Qarabağ münaqişəsi İspaniya mətbuatında

Qarabağ münaqişəsi İspaniya mətbuatında
  12 Sentyabr 2020    Oxunub:4118
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyevin Ermənistan-Azərbaycan münaqişəsinə dair məqaləsi İspaniya mətbuatında dərc edilib.
Azvision.az xəbər verir ki, yazıda Ermənistan rəhbərliyinin həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycana qarşı törədilmiş hücumlar və digər mühüm məqamlar barədə ispan oxuculara geniş məlumat verilib.

Bildirilib ki, 1990-cı illərin əvvəllərində Ermənistan hərbi güc tətbiq edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal edib.

Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı dogma yurdlarından qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bu işğal faktı pislənilib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Müəllif qeyd edib ki, Ermənistan sözügedən qətnamələrə tamamilə etinasız yanaşır və faktiki olaraq cəzasız qalıb. Azərbaycan ərazilərin işğalını ört-basdır etmək üçün Ermənistan Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının “öz müqəddəratını təyinetmə” prinsipini əsas tutduğunu iddia edir və bu siyasi oyununa don geyindirmək üçün işğal altındakı ərazilərində qondarma rejim təşkil edib.

Son illərdə Ermənistan işğalın nəticələrini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini daha da intensivləşdirib. Ermənistan 1949-cu il Cenevrə konvensiyaları daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişdirmək üçün orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.

Ermənistan Suriyadan və Livandan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir, azərbaycanlılara məxsus mədəni və tarixi abidələri məqsədli şəkildə məhv edir, təbii sərvətləri talayır və işğal etdikləri torpaqların su ehtiyatlarından çayların aşağı axarlarında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edir. Beynəlxalq ictimaiyyətin etinasız və qeyri-adekvat münasibətindən ruhlanan Ermənistan bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı təxribatlara əl atıb.

Ən genişmiqyaslı hərbi təxribat cəhdləri 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında törədilib. Ermənistan tərəfindən təxribat xarakterli bəyanatlar, Ermənistan siyasətçilərinin məsuliyyətsiz davranışları və işğal olunmuş ərazilərdə, həmçinin dövlət sərhədində hücum silahlarının yerləşdirilməsi açıq şəkildə sübut edir ki, Azərbaycana qarşı növbəti hərbi hücum planı üzərində ciddi hazırlıqlar gedir.

Məqalədə bildirilib ki, Ermənistanın Müdafiə naziri Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyir. Ermənistan naş nazirinin xanımı Anna Akopyan is, bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınları üçün hərbi təlim şousu təşkil edib. Ermənistanın “sülhsevər” baş nazirinin hərbi forma geyinmiş “sülhsevər” arvadının başqa bir ölkənin ərazisində nə işi var?

Müəllif, həmçini diqqətə çatdırıb ki, Ermənistan mövcud danışıqların formatını dəyişdirməyə çalışır və işğal faktını ört-basdır etmək, törədilən cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin "tərəfi" kimi təqdim edir. Sözügedən cəhdlər ATƏT-in müvafiq sənədlərində təsbit edilmiş danışıqlar formatına tamamilə ziddir.

“Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına dialoq təklif etmişik. Ancaq təəssüf ki, təkliflərimiz həmişə rədd edilib. Bu, Ermənistanın danışıqlarda və sülhdə maraqlı olmadığını əyani sübut edir. Ermənistanın məqsədi danışıqlar prosesini dayandırmaq və işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməkdir.

Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı və bir milyondan artıq məcburi köçkünün öz evlərinə qayıdışı təmin edilməlidir. Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazırıq”, - deyə Tural Gəncəliyev bildirib.

Azvision.az


Teqlər: Qarabağ   İspaniya  





Xəbər lenti