İntizam komissiyasının Əsasnaməsi plenar iclasa çıxarılır

İntizam komissiyasının Əsasnaməsi plenar iclasa çıxarılır
  17 Sentyabr 2020    Oxunub:2995
Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib.
Azvision.az xəbər verir ki, parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında (birinci oxunuş) məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, layihənin hazırlanmasına bu ilin aprel ayında başlanılıb. Qeyd edib ki, layihə 9 maddədən ibarətdir. Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılması qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər öz əksini tapıb.



İclasda çıxış edən Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Erkin Qədirli, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Elşən Musayev, Sabir Hacıyev, Azay Quliyev, Vüqar İsgəndərov, Nurlan Həsənov, Məşhur Məmmədov və Əminə Ağazadə Əsasnamə layihəsi barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Əsasnamə layihəsinin hazırlanmasına verdikləri dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya və Sədrin birinci müavini Əli Hüseynliyə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, layihə yüksək səviyyədə hazırlanıb və qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb. Komissiya sədri Əsasnamənin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib.

İclasın sonunda Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Azvision.az


Teqlər: Komitə   İclas   İntizam   Əsasnamə  





Xəbər lenti