“Fizioterapiya təhlükəsiz müalicə üsuludur” - Baş həkim

  08 Sentyabr 2020    Oxunub : 2664
 “Fizioterapiya təhlükəsiz müalicə üsuludur” -  Baş həkim
“Bu gün bütün dünya və bizim ölkəmizdə Beynəlxalq Fizioterapiya Günü qeyd olunur. Fizioterapiya insan orqanizmini ağır xəstəlikdən sonra bərpa edib, kəskinləşmədən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Onun təsirləri sırasında metabolik proseslərin aktivləşdirilməsi, qan və limfa dövranlarının stimullaşdırılması, ağrıkəsici, spazmalitik, immunostimullaşdırıcı və bərpaedici funksiyaları qeyd etmək olar. Bizim tibb ocağında təqbiq edilən müalicə üslubunda fizioterapiya vacib bir yer tutur”.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Uşaq Sanatoriyasının baş Həkimi Rauf Qurbanov deyib.

Onun sözlərinə görə, burada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi üçün geniş imkan yaradılıb.

"Xəzər dənizinin sahilində yerləşən tibb müasissəsinin əsas məqsədi somatik xəstəliyi olan 2-14 yaş qruplu uşaqların funksional qabiliyyətləri və həyat keyfiyyətinin yaxşılaşdırılması və bərpasıdır".

Rauf Qurbanov sanatoriyada əsasən tez-tez soyuqdəyməyə meyilli olan, ürək-damar sisteminin qeyri-aktiv və ya remissiya mərhələsində və neyrosirkulyator distoniyası olan, mədə-bağırsaq və tənəffüs orqanlarının xroniki xəstəliklər, onurğa sütununun və döş qəfəsinin deformasiyasından əziyyət çəkən, revmatik xəstəlikləri olan uşaqların müalicə almasını qeyd edib. O, Respublika Uşaq Sanatoriyasının oyun otaqları, üç dəfə yeməklə təmin edən yeməkxanası, çamaşırxanası, 100 nəfərlik akt zalı, rahat palataların müasir dizaynla təmir olunmasını xüsusi qeyd edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların anaları ilə bərabər qalmağa bütün şəraitin yaradılmasını vurğulayıb.



Uşaq Sanatoriyasının baş həkiminin sözlərinə görə, hazırda burada paytaxtdan və bölgələrdən olan 82 uşaq müalicə alır, lakin keçmiş illərdə bu say yay aylarında tətil ilə əlaqədar 240-a çatırdı. Hazırda COVID-19 pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, bu rəqəmlər azalıb.

Rauf Qurbanov həmçinin, sanatoriyada həyata keçirilən müalicə proqramı haqqında da məlumat verib. Proqram həkim-pediatrın qəbulu və nəzarəti ilə başlayıb, iqlim terapiya, vanna qəbulu, massaj, fitoterapiya və bədən tərbiyəsi ilə davam edilir. Bunun üçün sanatoriyanın birinci mərtəbəsində elektrokardioqramma (EKQ), fizioterapiya, tədris-təlim, psixologiya, massaj, inqalasiya, ultrasəs müayinəsi, laboratoriya, vanna otaqları fəaliyyət göstərir.



Daha sonra Rauf Qurbanov rəhbərlik etdiyi sanatoriyada müalicə prosesinin 3 mərhələdən ibarət olduğunu bildirib. Onun verdiyi məlumata görə, birinci mərhələ adaptasiya dövrüdür və bu müddət ərzində uşağa heç bir müalicə tətbiq olunmur. Ehtiyac olarsa, müayinə aparılır və son klinik diaqnoz təsdiqlənir. İlkin mərhələdə sakit oyunlardan, adaptasiya məqsədilə iqlim terapiyasından (uşaqların təmiz havada gəzdirilməsi, zəif yük ilə hava vannasından, acıq havada gündüz yuxusunun təşkil edilməsi) istifadə olunur. İkinci tonuslaşma mərhələsində uşağın diaqnozuna uyğun olaraq müalicəvi və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir: ümumi, möhkəmləndirici, nevroloji müalicə, müalicəvi bədən tərbiyəsi, massaj və fizioterapiya. Üçüncü tamamlayıcı mərhələdə uşaq orqanizmindəki aktivlik bərpa olunduğundan sonra, o, ümumi rejimə keçirilir. “3 mərhələri müalicə prosesinin nəticəsində uşaqların immun sistemi güclənir, sağlamlığı möhkəmlənir, fiziki aktivliyi artır, həzm orqanlarının işi normallaşır, il ərzində qrip xəstəliyinə yoluxma riski azalır, sinir sisteminin vəziyyəti sakitləşir” – deyə baş həkim fikrini tamamlayıb.



Bundan başqa, Rauf Qurbanov bildirib ki, sanatoriyaya uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən verilən AR Səhiyyə Nazirliyi Sanatoriyasına göndəriş (Forma 076) əsasında qəbul edilir. Müalicə profilaktika müəssisələrinin həkimləri (sahə pediatrları) şöbə müdirləri, həkim komissiyasının qərarı ilə sanator müalicəyə ehtiyacı olan uşaqlara icrası tələb olunan müayinələr və mütəxəsisslərin baxışı siyahısını rəhbər tutaraq, müvafiq göstərişlərə əsasən sanator-kurort kartı verir.

“Nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsulu sayılır, bu tibb müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir. Mən kollektivimizdə işləyən mütəxəssislərin simasında bütün fizioterapevtləri Dünya Fizioterapiya Günü münasibətilə təbrik edib, onların əməyini yüksək dəyərləndirirəm. Xəstənin gərginliyini azaltmağa və onun orqanizmini xoşagəlməz xəstəliklərdən qorumağa kömək edən fizioterapevtlər səhiyyəmizin əvəzolunmaz hissəsidir”.

Azvision.az

Teqlər: Uşaq   Sanatoriya