Ermənilər Əlibəylini atəşə tutmaqda davam edir – FOTOLAR

  14 Sentyabr 2020    Oxunub : 7072
  Ermənilər Əlibəylini atəşə tutmaqda davam edir –    FOTOLAR
Ermənistan ordusu Tovuz istiqamətində yenə də gərginlik yaratmağa cəhd edir. Sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Düşmənin kəndlərimizi iriçaplı silahlardan atəşə tutması onun məkrli niyyətini göstərir. Əlibəyli kəndinin sakinləri artıq uzun illərdir atəş səslərinə öyrəşdiklərindən gündəlik işləri ilə məşğuldurlar. Sakinlər bildirirlər ki, ermənilər atəşkəsi pozsa da, güllə səsləri onları narahat etmir. Ordumuza güvənən sakinlər həyət-baca, əkin-biçin işləri ilə məşğuldurlar.



Əlibəyli kənd sakini Fərhad Tanrıverdiyev qeyd edib ki, düşmən axırıncı dəfə sentyabrın 13-də kəndi, dinc sakinlərin evlərini atəşə tutub: “Evlərimizi əsasən gecə atəşə tuturlar. Onların məqsədi kənd sakinlərini qorxutmaqdır. Amma bu istəklərinə nail ola bilməyəcəklər. Ordumuz, əsgərlərimiz onların cavabını layiqincə verirlər. Düşmənin məkrli niyyəti baş tutmayacaq. Biz öz ordumuza güvənirik. Kənddə həyat öz axarı ilə davam edir. Hamı indi payız mövsümü ilə əlaqədar mal-qarasının qış tədarükünü görür”.



Kəndə qonaq gələn Namiq Musayev də düşmənin açdığı atəş səslərini eşidib. O da digər sakinlər kimi, əsgərlərimizə güvəndiyini deyib. “Mən Əlibəyli kəndinə qonaq gəlmişəm. Biz heç nədən qorxmadan, çəkinmədən öz yurdumuzdayıq. Qoy düşmən qorxsun! Ordumuzla qürur duyuruq, fəxr edirik. Bu torpaqlar bizimdir. Erməni kimdir ki, ondan qorxaq?!” – deyə N.Musayev bildirib.



Qeyd edək ki, düşmənin son təxribatı zamanı hərbçi və mülki şəxslərdən ölən və ya xəsarət alan olmayıb. Hazırda cəbhəboyu ərazilərdə vəziyyət tam olaraq ordumuzun nəzarəti altındadır.







Azvision.az

Teqlər: Tovuz   Əlibəyli