“Tofiq Yaqublu ilə bağlı qərarı hamı alqışlayır” - Deputat

  “Tofiq Yaqublu ilə bağlı qərarı hamı alqışlayır” -    Deputat
  18 Sentyabr 2020    Oxunub:6079
“Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı: “Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də, heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırırdı və sona qədər də bu mövqelərindən əl çəkmədilər. Bax, ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olaraq xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi, səmimi istəyənlər bu adamlar idi”.
Tofiq Yaqublunun müraciəti əsasında cinayət işinin başlanması rədd edilib

Millət vəkilinin fikrincə, hüquq sistemimiz bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi ki, bu qərar da hamı tərəfindən alqışlanır: “Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də, həm dövlətimizin ədalətini, həm də hüquq sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tofiq-Yaqublu   Deputat  





Xəbər lenti