Güzəştlərin tətbiqi qaydasında dəyişiklik edildi

   Güzəştlərin tətbiqi qaydasında dəyişiklik edildi
  08 Sentyabr 2020    Oxunub:3538
Nazirlər Kabineti “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən, satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edir.

Dəyişikliyə əsasən, satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən həm də Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edəcək.

Eyni zamanda dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı tender təklifində Azərbaycan Respublikası Prezidentinin fərmanının nömrə və tarixi qeyd ediləcək və belə fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti tender təklifinə əlavə ediləcək.

Satınalan təşkilatda yaradılan tender komissiyası tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, bu mallara münasibətdə nəzərdə tutulan sənədlərə və tender təklifinə (xidmət təklifinə) əlavə olunan sənədlərə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq baxacaq, imtina üçün əsaslar olmadıqda, güzəştli düzəlişi tətbiq edəcək və bu barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda qeydlər aparacaq.

Qərar 2020-ci il iyunun 1-dən 5 il müddətinədək qüvvədədir.

Azvision.az


Teqlər: Qərar  





Xəbər lenti