DİN “Qalatasaray” azarkeşlərinə müraciət etdi

 DİN “Qalatasaray” azarkeşlərinə müraciət etdi
  15 Sentyabr 2020    Oxunub:4686
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Neftçi" Peşəkar Futbol Klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində 2020-ci il sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu ilə əlaqədar ictimaiyyətin diqqətinə çatdırır ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi" PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək", -deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: DİN   Futbol  





Xəbər lenti