“İqtidar siyasi partiyaların inkişafında maraqlıdır” - Fəzail Ağamalı

   “İqtidar siyasi partiyaların inkişafında maraqlıdır” -    Fəzail Ağamalı
  08 Sentyabr 2020    Oxunub:4770
“Ölkə Prezidenti Azərbaycanda siyasi partiyaların yaranması, formalaşması, eləcə də inkişafı üçün bütün vacib və mümkün olan tədbirlərə imza atıb”.

Bunu Azvision.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Siyasi partiyalar haqqında qanunun qəbul edilməsini xatırladan partiya sədri bu qanuna dəyişikliklərin edilərək müasirləşdirildiyini söyləyib: “Buna baxmayaraq, düşünürəm ki, siyasi partiyalar haqqında qanunu daha da təkmilləşdirməliyik. Onu zamanın tələblərinə uyğun olaraq elə təkmilləşdirməliyik ki, partiyaların daha geniş şəkildə siyasi proseslərdə rolunu stimullaşdırmaqla artıraq. Həm də adı olub, özü olmayan, siyasi proseslərdə iştirak etməyən, bəzi hallarda xaricdə olan maraqlı dairələrin məqsədlərinə xidmət edən, onların təsiri altında olan partiyaların da fəaliyyəti qanunla tənzimlənməlidir. Bunlara qarşı Azərbaycan qanunvericiliyi çərçivəsində ciddi şərtlər qoyulmalıdır. Digər tərəfdən əgər xeyli müddət əvvəl partiya yaradılıb qeydiyyatdan keçibsə, lakin o öz fəaliyyətini demək olar ki, dondurub hansısa bir səbəbdən qurultaylarını keçirmir, hesabatlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq verilmirsə, bu partiyalarla bağlı məsələlərə yenidən baxmaq lazımdır”.

Fəzail Ağamalının sözlərinə görə, qanunvericilikdə dəyişiklik edərək hər bir passiv partiyanın, təkcə uzun illər fəaliyyətsiz görünmüş və ya bu gün fəaliyyət göstərməyən yox, son beş il ərzində də qurultayını keçirməyən, ictimai siyasi proseslərdə iştirak etməyən, nizamnaməsində qarşıya qoyduğu vəzifələri reallaşdırmayanların da fəaliyyətinə xitam verilməsinə qədər təkmilləşmələr aparılmalıdır:

“Hazırda ölkə iqtidarı partiyaların inkişafında və siyasi proseslərdə fəal rol oynamasında maraqlıdır. Seçki proseslərində, xüsusən də Parlament seçkilərində fəal iştirak edən, kifayət qədər səs toplayan partiyaların maliyyələşməsi məsələsi qanunvericilikdə təsbit olunub. Bu gün Milli Məclisdə təmsil olunan partiyalar qanunvericiliyin tələbinə uyğun olaraq öz problemlərini, ehtiyaclarını ödəmək üçün dövlətdən rəsmi şəkildə vəsait alırlar. Düzdür, bu vəsaitin miqdarı o qədər də yüksək deyil və partiyalar həmin maliyyə ilə öz işlərini daha yüksək səviyyədə qura bilmirlər. Lakin buna baxmayaraq, vəsaitin özü də çox müsbət bir yanaşmadır. Ola bilsin ki, gələcəkdə həmin vəsaitin miqdarı artırılsın. Lakin vacib amil odur ki, maliyyələşmə qanunvericilikdə təsbit olunub”.

Ölkə başçısının 2018-ci ildə yenidən Prezident seçilməsindən sonra cəmiyyətimizdə siyasi partiyaların yerinin və rolunun daha da artırılması, yeni konfiqurasiyanın yaranması və inkişafı üçün çox ciddi addımlar atdığını deyən millət vəkili Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasını mühüm amil sayıb: “Bu şöbəyə idarəçilik sistemində və cəmiyyətimizdə kifayət qədər nüfuzu və təcrübəsi olan Ədalət Vəliyev müdir təyin olundu ki, bundan sonra artıq bütün partiyalarla daha sıx əməkdaşlıq prosesinə start verildi. Həm parlamentdə təmsil olunan partiyalar, həm də bura düşə bilməyən partiyalarla mütəmadi olaraq görüşlər keçirilir. Bir neçə partiya uzun illərdən bəri qeydiyyata alınmasını gözləyirdi. Onların qeydiyyata alınmamasına baxmayaraq, proseslərdə fəal iştiraklarını ortaya qoymuşdular. Bu siyasi təşkilatlar artıq qeydiyyata alındılar. Yəni, iqtidarla siyasi partiyaların təmasları artıq intensiv xarakter daşımağa başlayıb, bu və ya digər məsələ ətrafında Ədalət Vəliyevin ayrı-ayrı partiya sədrləri ilə görüşlər keçirməsi son dərəcə mühüm və əhəmiyyətli amildir”.

Fəzail Ağamalı onu da vurğulayıb ki, cəmiyyətimiz Milli Məclisə keçirilən son seçkilərdən sonra burada təmsil olunan və azlıqda qalan müxalifət partiyalarının rəhbərlikdə təmsil olunması kimi bir üstün yanaşmanın şahidi oldu: “Ümidvaram ki, bu proseslər gələcəkdə də davam edəcək. Məncə, partiyaların siyasi sistemdə olan yerini gücləndirmək, onların daha fəal şəkildə dövlətçiliyimizə töhfələr verməsini təmin etmək, öz gücünü və imkanlarını sınayıb siyasi proseslərdə aktiv iştirakı üçün parlament seçkilərində qarışıq sistemin tətbiq olunması önəmli olardı. Həm mojaritar, həm də proporsional seçki sistemi tətbiq olunsa, bu, bir tərəfdən partiyaların siyasi proseslərdəki yerini, rolunu artırar, digər tərəfdən isə onların gücünü, real imkanlarını ortaya qoyar. Beləliklə, həm təbii şəkildə partiyaların gücünün nümayişi olardı və ola bilsin ki, bu proses ayrı-ayrı partiyaların birinin digəri ilə birləşməsi, yəni onların konseldasiya prosesi reallaşsın”.

Millət vəkili təklif edib ki, əgər gələcəkdə Konstitusiya dəyişikliyi zərurəti olarsa, həmin dəyişikliklərdə parlamentdəki seçkilərdə qarışıq sistemin tətbiqi ilə bağlı dəyişikliklərə gedilsin: “Bu gələcəyin işidir, hələlik isə bu yanaşma arzu olunsa da, özünün aktuallığını önə çəkmir. İndiki halda partiyalarla iqtidar arasında görüş və münasibətlərin intensivləşməsi çox önəmlidir. Müxalifət hakimiyyətdən kənarda olsa da, Azərbaycan dövlətçiliyinə öz töhfəsini verməlidir. Onlar demokratik proseslərin inkişafında əhəmiyyətli rol oynamalıdırlar. Müxalifətdə olmaq o demək deyil ki, sən bəzi məsuliyyətlərdən kənarsan, siyasi proseslərdə ancaq inkarçılıq mövqeyində durmalısan. Bu cür yanaşmalar əslində partiyaların mövqeyinin güclənməsinə, sosial bazasının artmasına kömək etmir. Əksinə, qərəzçilik və inkarçılıq mövqeyi onlara zərbə vurur və bu siyasi xətdən imtina etmək lazımdır.

Ümumiyyətlə, partiyalar sağlam tənqidlə, iqtidarın yol vermiş olduğu səhvləri obyektiv şəkildə ortaya qoymaqla, eyni zamanda cəmiyyətimizdə ictimai nəzarət işində fəal iştirak etməklə xalqımıza və dövlətimizə öz töhfəsini verməlidirlər. Bu proses artıq başlayıb. Ümidvaram ki, yaxın gələcəkdə iqtidar və siyasi partiyalar münasibətləri oturuşmuş bir platforma olacaq. İqtidarla müxalifətdə olan partiyalar ümummilli, dövlətçilik məsələlərində vahid məqsəd uğrunda birgə mübarizəni ortaya qoyacaqlar ki, bu da dövlətçiliyimiz üçün son dərəcə önəmlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Fəzail-Ağamalı  





Xəbər lenti