Bu il şəhid ailələrinə rekord sayda ev veriləcək

 Bu il şəhid ailələrinə rekord sayda ev veriləcək
  10 Sentyabr 2020    Oxunub:3807
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa rayonunda inşa etdirilmiş 16 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, tədbirdə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsaslarından biri də həssas əhali qruplarına xüsusi qayğının ilbəil artırılmasıdır. Sosial müdafiə proqramlarından biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatıdır və həmin proqram ildən-ilə genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən bu il şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev veriləcək. Bu gün Ağstafa rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil və 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8172 mənzil və fərdi ev təqdim edilib. Həmçinin nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər indiyədək 6900 minik avtomobili ilə təmin olunub.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az


Teqlər: Şəhid   Əlil  





Xəbər lenti