Yeni “erməni köçü”nün arxasında nələr dayanır?

  Yeni “erməni köçü”nün arxasında nələr dayanır?
  12 Sentyabr 2020    Oxunub:11229
Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir. Rəsmi İrəvan atəşkəs rejimindən istifadə edərək nəinki Dağlıq Qarabağdakı separatçı-terrorçu qurumu beynəlxalq aləmdə “müstəqil dövlət” kimi tanıtmağa çalışır, hətta Qarabağ torpaqlarında başqa ölkələrdən gətirilən erməniləri də məskunlaşdırır.


Son günlər isə xüsusilə Livandan olan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı yayılan məlumat və görüntülər ciddi narahatlıq doğurur. Bu məsələyə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirərək deyib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir:

"Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir”.

Hikmət Hacıyev Ermənistanın Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə etdiyini xüsusi olaraq vurğulayıb.



Məsələni Azvision.az -a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə erməni rəhbərlərin zaman-zaman işğal olunmuş Azərbaycan torpaqlarında demoqrafik vəziyyətin dəyişdirilməsinə hesablanmış bu kimi addımlar atdığını söyləyib.

Deputat qeyd edib ki, indiki halda bunun aktuallaşması və köçürmələrin nümayişkaranə şəkildə aparılması təsadüfdən yaranmayıb: “Burada iki faktor var. Birincisi, Ermənistan iqtidarının öz ölkəsində olan reytinqi hər ötən gün daha da aşağı səviyyəyə enir. Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparmaq, xaricdən erməni ailələri gətirərək bizim tarixi torpaqlarımıza köçürməklə öz ölkəsində və dünya ermənilərinin gözündə bir “güc” olduğunu göstərməyə çalışır. İkinci faktor isə budur ki, Şuşaya köçürülən ermənilərlə bağlı xüsusi vidoeçəkilişlər edib, bunu mətbuata, sosial şəbəkələrə ötürməklə Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, ölkəmizə siyasi təzyiq göstərməyə çalışırlar”.



Bu ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın törətdiyi təxribatları yada salan deputat ermənilərin döyüşlər bitəndən sonra da müəyyən provakativ addımlar atmaqda davam etdiklərini deyib. O, işğal olunmuş torpaqlarımıza gətirilərək məskunlaşdırılan ermənilərin buranın daimi sakini yox, aldadılmış müvəqqəti “qonaqları” olduğunu bildirib: “Bütün bu kimi addımlar təsadüfdən yaranmır və bunlar ciddi siyasi məqsədlər üçün edilir. Ancaq bir məsələ də var ki, həmin videogörüntülərdə yer alan və aldanaraq işğal olunmuş başqa bir dövlətin torpaqlarına köçürülən ermənilər bilməlidirlər ki, onlar burada heç vaxt rahat yaşaya bilməyəcəklər. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Bunu Ermənistan rəhbərliyi də gözəl anlayır, beynəlxalq ictimaiyyət də. Bu istiqamətdə bütün vasitələrdən istifadə edilir. Qeyri-qanuni şəkildə Şuşa və digər hələlik bizim nəzarətimizdən kənarda qalan tarixi torpaqlarımızda məskunlaşanlar bilməlidirlər ki, günlərin bir günü hərbi əməliyyatlar başlasa, ilk olaraq həmin ermənilər yenidən didərgin düşəcəklər. Yəni siyasi məqsədlər üçün istifadə edilən erməni ailələri yenidən köçkün kimi başqa ölkəyə baş vurub sığınacaq almaq məcburiyyətində qalacaqlar. Ona görə də, heç bir erməni ailəsi və ya işğal olunmuş ərazilərimizə köçürülən hansısa əcnəbi biri Ermənistanın bu provokasiyasına getməməlidir. Kimsə Ermənistanın təxribatçı siyasi gedişlərində iştirakçı olacaqsa, əlbəttə ki, sonradan çəkəcəyi çətinliklər, daha ağır günlərə görə özünü qınamalı olacaq”.

Millət vəkili ona da vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə qarşı lazımı addımlar atır:

“Azərbaycan həm Livan hökuməti ilə bu məsələ ətrafında daim əlaqədədir, həm də beynəlxalq təşkilatlara müharibə cinayətlərindən sayılan məlum qeyri-qanuni məskunlaşma siyasəti haqqında mütəmadi müraciətlər ünvanlanır. Dünya birliyinin informasiya məkanı Ermənistanın qeyri-qanuni hərəkətləri ilə bağlı doldurulur. Rəsmi İrəvan provakasiya addımının zərərini ilk növbədə özü üçün mütləq hiss edəcəkdir. Əlbəttə, onlar bu cür əməllərə alışıblar. Məgər Ermənistanın müharibə cinayətləri birdirmi, ikidirmi? Ümumiyyətlə, insanlar bu ölkədə orta əsrlər təfəkkürü ilə yaşayırlar. İqtidarları, hakimiyyətdə olan insanları dəyişsə də, mahiyyət dəyişmir. Ermənistan cəmiyyətinin baxışında mehriban qonşuluq siyasəti ilə yaşamağın vacibliyi oturuşmayıb. Çox təəssüf ki, bu cür cəmiyyətlə üz-üzə qalmışıq”.



Milli Məclisin deputatı Hikmət Babaoğlu da “erməni köçü”nün yaxın gələcəkdə elə onların özlərinə ciddi başağrısı yaradacağı düşüncəsindədir. O deyib ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən, təcavüzkar siyasəti ilə 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşərək bütün fundamental hüquqlarının pozulmasına səbəb olan Ermənistanın hələ də müharibə cinayətlərini davam etdirir:

“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması bunun bariz təzahürü və növbəti nümunəsidir. Ermənistanın Livanda baş verən faciədən öz çirkin məqsədləri və təcavüzkar niyyətləri üçün istifadə edərək, qeyri-qanuni məskunlaşdırma siyasəti aparması Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular olaraq istifadə etmək məqsədini güdür. Bu, eyni zamanda, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin növbəti təxribat və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Bu isə əslində işğalçı ölkə tərəfindən hərbi təxribatların diplomatik müstəvidə davam etdirilməsidir”.

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinin beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu deyən deputat bunu 1949-cu il Cenevrə Konvensiyalarına tələblərinin gözardı edilməsi kimi qiymətləndirib. O bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilir və 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalında da əsas hərbi cinayətlərdən biri hesab olunaraq məhkəmə qərarı ilə əmsal təşkil edir: “Ona görə də hər şeydən öncə Paşinyan və onun siyasi komandası dəqiq bilməlidir ki, bu cinayətlərə görə mütləq cavab verəcəklər. Digər tərəfdən isə, Livandan köçürülən ermənilər də bilməlidirlər ki, Şuşa onların Vətəni deyil. Bir gün mütləq oradan geri göndəriləcəklər. Onların içərisində olan terrorist və muzdlular isə Azərbaycan ordusunun qəhrəman əsgərləri tərəfindən məhv ediləcək. ATƏT-in Minsk qrupu da mütləq bu məsələyə münasibət bildirməli, işğalçı ölkəni bu cür addımlardan çəkindirmək üçün ona təzyiq etməli və vaxt itirmədən danışıqlar prosesini başlatmalıdır. Əks təqdirdə, əlavə gərginlik regionda hərbi –siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist baş nazirinin üzərinə düşəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Livan   Şuşa   Ermənistan   İşğal  





Xəbər lenti