Prezidentin yerli televiziyalara müsahibəsi dünya mediasında

Prezidentin yerli televiziyalara müsahibəsi dünya mediasında
  21 Sentyabr 2020    Oxunub:2320
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər dünya mətbuatında böyük rezonans doğurub. Dünyanın bir sıra aparıcı KİV-ləri ölkə başçısının çıxışını dərc edib.


Avropa mediası Prezident İlham Əliyevin Ermənistanın cəfəng iddiaları və işğalçılıq siyasəti haqqında səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Belə ki, Avropa İttifaqının “EU Politics” informasiya-analitik nəşri Azərbaycanın dövlət başçısının müsahibəsi barədə məlumat yayıb.



Materialda Prezident İlham Əliyevin qonşu Ermənistanın təcavüzkar siyasəti barədə açıqlamaları sitat gətirilir. Nəşr Prezidentin bu sözlərini diqqətə çatdırır: “Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax”.

“EU Politics”, həmçinin Prezident İlham Əliyevin Türkiyə və Azərbaycan arasındakı yaxın münasibətlər barədə fikirlərinə də yer ayırıb: “Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq”.

Rusiya və Gürcüstan mediası Prezidentin erməni təxribatlarına cavabından yazır

Rusiyanın kütləvi informasiya vasitələri - TASS, İnterfaks və “RİA Novosti” federal informasiya agentlikləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları və digər KİV-lər ölkə başçısının telekanallara verdiyi müsahibədə söylədiyi fikirlərə geniş yer ayırıblar. Dərc edilən materiallarda qeyd olunur ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının faktiki olaraq getmədiyini, Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulayıb.



TASS agentliyinin xəbərində Prezident İlham Əliyevin Ermənistanı danışıqlar prosesini pozmaqda təqsirləndirməsi, Ermənistan rəhbərliyinin cəfəng bəyanatlarının, təxribat xarakterli addımlarının danışıqları mənasız etməsi barədə fikirləri yer alıb.

“TVC” kanalının materialında isə qeyd olunur ki, rəsmi Bakı ciddi bəyanatlarla çıxış edir. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın işğal altında olan Dağlıq Qarabağı qanunsuz şəkildə məskunlaşdırmasını cinayət adlandırıb.



“Pravda.ru” saytı ölkə başçısının məlum müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Nəşr yazır ki, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı göndərərək deyib: “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

“Moskovski komsomolets” qəzeti isə Prezident İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşması, Azərbaycan tərəfində bu barədə ciddi kəşfiyyat məlumatlarının olması barədə fikirlərini tirajlayıb. Qəzetdə dərc olunan məqalədə qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı ölkəsinin Ermənistanda heç bir məqsədi olmamasını, lakin təxribat davam edirsə, siyasətə yenidən baxılacağını deyib.

Rusiyanın məşhur “Kommersant” qəzeti də ölkə başçısının bəyanat və fikirləri haqqında məqalə dərc edib. “Kommersant” Prezident İlham Əliyevin Paşinyanın işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırma siyasətini sərt tənqid etdiyini yazıb. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti bunun Cenevrə Konvensiyasına zidd, cinayət olduğunu vurğulayıb.

Qonşu Gürcüstan mediası Prezidentin müharibəyə hazırlaşan Ermənistana sərt xəbərdarlıqları ilə yanaşı, Azərbaycan-Gürcüstan münasibətlərinə dair fikirlərini də ətraflı işıqlandırıb. Buna misal olaraq Gürcüstanın interpressnews.ge, dalgatv.ge, report.ge, 24news.ge, news.ge saytlarını göstərmək olar.

Sözügedən gürcü saytlarında Prezidentin Ermənistanın təxribatçı əməlləri və Gürcüstan-Azərbaycan münasibətlərinə dair söylədiyi fikirlər barədə geniş materiallar yer alıb. Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan “Ermənistan yeni müharibəyə hazırlaşır”, “Qarabağda adları dəyişdirilmiş kəndlərə mütləq öz əsl adlarını qaytaracağıq", “Gürcüstanda gürcü familiyası altında olan ermənilər Gürcüstan-Azərbaycan əlaqələrini zədələməyə çalışırlar” sərlövhəli materiallarda Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni yerləşdirmə planları, Gürcüstanda yaşayan və gürcü familiyası daşıyan ermənilərin təxribatları barədə Azərbaycan Prezidentinin fikirləri oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda, “Gürcüstan etibarlı tərəfdaş və dostdur” sərlövhəli yazıda ölkələrimiz arasındakı dostluq əlaqələri, strateji tərəfdaşlığımızın prioritetləri barədə məlumat verilir.

Azərbaycanın Ermənistana xəbərdarlığı Rumıniya və Ukrayna mətbuatında

Bundan əlavə, Rumıniya mətbuatı Azərbaycanın dövlət başçısının müsahibəsini diqqətdə saxlayaraq Prezidentin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etməsi barədə yazıb. Bu ölkənin populyar olan “News24hours” xəbər portalında gedən yazıda daha çox dövlət başçısının mərasimdən sonra yerli telekanallara verdiyi müsahibəsində Ermənistanın təcavüzkar siyasəti barədə fikirlərinə geniş yer ayırılıb.



“News24hours” yazır ki, Prezident İlham Əliyev Ermənistanın aqressiv dövlət olduğunu, bunun Azərbaycana, azərbaycanlılara qarşı aramsız təxribatlarda özünü bir daha göstərdiyini vurğulayıb. Xəbərdarlıq edib ki, Ermənistan çirkin planlarından əl çəkməsə, bu, onlar üçün çox ağır nəticələr verəcək. Sayt Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirlərini Rumıniya ictimaiyyətinə çatdırıb.

Azərbaycan mətbuatını və ümumilikdə Azərbaycanda gedən siyasi prosesləri yaxından izləyən Ukrayna mediası da ötən həftə ölkə başçısının sərt bəyanatlarla çıxış etməsini diqqətdən kənarda saxlamayıb. “RBK-Ukrayna” xəbər portalı Prezidentin Ermənistanın təcavüzkar siyasəti barədə fikirlərinə geniş yer ayırıb.



Sayt dövlət başçısının Ermənistanın təxribatçı əməllərinə dair səsləndirdiyi bu fikirlərə diqqət çəkir: “Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir”.

Daha sonra vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq üçün təxribatlara əl atmaqda təqsirləndirir. Materialda Azərbaycan Prezidentinin müsahibəsindəki daha bir mühüm məqam diqqətə çatdırılır: “Ermənistan yeni müharibəyə hazırlaşır. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik”.

Prezidentin müsahibəsi Türkiyədə gündəm oldu

Həmişə olduğu kimi bu dəfə də qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın dövlət başçısının fikirlərinə geniş yer ayırıblar. Türkiyənin nüfuzlu KİV-ləri Qarabağ münaqişəsi və digər məsələlər ətrafında olan çıxışları geniş şəkildə işıqlandıraraq Prezidentin fikirlərindən sitatlar gətiriblər.



Anadolu agentliyinin dərc etdiyi “Prezident Əliyev: Türkiyə ilə birgə təlimlərimiz Yerevanı qorxudur” sərlövhəsi ilə yayılan informasiya müxtəlif başlıqlarla qardaş ölkə mediasında yayılıb. Yazılarda türkdilli oxuculara məlumat verilir ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini, iki qardaş ölkənin bir-birini tam şəkildə dəstəkləməsini yüksək dəyərləndirib və münasibətlərimizin daha da genişlənəcəyini ifadə edib. Regiondakı vəziyyətdən danışan Prezident İlham Əliyev, təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin ifadələr səsləndirib.

Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib ki, ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.



Qeyd edək ki, sözügedən məqalələrlə ətraflı şəkildə Anadolu agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər çoxtirajlı qəzetlərin saytlarında tanış olmaq mümkündür. İnformasiyaların Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan və Türkiyə hərbçilərinin, silahlı qüvvələrimizin ortaq təlimlərinə dair fotolarla təqdim olunması diqqət çəkib.



Ölkə başçısının jurnalistlərə verdiyi mühüm açıqlamalar Misir mətbuatının diqqətindən yayınmayıb. Belə ki, Misirin “Asyaelyoum” informasiya agentliyi və “Aldiplomasy” nəşri dövlətimizin başçısının müsahibəsinə geniş yer ayıraraq, oxuculara Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasəti haqqında fikirlərini çatdırılıb.

Qeyd olunur ki, Cənubi Qafqaz regionunda vəziyyətdən danışan Prezident İlham Əliyev təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin fikirlər səsləndirib. Yazılarda diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib.

Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirləri Misir ictimaiyyətinə çatdırılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Müsahibə   KİV   Media  





Xəbər lenti