Sabirabadda təhsillə bağlı yeni layihə başlayır - FOTO

Sabirabadda təhsillə bağlı yeni layihə başlayır -  FOTO
  22 Sentyabr 2020    Oxunub:3232
Sabirabadda 2018-2019-cu il üçün 1428 məzundan yalnız 42%-i ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edib. İştirak edən abituriyentləridən isə 37%-i ali təhsil müəssisələrinə qəbul olub. Bütövlükdə rayon məzunlarının ali təhsil müəssisələrin qəbul olma faizi 17%-ə bərabərdir.
Azvision.az xəbər verir ki, bunu Sabirabadın deputatı Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən aşağı qəbul olma faizi Sabirabad rayonuna məxsusdur.

"Bu barədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, yerli təhsil idarəsi və rayon ictimaiyyəti ilə geniş müzakirələr aparmışıq. Eyni zamanda Sabirabad rayon təhsil idarəsi və məktəb direktorları ilə görüşümüz oldu. Sabirabadda təhsilin inkişafına mane olan bütün neqativ hallar açıq formada müzakirə edildi. Əlbəttə, bu problemləri bir gündə həll etmək mümkün deyil. Eyni zamanda həyata keçiriləcək islahatların nəticəsini də bir gündə görmək mümkün deyil".



Deputat bildirib ki, rayonda təhsilin səviyyəsinin inkişafına kiçik də olsa töhfə vermək üçün “Düşünən Azərbaycan Gənci” (DAĞ) layihəsi çərçivəsində pontesialı yüksək, lakin ailəsinin gəliri çox aşağı olan 4 qrup üzrə 15 nəfər 11-ci sinif şagirdinin 1 illik hazırlıq kurslarına tam dəstək veriləcək, onlar pulsuz hazırlaşdırılacaq.

"Layihənin əsas tərəfdaşı Kainat kurslarının təsisçisi İlqar müəllimdir. Kainat Tədris Mərkəzi 15 nəfər gəncin hazırlıq kurslarının ödənişinə 50 faiz güzəşt edir. Digər 50 faizi isə “Aqrar İnnovasiya və Təhcizat Şirkəti” sosial korporativ məsuliyyət çərçivəsində dəstək olur. Milli Məclisin deputatı kimi hər iki şirkətə öz təşəkkürümü bildirirəm. Gələn həftə seçilmiş 15 nəfəri, Kainat Kursu və “Aqrar İnnovasiya və Təhcizat Şirkəti”nin rəhbərliyini Milli Məclisə dəvət edəcəyəm və layihəni geniş təqdim edəcəyik. 2020-ci ildə Sabirabadda ümumilikdə 8 nəfər 600 balı keçib, ümid edirəm ki, 2021-ci ildə 500 və 600 balı keçən şagirdlərin sayı 2 dəfə artacaq. Cari ilin 20 sentyabr tarixində KAİNAT kursu tərəfindən 11-ci sinif şagirdləri üçün ilkin test mərhələsi keçirilib, bu həftə ərzində isə müsahibə ediləcək. DAĞ layihəsi, seçilmiş 15 nəfər, onların həftəlik fəaliyyəti, onlar üçün Bakıda təşkil ediləcək universitet turları, rayonda təhsilin təşviqi ilə bağlı keçiriləcək maarifləndirmə tədbirlər və digər məlumatlar DAĞ layihəsinin yeni facebook səhifəsində paylaşılacaq", - deyə K.Cəfərov qeyd edib.









Azvision.az


Teqlər: Deputat   Kamal-Cəfərov   Sabirabad  





Xəbər lenti