Naqif Həmzəyev: "Arxayınlaşmaq hələ tezdir"

   Naqif Həmzəyev:    "Arxayınlaşmaq hələ tezdir"
  12 Sentyabr 2020    Oxunub:3721
Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, müsbət dinamika ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib. Onun sözlərinə görə, pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması qürurvericidir.

"Bu, artıq danılmaz gerçəklikdir ki, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə də asan məsələ deyil. Amma müəyyən tədbirlərlə bunun qarşısını almaq mümkündür. Unutmayaq ki, çox sadə qaydalara əməl etməmək min bir bəhanə ilə qaydaları pozmaq cəhdi ətrafımızdakı insanları təhlükəyə, koronovirusun cənginə sürüyür. Artıq normal həyatımıza qayıtmışıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpası qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb. Bu gün isə hər bir vətəndaşın qarşısında duran əsas şərt isə əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır", - deyə N.Həmzəyev vurğulayıb.

Azvision.az


Teqlər: NaqifHəmzəyev  





Xəbər lenti