“Ana dilindən imtina edən milli kimliyindən də imtina edir” - Deputat

   “Ana dilindən imtina edən milli kimliyindən də imtina edir” -    Deputat
  12 Sentyabr 2020    Oxunub:5635
“Dil tarixən də, bu gün də milli kimliyi təyin edən vasitədir. Ona görə də ana dilindən imtina edən əslində gec-tez milli kimliyindən də imtina etmiş olur”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Dilimizi qorumağımızın milli kimliyimizi qorumaq olduğunu deyən deputat bu gün ana dilinin önəmi haqqında daha çox təbliğata ehtiyac yarandığını bildirib:

“Dil əslində ünsiyyət hadisəsindən çox təfəkkür hadisəsidir. Çünki ünsiyyət bəzən dilsiz də baş tutur. Mənşəcə eyni kökdən gələn dil ondan əvvəlki mərhələdə mövcud olan intiutiv duyumla baş tutan ünsiyyətin, yəni dilsiz ünsiyyətin bir sonrakı mərhələsi kimi meydana çıxıb və boğazın anatomik quruluşunda inqilab yaradacaq qədər təkamül edib. Bu isə əslində elə insanlığın təkamülü hadisəsidir. İnsanların nəyə görə duyum və göz vasitəsilə ünsiyyətdən imtina etmələrinin səbəbi onların bir- birilərindən düşündüklərini gizlətmək məqsədilə edilib. İnsanlar gözlərini bir-birindən yayındıraraq qırıq səslər çıxartmaqla ünsiyyət qurmağa üstünlük veriblər. Beləliklə, səslər və sözlər yaranıb. İlkin mərhələdə boğazın anatomik quruluşu müsaid olmadığı üçün yalnız təkhecalı sözləri tələffüz edə bilmişik. Ona görə də bu sözlər ən qədim sözlər sayılır və həm də ən vacib sözlər. Məsələn, ov, ev, ox, at, ət və s. Sonrakı mərhələdə daha mürəkkəb və çoxhecalı sözləri düşünə bilmişik və idrak hadisəsi baş verib. Səsin hərfə çevrilməsi, yəni yazı isə lap sonrakı hadisədir. Bəzən indi də deyirik ki, “fikirlərini gözlərindən oxudum”, ya da “ürəyini oxudum”. Bu, qədim keçmişdəki ünsiyyət formamızın acizanə xatırlanması kim bilir, bəlkə də təəssüf və peşmançılıqla dil tariximizə qısa ekskursiyamızdır. Ancaq məsələ həm də ondadır ki, dil daha sonrakı tarixi təkamül prosesində millətləri yaratdı. Yəni dil tarixən də, bu gün də milli kimliyi təyin edən vasitədir! Ona görə də ana dilindən imtina edən əslində gec-tez milli kimliyindən də imtina etmiş olur”.

Ünsiyyət vasitəsi olan dilin yaranma tarixindən söz açan Hikmət Babaoğlu sonrakı mərhələdə dilin mədəni imperializmin silahına çevrildiyini bildirib. Onun sözlərinə görə, dil bir panidealist xalqın digər xalq üzərində dominantlığını təmin edən vasitə olub: “Başqa cürə desək, o bir xalqın digərini özünün köləsinə çevirməsini təmin etdi. Sosiologiya izah edir ki, fərd hansı dilin daşıyıcısıdırsa, elə o millətə də mənsubdur. Yəni sosial varlıq olan insan hansı dildə düşünürsə, o dildə yaradılan mədəniyyətin varisidir. Ona görə də dilimizi qorumaq milli kimliyimizi qorumaqdır, varlığımızı qorumaqdır. Əlbəttə, başqa dilləri öyrənmək və mükəmməl qavramaq lazımdır. Hətta mümkün qədər daha çox dil öyrənmək lazımdır. Tutaq ki, rus dilini öyrənmək yaxşıdır. Ancaq o dərəcədə yox ki, sənə rusdilli desinlər. İngilis dilini də öyrənmək lazımdır. Amma elə etmək lazımdır ki, bu dili mükəmməl bilmək sənə ingilisdilli deməyə əsas yaratmasın. Sadəcə desinlər ki, filankəs rus, yaxud ingilis dilini yaxşı bilir. Vəssalam! Qaldı ki, dili bilməklə milli maraqları qorumaq arasındakı mütənasibliyə, bunlar heç də həmişə düz mütənasib olmur”.

Deputat daha sonra misal çəkərək qeyd edib ki, biz azərbaycanlılar rus dilini nə qədər mükəmməl bilsək də, Rusiyada ermənilər kimi öz ölkəmizin maraqlarını müdafiə edə bilməyəcəyik. O, bunun səbəblərini də izah edib: “Birincisi, ona görə ki, həmin dildə milli maraqları qorumaq üçün öz xalqın haqqında lazım olan geniş bilgiyə sahib olmalısan ki, bu da dediyimiz kimi daha çox milli təfəkkür hadisəsidir. Siz isə daşıyıcı olduğunuz dilin varisi olduğunuza görə bunu edə bilməyəcəksiniz. İkincisi isə, ona görə ki, sadəcə bunu etməyə sizə icazə verməyəcəklər. Çünki imperializmin sizə və ermənilərə münasibəti tamamilə fərqlidir. Hamı kimin dost, kimin düşmən olduğunu özü üçün lap çoxdan müəyyənləşdirib. Elə ən son erməni təxribatı dediyimiz Tovuz hadisəsindən sonra ən yeni siyasi tariximizin reallıqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni situasiya bir daha aydın göstərdi ki, regionda kim kimin dostu, kim kimin düşmənidir. Düşmənlərə qarşı yeganə silahımız isə milli gücümüz, milli birliyimiz, bir millət iki dövlətimizdir. Dil məsələsi isə bu kontekstə qiymətləndirilməli olan strateji yumşaq gücdür. Ona görə də, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Hikmət-Babaoğlu  





Xəbər lenti