Oğlan və qızların ən çox üstünlük verdiyi ixtisaslar - Səbəb nədir?

Oğlan və qızların ən çox üstünlük verdiyi ixtisaslar -  Səbəb nədir?
  09 Sentyabr 2020    Oxunub:10401
Oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir. Əvvəlki illərdə olduğu kimi, ötən il də hər iki bölmənin ortastatistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan bölməsində oğlanların 76.20%, rus bölməsində isə 80.81%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir.

Bununla belə, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrup üzrə DİM-in müəyyənləşdirdiyi minimal tələbləri ödəyərək müsabiqədə iştirak edən abituriyentlərin sayı bir-birinə yaxındır və hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır.

Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri əsasən bir və ya iki fənn üzrə yaxşı hazırlaşır, digər fənlərə isə səthi yanaşırlar. Digər səbəb isə bu qrupun 3 imtahan fənnindən 3-nün də çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır.

Ortastatistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər, həmişə olduğu kimi, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin II qrupa daxil olan ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın, əsasən, şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən respublikanın regionlarını təmsil edən qızların riyaziyyat fənni üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir.

IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 1.53-2.34 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 3.07 dəfə yüksək olub.

Ötən ildəkindən fərqli olaraq bu dəfə də V ixtisas qrupuna həm oğlan, həm də qız abituriyentlərin maraqları zəifləyib. Bu daha çox ərizə qəbulu mərhələsi ilə əlaqədardır. Ötən iki ildə abituriyentlər qeydiyyatdan keçmədən V qrupu öz ərizələrində qeyd etmək imkanı əldə ediblər, cari ildə isə V qrupu öz ərizələrində yalnız qabiliyyət imtahanı üçün qeydiyyatdan keçən abituriyentlər seçə biliblər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Abituriyent  





Xəbər lenti