Nazirlik imkansız ailənin köməyinə çatdı

Nazirlik imkansız ailənin köməyinə çatdı
  11 Sentyabr 2020    Oxunub:2119
Sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan Rzayeva Günel Rəfael qızının ailəsinin çətin maddi durumu ilə bağlı yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları həmin ailə ilə görüşüblər.
Azvision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib. Onun sözlərinə görə, fondun əməkdaşları ailənin maddi durumu ilə yaxından tanış olandan sonra həmin ünvana Ərazi Məşğulluq Mərkəzinin nümayəndələri də dəvət olunub. Belə ki, Ərazi Məşğulluq Mərkəzi tərəfindən vətəndaş G.Rzayeva qeydiyyata alınıb. Belə ki, mövcud qanunvericiliyə görə 5 iş günü müddətində həmin vətəndaşa işsiz statusu veriləcək və ictimai işə cəlb olunacaq:



"Hazırda Günel Rzayeva ailə başçısını itirməyə görə üç övladının hər biri üçün 80 manat olmaqla, ayda 240 manat məbləğində müavinat alır. Son iki ildə onlara aylıq 228,32 AZN ünvanlı sosial yardım da verilib. Yardımın müddəti bitdikdən sonra yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, övladlarından birinin şəxsiyyət vəsiqəsinin etibarsız olması, G.Rzayevanın əmək müqaviləsinin qüvvədə olmaması, ailə başçısını itirməyə görə övladlarına təyin edilən müavinət alması barədə məlumatın qeyd edilməməsi müəyyən olunduğu üçün imtina edilmişdir.

G.Rzayevanın məşğulluğu təmin edildikdən və ünvanlı sosial yardım almaq üçün daxil etdiyi məlumatlardakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən elektron sistem üzərindən müraciət edildiyi təqdirdə ailəyə ünvanlı sosial yardımın verilməsi məsələsinə baxılacaqdır" deyə, o bildirib.

Azvision.az


Teqlər: ƏƏSMN   Məşğulluq  





Xəbər lenti