Parlamentin komitə sədri hesabat verdi

Parlamentin komitə sədri hesabat verdi
  15 Sentyabr 2020    Oxunub:2753
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edib və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin, Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisə tövsiyə edilib.



Qeyd olunub ki, ötən dövründə komitədə ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr olunmuş geniş tərkibli parlament dinləmələri keçirilib. “Azərsu” ASC rəhbərliyinin və digər aidiyyatı qurumların nümayəndələrinin qatıldığı tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, “Su Məcəlləsi”nin yenidən işlənməsinin vacibliyi vurğulanıb.

Sadiq Qurbanov onu da qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Komitə üzvləri hesabatı məqbul hesab etdilər.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Qanunvericilik işləri planı təsdiq edildi.



Komitənin toplantısında cari məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirdilər, faydalı təkliflər səsləndirdilər.

Azvision.az


Teqlər: MM   Komitə   İclas  





Xəbər lenti