“Bu təşəbbüs vətəndaşların rahatlığını təmin edəcək” - Gəncənin deputatı

 “Bu təşəbbüs vətəndaşların rahatlığını təmin edəcək” -  Gəncənin deputatı
  08 Sentyabr 2020    Oxunub:3321
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin daha da inkişaf etdirilməsi dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirib. Bu isə öz növbəsində, dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi daim Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsi olub.

"Ölkəmizdə həyata keçirilmiş geniş struktur islahatlarının əsas nəzərəçarpan tərəflərindən biri də ondan ibarət oldu ki, fəaliyyətini ölkəmizin müasir inkişaf templəri ilə uyğunlaşdıra bilməyən, bir sıra dövlət idarəetmə institutları və oxşar funksiyaları həyata keçirən dövlət orqanları ləğv olundu. Bunlar idarəetmənin optimallaşdırılması yolunda olduqca təsirli addımlardır. Nəzərə almaq lazımdır ki, bu addımlar həm də bürokratiyanın azaldılması, dövlət vəsaitlərinə qənaət edilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət idarəçiliyinin optimallaşdırılması, dövlət xidmət sektorunun keyfiyyətinin davamlı olaraq yüksəldilməsi ictimai rifahın və məmnunluğun təmin olunmasına hesablanmış təsirli addımlardır".

N.Həmzəyev qeyd edib ki, 1980-ci ildə yaradılan Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradar:

"İdarəçiliyin şəhərdə bir mərkəzdən həyata keçirilməsi isə vətəndaşların rahatlığını, məmnunluğunu təmin edər, onların müraciətlərinə baxılma mexanizmini sadələşdirər, problemlərin daha çevik şəkildə həll olunmasını təmin edər. Sözsüz ki, bu da idarəetmə sistemnidə çox pilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halları aradan qaldırar. Bu dəyişiklik baş tutduğu təqdirdə, Nizami, Kəpəz və Hacıkənd bələdiyyələrinin fəaliyyəti daha çox nəzərə çarpacaq. Onlar tədricən bəzi səlahiyyətləri özləri icra etməyə başlayacaqlar. Xüsusilə, yerli problemlərin həlli və sakinlərlə birlikdə yaradılacaq yerli icmaların fəaliyyəti gücləndiriləcək ki, bu da daha çox vətəndaşların rifah halının yüksəldilməsinə və məmnunluğunun əldə olunmasına xidmət edəcək".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gəncə   Deputat   Naqif-Həmzəyev  





Xəbər lenti