“Şagirdlərin sağlamlığı ali, bilik isə zəruri dəyərdir” - Professor

“Şagirdlərin sağlamlığı ali, bilik isə zəruri dəyərdir” -  Professor
  08 Sentyabr 2020    Oxunub:4128
"Pandemiya dövrünə uyğun olaraq ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib. Bu qərarın verilməsində əsas səbəb bizim üçün şagirdlərin sağlamlığının daha vacib olmasıdır, nəinki onların bilikli olub-olmaması".
Bunu Azvision.az -a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, şagirdlərin sağlamlığı ali, bilik isə zəruri dəyərdir.

"Mövcud qərarla şagirdlərin sağlamlığı önə çəkilib və məcburi qərarlar qəbul edilib ki, həftədə 2-3 gün məktəbə getsinlər. Verilən qərarlar, siniflərin yarım qruplara bölünməsi şagirdlərin məktəbdə təmaslarının minimuma endirilməsi üçün vacibdir. Bunu alqışlamaq, düz başa düşmək lazımdır".

Təhsil eksperti qeyd edib ki, məktəb belə zamanda şagirdlə müəllimin görüş yerinə çevrilir: "Məktəb bu zaman həftədə 2 gün və hər gün 4 saat görüşməklə həftəlik proqramı şagirdlərə öyrədə bilməlidir".

Xatırladaq ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Ekspert  





Xəbər lenti