“Türkiyə ilə media platformasının yaradılması tarixi fürsətdir”

   “Türkiyə ilə media platformasının yaradılması tarixi fürsətdir”
  10 Sentyabr 2020    Oxunub:3268
Bu yaxınlarda Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkədə məhsuldar görüşlər keçirib.
Səfərini əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdən ibarət olub.

Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılmasının əhəmiyyəti barədə Azvision.az -a danışan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, əslində belə platformanın yaradılması ideyası əvvəllər də olub. Sadəcə olaraq buna yalnız təşəbbüslər göstərilmişdi və ideya reallaşdırılmamışdı: “Müəyyən konfranslar çərçivəsində bu kimi fikirlər səslənmişdi. Hətta Azərbaycanda və Türkiyədə ilkin olaraq bu yöndə bir neçə konfrans da keçirildi. Ancaq təəssüf ki, ideyanı işlək mexanizmə çevirmək mümkün olmadı. Bunun hansı səbəbdən baş verməsini demək bir qədər çətindir. Bu gün yenidən birgə platformanın yaradılması kimi məsələlərə qayıdılması və Prezidentin köməkçisi Hikmət Hacıyevin Türkiyəyə səfəri zamanı dövlətlərarası səviyyədə belə bir anlaşmanın əldə olunması müsbət haldır. Bu, tarixi fürsətdir və hazırda ideyanı gerçəkləşdirmək imkanları var”.



Azərbaycanla Türkiyənin iki qardaş ölkə olduğunu deyən Akif Aşırlı qeyd edib ki, eyni soy-kök, dilə məxsus olmaqla yanaşı eyni coğrafiyanı və tarixi paylaşan, bir-birinə çox bənzər olan nadir dövlətlər var: “O baxımdan hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında müxtəlif dövlət qurumları səviyyəsində olan əməkdaşlığın formatları mediaya da tətbiq olunmalıdır. Məsələn, ordu quruculuğu, hüquq-mühafizə, diaspora və s. sahələrdə geniş əlaqələr var ki, bu qurulan bağlantılarla dünyada vahid mövqedən çıxış imkanları qazanırıq. Media platformasının yaradılması hər iki dövlətin maraqlarının qorunması və dünyaya təqdim olunması baxımından müsbət örnəklər ola bilər. Bizim eyni problemlərimiz var ki, onların da kökündə ermənilərin və erməni diasporunun, eyni zamanda Azərbaycanı və Türkiyəni istəməyən beynəlxalq güclərin ideoloji savaşı dayanır. Bu savaşın öyrənilməsi üçün belə platformanın yaradılmasına və bunun işlək mexanizm halına gətirilməsinə çox ciddi ehtiyac var. Bunun üçün vahid televiziya, vahid agentliyin yaradılması da çox doğru olardı.

Hesab edirəm ki, gələcəkdə müxtəlif platformalarda birləşən, birgə çıxış edən Azərbaycanla Türkiyə dövləti və cəmiyyəti müsbət işlər görə bilər. İndiki halda isə media ilə bağlı ideyanın reallaşdırılmasını alqışlayıram və bu, Azərbaycan mediasına əlavə geniş imkanlar yaradılması üçün bir stimul rolunu oynaya bilər. Türkiyə-Azərbaycan media əlaqələri əvvəldən də var idi və tarixən də olub. Son dönəmlərdə əlaqələrin sıxlaşmasına olan ehtiyac xeyli artdı. Jurnalistlərimiz informasiya texnologiyalarının, xəbərin saniyədə ölçülmə və digər texnoloji proseslərin daha peşəkarcasına, daha uyğun formatda çatdırılmasında Türkiyənin örnək təcrübələrini istifadə edə bilərlər. Sadəcə olaraq bunu işlək mexanizmlər çərçivəsinə gətirmək lazımdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkiyə   Media  





Xəbər lenti