Metro fəaliyyətini bərpa etməyə tam hazırdır

   Metro fəaliyyətini bərpa etməyə tam hazırdır
  11 Sentyabr 2020    Oxunub:4488
“Bakı Metropoliteninin heyəti sərnişinlərə xidmət üçün tam hazırdır. İyulun 4-də Metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırılsa da, metronun optimal hazırlığı gündəlik olaraq həyata keçirilib.Sərnişin daşınmasından asılı olmayaraq həyata keçirilən texnoloji proseslər texniki normativlərin tələbidir”.
Bunu Azvision.az -a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, ötən müddət ərzində Metropolitenin ilk növbədə bütün infrastrukturunun işlək, saz vəziyyətdə olması təmin edilib və müntəzəm olaraq işçi heyətin hazırlığı diqqət mərkəzində saxlanılıb:

“Bununla əlaqədar olaraq bütün müvafiq tədbirlər normativlərə uyğun olaraq, pandemiya ilə əlaqədar yaranmış vəziyyətin tələblərinə əməl etməklə həyata keçirilib. Metropoliten Nazirlər Kabinetinin pandemiya dövründə qəbul etdiyi bir sıra qərarlar var ki, onlara mütləq şəkildə əməl etmək şərti ilə ötən müddət ərzində də fəaliyyətini davam etdirib və sərnişinlərə hər zaman xidmət göstərməyə hazır vəziyyətdə olmaq üçün prosedur qaydalarına əməl olunub”.

Bəxtiyar Məmmədov pandemiya dövründə infrastrukturun yenilənməsi və ya qatarların alınması ilə bağlı axsamaların olub-olmaması məsələsinə də aydınlıq gətirib: “Ötən müddət ərzində sadəcə olaraq bizim iş prinsiplərimiz Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun təmin olunub. Digər istiqamətlərdə işlərimiz ona qədərki dövrə uyğun olaraq həyata keçirilib. Məsələn, qatarların alınması ilə bağlı müqaviləmiz 2019-cu ilin oktyabr ayında imzalanmışdı. Həmin müqavilə uzunmüddətli - 3 illik işlərin görülməsini nəzərdə tutur. May ayında Bakıya qatarlar gətirildi, artıq iyun ayında iki qatar istismara verildi. Yəni bu istiqamətdə görülən işlərimiz davam edir. Təbii ki, müəyyən işlərimiz var ki, pandemiya ilə bağlı yaranmış vəziyyətdən asılı olaraq davam etdirilir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti