Təcili yardıma gündəlik 2500-ə yaxın müraciət olur

Təcili yardıma gündəlik 2500-ə yaxın müraciət olur
  12 Sentyabr 2020    Oxunub:3979
Koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üzrə dövlətin həyata keçirdiyi tədbirlər çərçivəsində tibb müəssisələrinin üzərinə böyük yük düşür. Səhiyyə Nazirinin əmri ilə mövcud iş rejimi pandemiya dövrünə uyğunlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 12 sentyabr Ümumdünya İlk Tibbi Yardım Günü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. O, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyətinin çalışdığını bildirib.

Bundan sonra baş həkim daha bir vacib faktla bölüşüb. Onun söylədiklərinə görə, COVID-19 virusunun yayılmağa başladığı ilk günlərdən etibarən təkcə Bakı şəhəri üzrə deyil, həm də ətraf ərazilərdə yaşayanlar ilk olaraq 103 Çağrı Mərkəzinə müraciət edib.

Rauf Naqıyev deyib: “Biz Sumqayıt şəhəri və Xırdalan, Masazır, Saray, Ceyranbatan qəsəbələrində yaşayanlara da xidmət göstərdik. Martın əvvəllərində Bakı ilə yanaşı, adını çəkdiyim yerlərdə də yoluxmuş vətəndaşlardan laborator müayinə materiallarının götürülməsi, laborator-çeşidləmə məntəqəsində barkodlaşdırma, xəstələrin hospitalizasiyası işi də bizə tapşırılıb”.

103 Çağrı Mərkəzindən söhbət açan TTTYS-nin baş həkimi bu xidmətin 170 nəfərdən ibarət olan dispetçer heyətinin həftənin 7 günü, 24 saat əhalinin xidmətində olduğunu və pandemiya dövründə hər gün qəbul etdiyi 2500-ə yaxın müraciəti icra etdiyini vurğulayıb.

R.Nağığyev bu müraciətlərin əksəriyyəti həyat üçün təhlükə yaradan hallar - miokard infarktı, insult, doğuş, travmalar, zəhərlənmə, yanıq, cərrahi xəstəliklər, nevroloji, ginekoloji, psixiatrik problemlərlə əlaqədar olduğunu bildirib.

Bundan əlavə, müsahibə zamanı TTTYS-in vəzifə funksiyalarına aid olmayan, lakin icrası bu xidmətə həvalə edilən digər tapşırıqların da uğurla həyata keçirilməsindən də söhbət aparılıb. Baş həkimin sözlərinə görə, koronavirusun yayılma sürətini azaltması prosesində əsas məsuliyyət TTTYS-nin üzərinə düşüb: "Təcili Tibbi Yardım briqadaları tərəfindən götürülmüş laborator müayinə materiallarının çeşidlənərək, siyahısının tərtib edilməsi, barkodlaşdırmadan sonra sistemə daxil edilməsi və mərkəzləşmiş laboratoriyaya çatdırılması, digər müəssisələr tərəfindən götürülmüş müayinə materiallarının ünvanlardan toplanması və s. Xüsusiləşmiş təcili yardım briqadaları tərəfindən hərarəti yüksək olan şəxslərdən gündəlik 1000 ədəddən çox laborator müayinə üçün yaxma nümunəsi götürülüb. Həmçinin, müəssisə və idarələrin işçilərindən kütləvi şəkildə laborator müayinə materiallarının götürülməsi, yoluxmuş şəxslə təmasda olanların ailə üzvləri, iş yoldaşları və yaxınlarından müayinə materialının götürülməsi, onlar barədə rayon icra hakimiyyətlərinə, polis idarələrinə, GEM-lərə, poliklinikalara məlumatların verilməsi icra olunub. Vəfat etmiş xəstələrdən laborator müayinə materiallarının götürülməsi, onların morqlara və respublikanın rayonlarına daşınması, laborator müayinənin nəticəsi müsbət çıxan xəstələrin ünvanlarının dəqiqləşdirilməsi, onların hospitalizasiyasını həyata keçirilib. Eyni zamanda, təcili yardım briqadaları xarici ölkələrdə təhsil alan tələbələr və iş adamları ölkəyə qayıdarkən, onları müvafiq karantin bölgələrinə aparıb, onları müşayiət edib və xəstəxanalara yerləşdirilməsi işi ilə məşğul olub".

Daha sonra baş həkim Rauf Nağıyev rəhbərlik etdiyi tibb müasissəsində tədbiq olunmuş hazırkı iş rejimi barədə məlumat verib. Onun dediyinə görə, TTTY briqadaları COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində xidməti vəzifə öhdəliklərini yerinə yetirməkdədir. Yoluxmuş şəxslər yalnız ehtiyac yarandığı halda (yüksək hərarət, yanaşı digər xəstəliklərin olması, tənəffüs çatışmazlığı) hospitalizasiya edilir. Xəstə ilə təmasda olan şəxslərdən, orta ağır və ağır xəstələrdən, ölüm baş verdiyi hallarda isə meyitdən laborator müayinə üçün yaxma nümunəsi götürülür. Laborator-çeşidləmə məntəqəsində barkodlaşdırmadan sonra müayinə materialı mərkəzləşmiş laboratoriyaya çatdırılır.

Müsahibəsini davam etdirən Rauf Nağıyev COVID-19 pandemiyası dövründə öz həmkarlarının əməksevərliyi, əzmkarlığı sayəsində bütün tapşırıqların öhdəsindən layiqincə gəlməsini qürur hissi ilə vurğulayıb. Onun sözlərinə görə, çətinliklərə baxmayaraq, tibb heyəti öz işini mütəşəkkil şəkildə qurub, verilən tapşırıqları icra edib. Dəfələrlə gərgin vəziyyətdə çalışıb, isti hava şəraitində çağırışa gedib, saatlarla havasız xüsusi geyim geyinib həkimlər və orta tibbi heyət üzərlərinə düşən vəzifələri yüksək səviyyədə icra edib, hazırda da buna davam etməkdədir. TTTYS-nin baş həkimi bütün bunlara görə qürur hissini və həmkarlarına öz dərin minnətdarlığını ifadə edib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev müsahibəsini bu sözlərlə bitirib: “Mən öz adımdan və bizim böyük kollektivin adından sükan arxasında olan vətəndaşlara müraciət etmək istəyirəm: yolda təcili tibbi yardım avtomobilinə rast gəlsəniz, ona yol verməyinizi çox xahiş edirəm. Unutmayın ki, bu maşınların içində məhz bu an kiminsə həyatı xilas oluna bilər. Gəlin, hamımız daha məsuliyyətli, daha həssas və daha mehriban olaq!”.

Azvision.az


Teqlər: Təciliyardım   Koronavirus  





Xəbər lenti