Terrorçuların Qarabağa köçü: Ermənistan yeni təxribata hazırlaşır

 Terrorçuların Qarabağa köçü:  Ermənistan yeni təxribata hazırlaşır
  14 Sentyabr 2020    Oxunub:4057
Bu günlərdə sosial şəbəkələrdə Livandan olan erməni ailələrin Azərbaycanın işğal olunmuş tarixi torpaqlarında -Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb. Əvvəllər də Qarabağ ərazilərində etnik ermənilərin qeyri-qanuni məskunlaşdırılmasını həyata keçirmiş Ermənistan rəhbərləri bunu gizli formada etsələr də, indi aşkar şəkildə, videogörüntülərlə çirkin əməllərini yaymağa başlayıblar.
Qarabağda başqa ölkələrdən gətirilən ermənilərin məskunlaşdırılması yalnız münaqişənin danışıqlar masası arxasında həllinə zərbə deyil, bu, həm də Azərbaycanın nəzarətində olmayan torpaqların yeni terror yuvasına çevrilməsi deməkdir. Bununla bağlı artıq Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirib. O deyib ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi istifadə edir.



Politoloq, sabiq diplomat Fikrət Sadıqov məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, rəsmi İrəvanın nümayişkaranə şəkildə qanunsuz köçürmə siyasətini sərgiləməyə başlaması bir sıra məsələlərə bağlıdır. O, əvvəlki illərdə də ayrı-ayrı ölkələrin vətəndaşlarının nəzarətsiz zonalara, Dağlıq Qarabağa gətirilərək onlara hərbi təlimlər keçirilməsinə dair məlumatın yayılmasını xatırladıb:

“Ermənistan ilk dəfə deyil ki, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Bu ölkə uzun illər ərzində beynəlxalq hüquq normalarını nəinki inkar edib, hətta aşkar şəkildə tapdalayıb. Bütün bunlar sivil dünyanın gözü önündə baş verir. Təəssüflər olsun ki, həmişə dünya birliyi bu cür kobud qanun pozuntularına, işğalçı ölkə tərəfindən beynəlxalq hüququn tapdanmasına biganəlik nümayiş etdirir. Hazırda ermənilərin aktiv və nümayişkaranə şəkildə bu siyasəti davam etdirmələrini göstərməsinə səbəb həmin biganəlikdir.

Burada söhbət təkcə qeyri-qanuni məskunlaşma siyasətinin görməzdən gəlinməsindən getmir. Ümumiyyətlə Azərbaycanın torpağını işğal etmiş dövlətin daima başını sığallayıblar, bizi isə danışıqlardan başqa yolun olmadığını deyərək masa arxasında əyləşdirməyə çalışıblar. Burada müxtəlif şüarlardan istifadə ediblər, gah xalqları sülhə hazırlamaq istədiklərini deyiblər, gah da ortaya başqa cəfəng fikirlər qoyublar. Amma bizi sülhə çağıranlardan hələ bir ciddi bəyanat eşitməmişəm”.



Politoloq hesab edir ki, bu cür anormal, ikili standartlarla olan yanaşmalardan erməni tərəfi çox məharətlə istifadə edir: “Aktiv köçürmə siyasəti işğalın demək olar ki, ikinci dalğası sayıla bilər. Çünki hazırda Ermənistan ordusunun nəzarəti altında olan torpaqlarımıza hansısa bir dövlətin vətəndaşlarını gətirmək, münaqişəli ərazilərdə məskunlaşdırmaq, Azərbaycanın maraqlarına ciddi zərbə sayılır. Bu, həm də birmənalı olaraq dünya birliyinə qarşı sayğısızlıq kimi qiymətləndirilməlidir”.

Fikrət Sadıxov yenidən aktuallaşan qeyri-qanuni köçürmə siyasətinin mərkəzində demoqrafik amillərdən çox terrorçu qrupların yetişdirilib saxlanması məsələsinin dayanmasını istisna etməyib:

“Əminəm ki, bu köçürmə siyasəti ilə başqa hədəflərə nail olmağa çalışırlar. Hələlik bizim nəzarətimizdən kənarda qalan torpaqlarda məskunlaşdırılan ailələr arasında ekstremistlər, terrorçular, sırf muzdla döyüşməyə gələnlər də var. Burada onların yerləşdirilməsi və yetişdirilməsi üçün şərait yaradılıb. Yəni bu artıq şübhə doğuran məqam deyil, aşkar faktlardır ki, uzun illər işğal altında olan torpaqlarda terrorçular məskunlaşıblar və onlar üçün xüsusi bazalar qurulur. Təbii ki, bu cür qüvvələr yaxın gələcəkdə ölkəmizə qarşı təxribatlara hazırlanacaqlar. Qısası, köçürülənlərin böyük əksəri bizim torpaqlarda mülki şəxslər, dinc sakinlər falan adı altında yaşamayacaqlar”.



Politoloqun sözlərinə görə, erməni ordusunun xarabaya qoyduğu, dağıdılmış rayon və şəhərlərimizdə dinc əhalinin yaşaması üçün münbit şərait yoxdur. Son günlər videogörüntüləri yayılan yeni köçürmə siyasətindən sonra isə bir sıra suallar yaranıb:

“Belə şəraitə hansı normal ailə və ya insan köçməyi arzulayar axı? İnfrastrukturu dağılmış ərazilərə, heç bir normal müəssisəsi olmayan kənd və ya rayonlara hansı ağıl ilə köç edilir? Nə tibbi, nə təhsil, nə də başqa sosial obyektlərin olmadığı yerlərdə ailə şəkilində necə yaşayacaqlar? Deməli, Livan, Suriya və ya başqa yerlərdən gətirilən ailələrdən başqa məqsədlər üçün istifadə ediləcək və bu siyasətin arxasında daha ciddi məqamların dayanmasına olan şübhələr birə-beş artır. Əlbəttə ki, hazırda Azərbaycan hökumətini də daha çox narahat edən məhz bu amildir. Biz aktiv şəkildə qanunsuz məskunlaşdırma siyasətini bir sıra beynəlxalq təşkilatların müzakirəsinə çıxarmalıyıq, daim gündəmdə saxlamalıyıq. Bir sıra siyasi-ictimai dairələrin, beynəlxalq mətbuatın diqqətini bu olaylara cəlb etmək lazımdır. Fakt aşkarlandı, bunu yayıb qınamaqla kifayətlənməməliyik. Bu məsələdə sistemli şəkildə iş qurmalı, bundan sonra istənilən görüş və tədbirlərdə daha çox aktiv köçürmə siyasətinin zərərlərini və təhlükəsini qabartmalıyıq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan   Terror  





Xəbər lenti