Erkən yumşalmaların gətirdiyi ikinci dalğa

Erkən yumşalmaların gətirdiyi ikinci dalğa
  16 Sentyabr 2020    Oxunub:17797
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bir sıra effektiv tədbirlər görülür. Pandemiyanın ilk günlərindən başlayaraq tətbiq olunan sərt karantin qaydaları nəticəsində ölkədə epidemioloji vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Hazırda COVID-19-la bağlı durum qənaətbəxş hesab olunur.
Artıq bir aya yaxındır xüsusi karantin rejimindən sonra müəyyən yumşalmalara gedilib ki, bu, həm ölkə iqtisadiyyatının dirçəlməsinə, həm də bir sıra sosial məsələlərdə vətəndaşların məmnunluğuna səbəb olur.

Bu gün təhsil müəssisələrinin, insanların daha çox istirahət etdiyi məkanlardan olan kafe və restoranların öz qapılarını vətəndaşların üzünə açması, rayonlara gediş-gəlişlərin bərpası və digər sahələrdəki yumşalmalar şübhəsiz ki, yay boyu tətbiq olunmuş sərt karantin rejiminin, virusla effektli mübarizə tədbirlərinin nəticəsidir. Əvvəlki aylardan fərqli olaraq son bir ayda yoluxma və ölüm sayında rəqəmlərin azalması, sağalma ilə bağlı müsbət statistikanın nəzərə çarpması yumşalmaları zəruri edirdi. Əlbəttə, yumşalmalar vətəndaşlarda arxayınlıq yaratmamalıdır. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da ölümcül virus yayılmaqda davam edir və təhlükə hələ sovuşmayıb.



Təcrübə göstərir ki, hansı ölkədə erkən yumşalmalara gedilibsə, hazırda orada epidemioloji vəziyyət pisləşməyə doğru dəyişir. Bəzi ölkələr ikinci və üçüncü dalğa təhlükəsi ilə üz-üzə qalıblar.

Tibbi ekspertlər də bu istiqamətdə pozitiv olmayan proqnozlar səsləndirirlər. Belə ki, ekspertlərin fikrincə, artıq sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Bunların böyük qismi daha erkən vaxtlarda yumşalmalara gedən ölkələrdir. Bir müddət əvvəl nümunə göstərilən həmin ölkələrdə indi vəziyyət heç də ürəkaçan deyil.



Buna misal olaraq “Gürcüstan modeli”ni göstərmək olar. Artıq qonşu Gürcüstanda pandemiyanın ikinci dalğası elan olunub. Baş Nazir Qeorge Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb.

Qeyd edək ki, Gürcüstanda ötən sutka ərzində 196 nəfər koronavirusa yoluxub, ölkə üzrə ümumi yoluxma sayı 2758-ə çatıb.

Təkcə yüksək səviyyəli səhiyyə və tibbi infrastrukturuna görə deyil, virusla mübarizədə fərqlənmiş ölkə kimi tanınan İsraildə də vəziyyət kritikdir. Bu ölkə son zamanlar bəzi yumşalmalara getdiyi halda birdən-birə yoluxma sayında kəskin artımla üzləşib.



Belə ki, İsraildə son sutka ərzində 4 minə yaxın insanda COVID-19 aşkar edilib. Nəticədə hökumət 3 həftəlik sərt karantin elan edib. İsraildə vətəndaşlara evlərindən 500 metrdən artıq uzaqlaşmaq qadağan olunub, restoranlar, otellər, idman zalları və hovuzlar fəaliyyətini dayandırıb.

Təkcə bizim regionda və ya Yaxın Şərqdə deyil, Avropanın mərkəzindəki inkişaf etmiş ölkələrdə də virusla mübarizədə ortaya normal nəticə qoymalarına baxmayaraq, sonradan gedilən yumşalmalar yoluxma sayını birə-beş artırıb. Bu səbəbdən Avstriya hazırda Gürcüstanın aqibətini yaşamaqdadır. Ölkənin kansleri Sebastyan Kurst pandemiyanın ikinci dalğasının başladığını rəsmən bəyan edib.



Məlumat üçün bildirək ki, avqustun sonunda Avstriyada gündə 350 nəfər virusa yoluxduğu halda, hazırda bu rəqəm 850-yə çatıb. Kanslerin xalqa müraciəti və xəbərdarlığı isə ürəkaçan deyil: “Bizi çox ağır payız və qış gözləyir”.

İkinci dalğa Avstriya kimi güclü iqtisadiyyatı və səhiyyəsi olmayan digər Avropa ölkəsi - Çexiya dövləti və xalqı üçün də ciddi təhdidlər, təhlükələr yaratmağa başlayıb. Artıq Çexiya hökuməti ölkədə koronovirusun ikinci dalğasının başladığını rəsmən elan edib. İki gün öncə ölkədə 1541 nəfərdə virus aşkarlanmışdı ki, bu da rekord göstərici sayılır.



Əlbəttə, vəziyyətin sabitləşdiyini görüb xeyli yumşalmalara gedən, sonradan ikinci dalğa ilə qarşılaşan bir çox ölkələri göstərmək olar. Məsələn, qonşu Türkiyə və Rusiya yenidən bəzi məhdudiyyətlərin tətbiqinə qayıdıb.

Bütün bunlardan gəlinən qənaət odur ki, karantin rejiminin yumşaldılmasından sonra yoluxma hallarında artım qaçılmazdır.



Ekspertlərin qeyd etdiyi kimi, 2020-ci ildə bəşəri bəlaya çevrilmiş virusun dərmanı və ya vaksini tapılmayana qədər onun tamamən aradan çəkiləcəyini proqnozlaşdırmaq real görünmür. Haqqında söz açdığımız ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, erkən yumlaşma tədbirləri istənilən halda yoluxmaların artmasına gətirib çıxır.

Dərmanı olmayan xəstəlikdən yeganə xilas yolu insanların tətbiq olunan qorunma qaydalarına riayət etməsidir. Şəxsi gigiyenaya və tövsiyə edilən müəyyən sosial izolyasiya qaydalarına ciddi şəkildə əməl olunmasa, ikinci dalğa hər an bizim də qapımızı döyə bilər. Bunun üçün ehtiyatı əldən verməməliyik.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti