaliya ilə üzləşib. Diplomatik müstəvidə isə faktik olaraq, bütün Avropa Birliyi ilə. Çünki Avropa Birliyi də məsələyə qarışaraq, tamamilə haqsız yerə Türkiyəni təxribatlar törətməkdə ittiham etdi. Ankara mövqeyinin haqlı olduğunu beynəlxalq sənədlərlə sübut etməyə çalışsa da, başqa Afina olmaqla, Avropa paytaxtları hələ ki, bu istiqamətdə dialoqa getmək istəməyərək, görünür, Türkiyənin təzyiqlər qarşısında geri çəkiləcəyini göszləyirlər.

***

Göründüyü kimi, burada da söbət heç də təkcə Yunanıstan-Türkiyə münasibətlərindən getmir. Prosesin başqa, kifayət qədər güclü iştirakçıları da var. Azərbaycanın onların hamısına münasibətini və dolayısı ilə, cəsarətli mesajını Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla söhbətində dövlət başçımız İlham Əliyev belə ifadə etdi:

- Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.

Burada tamamilə kompromissiz bir mövqe var: Nə baş verirsə-versin, bütün hallarda Azərbaycan Türkiyənin yanında olacaq. Bu, bizim qardaşlıq borcumuzdan əlavə, həm də Qarabağ məsələsində, xüsusilə də Tovuz sərhədində baş verən iyul döyüşləri zamanı Türkiyənin ortaya qoyduğu birmənalı mövqeyə görə cavabımız da sayıla bilər. Azərbaycan həm də onu nümayiş etdirdi ki, heç bir halda heç kimə borclu qalmır – dosta da, düşmənə də.
Bütün bunların məhz Yunanıstanın səfirilə söhbətdə deyilməsindən bir qədər daha dərin və hətta rəmzi mənalar da çıxarmaq mümkündür. Məsələ ondadır ki, pravoslav yunanlarla ruslar tarixən Osmanlıya qarşı mübarizədə eyni mövqedən çıxış ediblər. Tarixən Yunanıstan Osmanlı ilə savaşında coğrafi mövqeyinə görə özündən qərbdə yerləşən Avropa dövlətlərinin, dini mənsubiyyətinə görə şərqdəki Rusiya İmperiyasının dəstəyini ala bilirdi. Təxminən elə ermənilər kimi. Qəribədir, amma sanki heç nə dəyişməyib, bir növ geosiyasi dejavü yaşanır. Son vaxtlar isə regional nizamın bu köhnə mahiyyətində bir yeni gərginləşmə hiss edilməkdədir. Bir tərəfdən Yunanıstan-Türkiyə, o biri tərəfdən Ermənistan-Azərbaycan cinahında. Ermənistanın təxriabatlarının qabağı hər dəfə alınsa da, o, sanki hansısa uzunmüddətli bir planı həyata keçirməyə çalışır. Məntiqlə yanaşanda hər vəchlə savaşdan qaçmağa çalışmalı olan Ermənistan, əksinə, hər dəfə məntiqsizcəsinə hərbi ritorikanı gücləndirən addımlar atır. Həmin addımlardan daha birini də bu bu həftə müşahidə etdik.

***

Bu həftə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Qarabağda əlində avtomat hərbi təlimlərdən çəkilmiş şəkilləri hamını təəccübləndirdi. Fotoların məhz Qarabağda çəkilmiş olması əslində, həm də azərbaycanlıları qıcıqlandırmağa hesablanmışdı, amma qıcıqlandırmadı, vur-tut, təccübləndirdi. Çünki hamının yaxşı yadındadır ki, 4 uşaq anası Anna Akopyan əri hakimiyyətə gələndən 3 ay sonra Moskvaya gedərək, orada “Qadınlar sülh uğrunda” adlı kampaniya başlatdığını elan etmişdi. İyulda Tovuz döyüşləri başlayanda isə Akopyan Azərbaycan qadınlarına və analarına müraciət etmişdi ki, hərbi əməliyyatlar dayandırılsın, hər iki xalqın uşaqlarının həyatı təhlükəyə düşməsin.
İndisə elə həmin qadınları başına yığıb, Qarabağda əlində avtomat, makiyajı da pozulmadan, ora-bura qaçır. Bəs “sülh uğrunda” kampaniya harada qaldı? Necə oldu ki, bəyaz sülh göyərçini birdən-birə qara müharibə qarğasına çevrildi?
Bu, hər şeydən əvvəl, o deməkdir ki, Ermənistan hakimiyyəti son 2 ildəki sülh çağırışlarının heç birində səmimi olmayıb. Həmin çağışılar Azərbaycana yox, görüntü yaratmaq məqsədilə beynəlxalq ictimaiyyətə yönəldilib.
İkincisi, maraqlıdır ki, Anna Akopyanın “dava-dava” oynamaq həvəsi Ermənistanın Müdafiə Nazirliyinin 100 min nəfərlik könüllü xalq müdafiəsi dəstələri yaratmaq layihəsilə eyni vaxta düşüb. Belə çıxır ki, baş nazirin arvadı həmin kampaniyanın PR-siması rolunu üzərinə götürüb. Və bu yolla Ermənistan hakimiyyəti əhalini psixoloji olaraq müharibəyə hazılamağa, insanları könüllü xidmətə cəlb etməyə çağırır. Halbuki, bu layihə özlüyündə başdan-başa absurddur: könüllü xalq müdafiəsi dəstələri işğala uğrayan ərazidə formlaşdırıla bilər. İşğalçının könüllü medafiə dəstəsi yaratması isə sağlam məntiqlə məzələnməkdir.
Və üçüncüsü, o da ola bilər ki, Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi istiqamətndə iş aparılır və Anna Akopyan şəxsən həmcinslərini buna həvəsləndirməyə çalışıb.
Bütün hallarda, bu addımlar Ermənistanda hərbi əhval-ruhiyyəni yüksəltməyə və əhalini psixoloi cəhətdən müharibə hazırlığına kökləməyə hesablanmış gedişlərdirlər.

***

Bəli, Ermənistanda sanki müharibəyə hazırlaşan bir ölkənin ab-havası var. Buna səbəb nədir? Büdcə daxiilolmaları son aylarda 40 faiz azalan, dövlət borcu 6 ayda 600 milyon dollar artaraq, boyuna görə çox nəhəng rəqəm olan 8 milyard dollara çatan bir ölkənin özünü bu cür aparması necə izah oluna bilər?
Doğrudanmı, hərbi patetikanın gücləndirilməsi ancaq diqqəti Paşinyanın sosial-iqtisadi uğursuzluqlarından yayındırmaq üçünüdür? Gəlin, vəziyyətin ümumi mənzərəsini cızmağa çalışaq.
Bir tərəfdən, Qarabağ münasişəsilə bağlı sülh danışıqları tamamilə dayanıb və indiki şərtlər daxilində bərpa olunana da oxşamır.
İkinci tərəfdən, Ermənistan hərbi ritorikanı gücləndirir və faktik olaraq, əhalidə psixoloji hazırlıq aparır.
Üçüncü tərəfdən, əli çatan bütün yollarla silah-sursat toplamağa çalışır.
Dördüncüsü, hər dəfə burnu ovulsa da, yeni-yeni hərbi təxribatlara əl atır.
Beşincisi, Ermənistanın öz mediası və xaricdə əlinin çatdığı media orqanları, məsələn, rusiyanın “Nezavisimaya qazeta”sı Azərbaycanla bağlı hərbi-geosiyasi xarakterli dezinformasiyalar yaymaqdadırlar.
Dalan vəziyyəti yaradılıb və və sanki, getdikcə daha da daraldılır. Gec-tez Paşinyan hökuməti bu vəziyyətdən çıxmaq üçün nəsə etməlidir, amma nə edə bilər?
Bütün əlamətlərdən belə görünür ki, Ermənistanın daha ciddi və miqyaslı hərbi təxribatlara əl atacağını istisna etmək olmaz və buna hər mənada hazır olmaq lazımdır.
Normalda bu gərginləşmə Azərbaycanı yox, Ermənistanı narahat etməlidir. Çünki Ermənisan hələ digər ölkələrin yekunlaşdırmağa hazırlaşdıqları müharibə - koronavirusla savaşda belə, vəziyyəti öz xeyrinə dəyişə bilməyib. Düşmən ölkədə gündəlik 190 yoluxma və 4 ölüm onun əhalisinin sayını nəzərə alanda, kifayət qədər ciddi rəqəmlərdir.
Azərbaycanda isə bu həftə karantin rejimi növbəti dəfə yumşaldıldı. Və ümumiyyətlə, belə görünür ki, postpandemiya dövrünə elə də çox qalmayıb. Planetdə pandemiyanın dinamikasının əks edildiyi histoqrama baxanda görürük ki, gündəlik yoluxma sayları sabitləşib, ölüm sayların isə piki təzələyə bilmədi.
Britaniyanın məşhur tibb jurnalı “The Lancet”də Rusiyada hazırlanmış vaksinlə bağlı müsbət yazının dərci də bunun əlamətlərindəndir. Məqlədə deyilir ki, aparılan testlər vaksinin təhlükəsiz olduğunu təsdiqləyib. Demək, tezliklə digər ölkələr də öz vaksinlərini bazara çıxaracaqlar və indi dünyada vaksinlərin satışı və alışı yarışı başlayacaq. Hazırda ABŞ, Almaniya, Çin, Böyük Britaniyada hazırlanmış altı vaksin klinik tədqiqatların son mərhələsindədirlər. Dünya səhiyyə təşkilatı Oksford vaksinini bunlardan ən perspektivlisi hesab edir.

***
Deyəsən, “vaksin müharibəsi”lə bağlı mənfi gözləntilər özünü doğrultmağa başlayıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, o, Rusiya və ya Çinin vaksininin qiymətləndirilməsilə bağlı Dünya Səhiyyə Təşkilatının rəylərinə etibar etmir.

– Bu məsələdə bütün dünya diqqətli olmalıdır. Vaksini yaxşı-yaxşı öyrənib, yəqinlik hasil etməliyik ki, ona siyasi yox, həqiqətən elmi qiymət verilib. Bu məsələdə şəxsən mənim dünya səhiyyə təşkilatına inamım sıfır səviyyəsindədir.

Pompeonun fikrincə, Rusiya və Çin bazara sürdükləri vaksinlə tibbi yox, siyasi və diplomatik sahədə sıçrayış etmək istəyirlər.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus isə bildirib ki, “vaksin millətçiliyi” yolverilməzdir, bu, pandemiyaın daha da uzanmasına gətrib çıxara bilər.
Hazırda Dünya Səhiyyə Təşkilatı ölkələr arasında vaksinin necə paylaşılması ilə bağlı COVAX adlanan planın üzərində işləyir. Lakin bəzi ölkələr, o cümlədən də ABŞ bu plana qoşulmaqdan imtina edir və öz aralarında birbaşa müqavilələr imzalayırlar.
Sentyabrın 3-də ABŞ Dünya Səhiyyə Təşkilatından çıxmaqla bağlı plaını açıqladı, bir gün sonra isə Çin bu addımı sərt şəkildə ittiham edərək, bildirdi ki, Vaşinqton qurumu şantaj etməyə, postepidemiya dövründə beynəlxalq əməkdaşlığı pozmağa çalışır. Belə görünür ki, dünyada postepidemiya dörü doğrudan da, asan olmayacaq.

***

Düzdür, payızda mövsümi qripin yayılmasının bu vəziyyətə necə təsir edəcəyi hələ də bütün dünya üçün böyük sual olaraq qalmaqdadır, amma ümumi dinamika hazırda ehtiyatla da olsa, optimizmə əsas verir. Üstəlik, mövsümi qripin 4 yeni ştammına qarşı vaksinasiya prosesi də başlamaq üzrədir. Əgər yazda pandemiyanın başlamasına heç kim hazır deyildisə, indi payız qripinə əksər ölkələr hazırlaşıblar. Yəni bu dəfə döyüşdən qalib çıxmağa şansımız var. Artıq üfüqdə postpandemiya dövrü görünür. Bu məsələyə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı zamanı Prezident İlham Əliyev də toxundu:

- Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq.

Bu Pandemiya bütün bəşəriyyət üçün həm sınaq, həm də böyük dərs oldu. Yəqin ki, postpandemiya dövründə bu məsələ hələ geniş araşdırılacaq, onun müxtəlif tərəflərinə aid kitablar, monoqrafiyalar yazılacaq, lazım olan ibrətlər götürüləcək ki, heç olmasa yaxın illərdə ikinci belə bəla yaşanmasın. Böyük ehtimalla, bir çox nəzarət metodları, xidmətlər mahiyyətcə köklü dəyişikliyə uğrayacaq, ölkələr öz sərhədlərini təkcə narkotikadan, qaçaqmaldan yox, xəstəliklərdən, viruslardan da qorumaq haqda düşünəcəklər.
Ən vacib dərslərdən biri pandemiyanın bizim qanunları necə qavramağımıza təsiri oldu. Məhz pandemiya vaxtı hamı qanunun daha sərt üzünü gördü, çünki söhbət insan həyatlarından getdiyi üçün, kompromisə yer qalmırdı. Bu mənada pandemiya dövründə qanunlar haradasa yol hərəkəti qaydalarına bənzəyirdi: Pozsan, kimsə ölə bilər. İnanmaq istəyirəm ki, bizim bu karantin aylarından götürdüyümüz dərslərdən biri də məhz qanunlara əməl etməyin vacibliyilə bağlı olub. Hər halda, buna əmin olmağımız üçün bir neçə kifayət qədər ciddi hadisə də baş verdi. Hamısıda da sosial şəbəkədə geniş müzakirə olunub, əks-səda doğurdular.
Fəqət sosial şəbəkədə son ayların bəlkə də ən böyük reaksiyalarından birinə səbəb olan hadisə BNA-nın şöbə müdiri Hikmət Babayevin açqılaması idi. Bu, göründüyündən qat-qat daha ciddi məsələdir. Əvvəla, ilk dəfədir ki, məhz sosial şəbəkədə baş qaldıran etiraz dalğasının təsirilə ciddi bir qurumun ciddi vəzifə sahibi işini itirir, faktiki, karyerası korlanır. Bu dramın səbəbi isə onun ARB kanalına müsahibəsində dediyi fikirlər olmuşdu.

O, haqsız idimi? Bəli. Dediyi fikirlərdə müsbət və doğru məqamlar yox deyildi, amma ya onları düzgün çatdıra bilmədi, ya da cəmiyyət qarşısında dediyi sözün məsuliyyətini anlamağı bacarmadı. Nəticədə təmsil etdiyi quruma qarşı böyük bir ictimai qəzəb dalğasının qalxmasına səbəb oldu, sonda isə günahını qurban verilən karyerası ilə yumalı oldu. Amma burada günah konkret nədir, nədədir? Və cəza ona adekvat idimi?
Baxın, dostlar, mən qətiyyən Hikmət Babayevi, yaxud BNA-nı müdafiə etmək fikrində deyiləm, taksilərlə bağlı təklifi isə həm AzVisionun çərşənbə fomatında, həm də sosial şəbəkədə tənqid etmişəm. Fəqət indi mövzumuz o deyil. Mövzu budur: Sosial şəbəkədəki rəylər, trendlər kiminsə taleyinə, karyerasına bu dərəcədə ciddi təsir göstərməlidirmi? Bu normaldır, yoxsa yox?!
Bu tip suallar “Black Mirror”, yəni “Qara güzgü” adlı məşhur antiutopik serialın toxunduğu əsas problemlərdəndir. Ona Azərbaycanda da çoxları baxıb. Serialın mövzusu odur ki, texnologiyaların, o cümlədən də internetin və sosial şəbəkələrin inkişafı cəmiyyəti gətirib hansı vəziyyətlərə çıxara bilər. Serial əvvəlcə Britaniyada çəkilirdi, sonra isə sizin sevimli “Netflix” onu alıb, özü davam etdirməyə başladı. “Qara güzgü” adlanmağına isə səbəb odur ki, bizim reallığımızın güzgüsünə çevrilmiş ekranlar adətən, işləməyəndə qara olurlar. Ümumilikdə 5 sezon və 22 seriyadan ibarət serialın üçüncü sezonunun iki seriyası məhz sosial şəbəkənin insan taleyinə təsirinə həsr olunub.
Deməli, “Qara gücgü”nün üçüncü sezonunun “Nosedive” adlanan birinci seriyasında belə bir antiutopik cəmiyyət təsvir olunur. Orada hamı sosial şəbəkədədir. Daha doğrusu, sosial şəbəkə hamıdadır. Hər kəsin yaxasında bir layk, bir də dislayk düyməsi var; insanlar ünsiyyətdə olduqları şəxsdən, onun maneralarından, davranışından razı qalsalar “layk”, əks halda “dislayk” düyməsini basırlar. Bu qiymətlər toplanaraq, hər kəsin ümumi bir ictimai-sosial reytinqini formalaşdırır.
İlk baxışdan deyirsən: Nə yaxşı. Bir növ rəqəmli demokratiya idealıdır ki! Hər kəsin qiymətini bilavasitə xalq özü verir, qabiliyyətinə görə yerini insanlar müəyyənləşdirirlər. Bundan yaxşı nə ola bilər?
Amma tezliklə məlum olur ki, elə deyil. Əvvəla, bu qiymətlər çox vaxt ani emosional reaksiyalardan doğur və insanların əsl, dərin münasibətini əks etdirmir. İkincisi, getdikcə reytinqin yuxarı mərtəbəsində olanlar bir növ digital elita formalaşdırır, yuxarı təbəqə sayılmağa başlayırlar. Onların özlərinin xüsusi çevrələri var ki, “layk”ı az olanlar ora buraxlmır. Amma hər kəs ora can atır axı... Toplanılan “layk”lar insanların həyatını, sosial nərdivandakı yerini müəyyən etdiyindən, hamı ancaq bəyənilmə reytinqini qaldırmağa çalışır. Nəticədə əsl insanı dəyərlər, meyarlar arxa plana keçir, qondarma bir kriteriya – layk sayı önə çıxır. Bunun isə axırı faciələrə gətirib çıxarır. Serialın yaradıcılarının verdiyi mesaj budur ki, belə yanaşma - yəni insanları kütlənin “layk”ına görə qiymətləndirmək ciddi yanlışlıqdır.
Eyni ideyanı onlar üçüncü sezonun “Salqın nifrət obyekti” adlı sonuncu seriyasında daha dramatik ifadə ediblər. Həmin seriyada təsvir olunan antiutopik reallıqda belə bir hadisə baş verir: Sosial şəbəkədə hər gün insanların ən çox kimə ölüm arzuladıqları soruşulur. Həştəqdə adı ən çox qeyd olunan şəxs isə dron-arıların hədəfinə çevrilir və həqiqətən də öldürülür.
Bir anlıq təsəvvür edirəm, əgər Azərbaycanda sosial şəbəkədə belə bir şey olsaydı, kütlə qısa vaxtda kimlərin ölümünə fətva verərdi...
Bunları danışıb, başınızı ağrıtmaqda məqsədim spoyler vermək deyil – gördüyünüz kimi, vermədim də. Sadəcə, Hikmət Babayevin başına gələn hadisə, nə qədər haqlı olsa belə, sanki göstərirdi ki, biz sosial şəbəkədə kütlənin insan talelərini həll etdiyi həmin o antiutopik gələcəyə gəlib çatmışıq.
Niyə bu, ümumiyyətlə, antiutopiyadır?! Niyə yaxşı şey sayılmamalıdır ki? Çox sadə bir səbəbə görə: İnsanların həyatını da, karyerasını da ancaq və ancaq qanunlar həll etməlidir, kütlənin münasibəti yox. Hətta haqlı olsa belə. Çünki qanun həmişə qanundur, kütlə isə heç də həmişə haqlı, sabit və səbatlı olmur.
Fakt odur ki, ölkədə taksi xidmətləri bazarında doğrudan da, müəyyən nizam-intizam, qayda-qanun yaratmağa ehtiyac var, amma Hikmət Babayevin hazırladığı konsepsiyadakı kimi yox. Fəqət yanlış konsepsiyanı ictimai müzakirəsi bu şəkildəmi olmalı idi?! Nəticədə birinci kündə küt getdi və onu qanun təndirinə yapmaq istəyəni də özü ilə apardı.
Belə olmaması üçün dövlət qurumları, onların ayrı-ayrı vəzifəli şəxsləri sosial şəbəkə reallığını sadə vətəndaşlardan daha həssas şəkildə nəzərə almalıdırlar. Sosial şəbəkə kütləsilə mübahisənin mənası yoxdur, amma onu idarə etmək mümkündür, yönəltməyin yolları var. Kimsə bu kütlənin əksinə getmək ekstrimini yaşamaq istəyirsə, cəsarətinə ancaq həsəd apara bilərik, amma dövləti, rəsmi orqanları təmsil edən heç kəsin belə bir lüksü yoxdur. Çünki bu halda cəmiyyətin dövlətə münasibəti oyuna qoyulur ki, o da yolverilməzdir. Dövləti qırağa qoysaq, ən azından böyük bir təşkilatın – publik hüquqi şəxsin ictimai nüfuz və imici zərbə altında qalır. O isə hansısa publik fiziki şəxsin karyerası ilə müqayisədə qat-qat daha ağır anlayışdır. Bu nöqteyi-nəzərdən, Hikmət Babayevin işdən çıxarılması hüququ cəhətdən tam olmasa da, siyasi-ictimai planda tamamilə doğru bir gediş idi. Amma şəxsən mənim yanaşmam belədir ki, hər şeyin hüquqi həlli daha düzgündür. Çünki mən, hər halda, “Black Mirror”da göstərildiyi sayaq bir antiutopiya cəmiyyətində yaşamaq istəmərəm. İstəmərəm ki, həyatımı qanunlardan daha artıq, kütlənin rəyi müəyyən etsin. Mübahisə eləmirəm. Müzakirələrə isə hələ çox vaxtımız olacaq. Əsas odur, sağlam və bütün problemlərin qarşısında möhkəm olaq.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti