“Hərbçilər əmri pozduqlarına görə ordudan uzaqlaşdırılıb”

   “Hərbçilər əmri pozduqlarına görə ordudan uzaqlaşdırılıb”
  12 Sentyabr 2020    Oxunub:3860
“Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupunun komandirinin əsir götürülməsi faktının yenidən və belə aspektdə gündəmə gətirilməsi düşmənin maraqlarına xidmət etməkdir”
Bunu Azvision.az -a açıqlamasında ehtiyatda olan zabit Yunis Eldaroğlu bildirib.

Onun sözlərinə görə, xüsusi tapşırıq yerinə yetirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülən Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupunun komandirinin məsələsinin yenidən bu aspektdə, yəni xidməti məsələlərin və hərbi, eləcə də dövlət sirri təşkil edəcək məsələlərin sosial şəbəkələrdə müzakirə edilməklə gündəmə gətirilməsi düşmənin maraqlarına xidmət etməkdir. Buna başqa cür yanaşmaq, müxtəlif don geyindirmək düzgün deyil.

"Döyüş bölgəsində, qoşunların təmas xəttində xidmət edən hərbi qulluqçunun əmrin tələblərini pozması istər nizamnamələrdə, istərsə də hüquqi müstəvidə yol verilməzdir. Əmrin tələblərini pozduqlarına görə təqsirkar hərbi qulluqçuların xidmətdən ehtiyata buraxılmasına gəlincə, hesab edirəm ki, bu qərar düzgündür və hərbi xidmətin tələblərinə tam uyğundur. Dünən Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, “faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”. Düşünürəm ki, əgər hüquqi müstəvidə qiymət verilərkən həmin şəxslərin əməllərində cinayət tərkibi olduğu üzə çıxarsa, onların qanun qarşısında cavab vermələri qaçılmazdır. Belə ki, Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozan bəzi hərbi qulluqçular mütləq mənada cəzalanmalıdır ki, bu barədə komandanlıq tərəfindən düzgün addım atılıb".

Yunis Eldaroğlu vurğulayıb ki, hərbi xidmətdə hər bir əmr qeyd-şərtsiz və sözsüz icra edilir: "Bu dediklərim Hərbi Andda öz əksini tapmışdır: - “Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam”. Bu Andı qəbul edən hər bir hərbi qulluqçu andını pozduğu halda ölkəmizin qanunlarına müvafiq olaraq tam ciddiyəti ilə məsuliyyət daşıyacağına hazır olduğunu bəyan edir. Bu məlumatla bağlı diqqət yetirilməli bir məqam da odur ki, həmin hərbi qulluqçular “sosial şəbəkələrdə iddia edildiyi kimi erməni diversantını tutmayıblar”. Onlar sadəcə əmrin tələblərini kobud şəkildə pozaraq, ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumarına göndəriblər və nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Bununla da onlar həmin istiqamətdə yerləşən bölmələrimizin əməliyyat imkanlarına ciddi xələl gətiriblər. Əminəm ki, həmin hərbçilərin məsuliyyətsizliyi səbəbindən erməni diversantla bağlı planlaşdırılan bəzi tədbirləri komandanlıq ləğv etmək məcburiyyətində qalıb. Hesab edirəm ki, əgər cəzalandırılan hərbçilər bu addımı ataraq, görüntülərin yayılmasına şərait yaratmasaydılar, Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupu ilə bağlı bir çox səmərəli addımlar atmaq, daha çox bilgilər əldə etmək mümkün ola bilərdi. Kim zəmanət verə bilər ki, onlar bu yolla başqa xidməti və məxfi məlumatların yayılmasına şərait yaratmayıblar. Hər bir hərbi qulluqçunun yadındadır ki, hətta xidməti və digər telefon aparatlarının üzərində “Diqqətli ol düşmən qulaq asır” sözləri yazılıb. Bu dünyanın bütün ordularında belədir. Hərbçilər arasında geniş yayılan bir zərb məsəli də var ki, “Boşboğaz casus üçün tapıntıdır”. Bir daha demək istəyirəm onlar əsiri tutduqlarına görə yox, müvafiq əmri kobudcasına pozduqlarına görə ordudan uzaqlaşdırılıblar".

Azvision.az


Teqlər: Zabir   Ordu  





Xəbər lenti