BMT Baş Assambleyasının 75-ci sessiyası: Gündəlikdə nələr var?

BMT Baş Assambleyasının 75-ci sessiyası:  Gündəlikdə nələr var?
  16 Sentyabr 2020    Oxunub:6342
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və yubiley, sayca 75-ci sessiya başlayıb.

Azvision.az xəbər verir ki, iştirakçılar sessiyaya videoformatda qatılacaq. Yalnız ABŞ Prezidenti Donlad Tramp BMT-nin tribunasından çıxış edəcək.
Qeyd edək ki, BMT Baş Assambleyasına sədrlik Türkiyə rəsmisi Volkan Bozkıra keçib. O, bu postda nigeriyalı Ticani Muhəmməd-Bandeni əvəz edib. Baş Assambleyanın 75-ci sessiyasının sədri postunda Türkiyə nümayəndəsinin namizədliyinin dəstəklənməsinə 178 ölkə təmsilçisi səs verib.

Muhəmməd-Bandaya təşəkkür edən və Bozkıra uğurlar diləyən BMT-nin Baş katibi Antonio Quterreş COVID-19 pandemiyasına qarşı mübarizənin Assambleyanın gündəminin mərkəzində qalmasının zəruriliyini vurğulayıb. O, səhiyyə sistemlərinin gücləndirilməsinin, dərman və peyvəndlərin hazırlanmasının, eləcə də ədalətli bölgüsünün vacibliyini qeyd edib.

Yeni sədr seçilən türkiyəli diplomat Volkan Bozkır BMT-nin koronavirus pandemiyasına qarşı mübarizə apardığı və öz inkişafı üçün strateji istiqamət inkişaf etdirdiyi çətin dövrdə vəzifəsinin icrasına başlayıb.

“COVID-19 BMT-nin İkinci Dünya müharibəsindən sonra yarandığı vaxtdan bəri dünyanın görmədiyi qlobal böhrandır. Bu, təkcə səhiyyə sahəsində böhran deyil, həm də sosial və iqtisadi böhrandır. Pandemiya BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi alətlər vasitəsilə aradan qaldırmağa çalışdığı problemləri daha da kəskinləşdirib.

Pandemiyaya qarşı mübarizədə bütün bəşəriyyət iştirak edir. Birlik vaxtı yetişib. BMT-yə üzv dövlətlərin ümumi rifah naminə sıx əməkdaşlıq üçün heç vaxt daha yaxşı səbəbləri olmayıb. Əminəm ki, biz bu böhrandan əvvəlkindən daha güclü çıxacağıq” - deyə türkiyəli diplomat bildirib.

Xatırladaq ki, Volkan Bozkır diplomatik xidmətə 1972-ci ildə başlayıb. Bir sıra yüksək postlarda - Türkiyənin Nyu-Yorkdakı baş konsulu, Rumıniyadakı səfiri və AB-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb.

75-ci sessiyada ümumi müzakirə 22 sentyabr tarixində başlayacaq. Debatları Braziliya açacaq, daha sonra BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə olaraq ABŞ çıxış edəcək. Digər dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq bir-birinin ardınca konfrans zalında yayımlanacaq.

22 sentyabrda ABŞ, Çin, Rusiya, Fransa, İran, Türkmənistan və Tacikistan liderləri çıxış edəcəklər. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Ukrayna prezidentlərinin çıxışları sentyabrın 23-nə, Azərbaycanın dövləti başçısı İlham Əliyevin çıxışı isə sentyabrın 24-nə nəzərdə tutulub.

Çıxış edənlərin siyahısına uyğun olaraq Gürcüstan və Moldova adından 25 sentyabrda hökumət başçıları, Belarusdan isə sentyabrın 26-da Xarici İşlər Naziri çıxış edəcək.

Gündəlikdə həmçinin münaqişələrin həlli məsələsi də yer alıb.

Azvision.az


Teqlər: BMT   Türkiyə   Azərbaycan  





Xəbər lenti