Ermənistanın sonunu gətirəcək müharibə başlayır? - ŞƏRH

  21 Sentyabr 2020    Oxunub : 4058
Ermənistanın sonunu gətirəcək müharibə başlayır? -  ŞƏRH
Ermənistan tərəfi Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha göstərdi. Regionda yeni münaqişə ocaqları yaratmağa çalışan İrəvan təxribatlarını davam etdirərək danışıqlardan boyun qaçırır və müharibə təhlükəsini alovlandırmağa çalışır.
Prezident İlham Əliyev ötən həftə yerli KİV-lərə müsahibəsində bu məsələyə toxunaraq ermənilərin müharibəyə hazırlaşdığını diqqətə çatdırıb. Ermənistanın aqressiv dövlət olduğunu deyən ölkə başçısı onların Azərbaycana, azərbaycanlılara qarşı nifrətinin çirkin siyasətlərində də özünü göstərdiyini bildirib.

Prezident deyib: “Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az-a şərhində deyib ki, hazırda proseslər açıq müharibənin başlanmasına doğru gedir. Politoloq ölkə başçısının Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq etməsinin boşuna olmadığını, müharibə riskini xeyli artıran bir neçə faktorun mövcudluğunu qeyd edib:



“Prezident İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər. Prezidentin fikirlərindən bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur və artıq hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına son qoymayacaq. İkinci bir tərəfdən, Ermənistanın sərhəddəki təxribatları davam edir, növbəti pilotsuz uçuş aparatının vurulması bunun sübutudur. Həmçinin, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması gərginliyi artırır. Qısası, tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan hazırda haradan mümkündürsə, muzdlular gətirir, Rusiyadan silah və hərbi texnika toplayır. Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl ehtiyatda olan hərbi vəzifələrinin orduya çağırışı başlayıb”.

Politoloq növbəti hərbi toqquşmaya Rusiyanın hansı formada reaksiya verəcəyinə münasibət bildirib. O xatırladıb ki, son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə hərbi toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib. Hər iki halda rəsmi Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb.

Elxan Şahinoğlu deyib ki, hazırkı şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır: “Əgər biz məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya maneəsini də aşmalıyıq. Atəşkəsin bu şəkildə davamı Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlamentini” Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar susurlar. Halbuki, bütün bu qanunsuzluqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır”.

Belə bir həssas dönəmdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın İrəvanda siyasi ekspertlərlə görüşdə səsləndirdiyi fikirlərinin diqqət çəkdiyini deyən politoloq onun vaxtilə öz kitabında yazdığı bir fikri yenə təkrarlamasını təsadüfi saymayıb: “Ermənistan və Azərbaycan prezidentləri 2001-ci ildə Amerikanın Ki-Uset şəhərciyində münaqişənin həlliylə bağlı sazişi imzalamağa yaxın olublar”. Koçaryanın bunu nəyə əsasən dediyi bəlli deyil. Çünki Azərbaycanda heç bir hakimiyyət Dağlıq Qarabağın “müstəqllliyinə” yol açacaq sazişə imza atmaz. Buna baxmayaraq, Robert Koçaryanın hazırkı baş nazir Nikol Paşinyanın Qarabağ siyasəti haqqında dediklərində həqiqət payı var. Məsələn, Koçaryan hesab edir ki, Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil, hazırda İraq, Suriya və ya Liviyada olduğu kimi Cənubi Qafqazda da eyni səviyyədə fəal olmaq istəyir. Onun sözlərinə görə, Paşinyan Ermənistan üçün artan bu riski anlamır. Koçaryan onu da deyir ki, Türkiyəni Cənubi Qafqazda saxlaya biləcək yeganə güc Rusiyadır. Ona görə də Koçaryan Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərdə məsafə saxlamasını yanlış hesab edir. Eks-prezidentin bu məntiqinə görə, Ermənistanı bütün təhlükələrdən ancaq Rusiyadan asılılıq xilas edə bilər və vassallıq siyasətindən kənarlaşmaq Ermənistan üçün təhlükəlidir”.

Elxan Şahinoğlu müharibə eşqinə düşən Paşinyanın əsas düşmənlərindən sayılan Koçaryanın Ermənistan rəhbərliyinin ağılsız davranışlarını dilə gətirməsini erməni cəmiyyəti üçün ciddi mesaj hesab edir: “Robert Koçaryan Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” açıqlamasının yanlış olduğunu səsləndirib. O sual edir ki, “Qarabağ Ermənistandırsa, rəsmi Bakı Paşinyanın çağırışına uyğun olaraq hansı məntiqlə Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır?”. Paşinyanın bu məntisizliyini biz də vurğulayırıq. Robert Koçaryanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlamasının Ermənistan üçün niyə vacib olması barədə fikirləri indiki müharibə riskinin xeyli artdığı məqamda diqqəti cəlb edir: “Əgər Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarsaq, təmas xətti bizə daha da yaxınlaşacaq, bu halda mürəkkəb dağlıq relyefi nəzərə alınaraq ordunun sayını indikindən 3-4 dəfə artırmaq məcburiyyətində qalacağıq. Ona görə də, güclü təminat almadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilmərik, indiki dünyada isə belə bir təminatı bizə heç kim verməyəcək”.

Əslində Koçaryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir, Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və Ermənistanın eks-prezidentinin də təbirincə desək, elə etmək lazımdır təmas xətti daralsın və qarşı tərəfin hərbçilərə ehtiyacı indikindən 3-4 dəfə artıq olsun, bu artımı hansı resurslarla təmin edəcəyi isə bəlli deyil”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Müharibə