Vəkillərin fəaliyyəti ilə bağlı videokonfrans keçirildi

  22 Sentyabr 2020    Oxunub : 2764
Vəkillərin fəaliyyəti ilə bağlı videokonfrans keçirildi
Milli Məclisinin İnsan Hüquqları Komitəsinin təşkilatçılığı ilə Hüquq Siyasəti və Dövlət quruculuğu Komitəsi, Vəkillər Kollegiyası (VK) və Sosial Tədqiqatlar Mərkəzinin (STM) iştirakı ilə birgə videokonfrans keçirilib.
Azvision.az xəbər verir ki, “Azərbaycanda vəkilliyin həyata keçirilməsinin qanunvericilikdən qaynaqlanan və digər sahəvi problemləri” mövzusunda keçirilən konfransda müxtəlif qanunların, qanunvericilikdən qaynaqlanan məsələlərin müzakirəsi aparılıb.

Konfransda giriş nitqini söyləyən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, STM İdarə Heyətinin sədri Zahid Oruc – parlament üzvü kimi fəaliyyəti dövründə, Azərbaycanda hüquqi müdafiənin təşkilində, məhkəmə islahatlarında vəkillik fəaliyyətindən bəhs edərkən onaların sayının az olması (Avropa Şurasına üzv ölkələrdə adambaşına düşən vəkil sayı) və Azərbaycan coğrafiyası üzrə qeyri-bərabər paylanması məsələsini vurğuladığını xatırlatmışdır. Azərbaycan coğrafiyası üzrə cinayətlərin və inzibati xətaların miqyası kimi məsələlərin müzakirəsindən bəhs edən Zahid Oruc son 2 il ərzində vəkillik sahəsində mühüm dəyişikliklərin həyata keçirilməsindən, irəliləyişlərin baş verməsindən bəhs edib. Bununla yanaşı, Komitə sədrinin sözlərinə görə ölkədə vəkillik fəaliyyətinin siyasiləşməsi problemi mühüm əhəmiyyət kəsb edir.

Vəkillər Kollegiyasına sədr seçildikdən sonra Anar Bağırov tərəfindən aparılan geniş dəyikliklər vəkilliyin nüfuzun artamasına, əhatə dairəsinin genişlənməsinə, eləcə də bu qurum təmsilçilərinin sırf hüquq müstəvisində çalışdıqları fikrini önə çıxarıb.

Daha sonra söz verilən Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov VK rəyasət heyəti adından görüşdə iştirak edən dəyərli MM üzvlərinə, həmkarlarına görüşün təşkilinə və görüşdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Sədrin sözlərinə görə 2017-ci ilin dekabr ayından yeni rəyasət heyəti formalaşdıqdan sonra ölkəmizdə vəkillik sahəsində islahatlara başlanılıb və səmərəli qaydada həyata keçirilib. 2 il yarım ərzində vəkillik fəaliyyətinə olan diqqətin şahidi olduğunu qeyd edən Rəyasət Heyətinin sədri Milli məclisin yeni formalaşmış tərkibi ilə bu formatda konfransların keçirilməsi qürur verici olduğunu vurğulayıb.

Vəkillər Kollegiyasının üzvü olan Bəhruz Məhərrəmovun da millət vəkili seçilməsi kollegiyanın maraqlarının Parlamentdə təmsil olunmasının göstəricisi olmasından bəhs edən Sədrin sözlərinə görə Vəkillər Kollegiyası son dövrlərdə keçirdikləri islahatlar barədə əhalini maraqlandırmağa çalışır. Məqsəd ölkədə vəkilliyə dair maarifləndirilmənin aparılması, eyniadlı sahə ilə bağlı problemlərin həllini tapmasıdır. Post-Sovet dövründə vəkilliyə münasibətin mənfi olmasına baxmayaraq hazırda bu münasibət dəyişib.

Vəkillər Kollegiyası kimi hüquqi-təsisat fəaliyyətini şəffaf qurmalıdır və bu səbəbdən sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. 28 dekabr 1999‐cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra sonra vəkilliyin müstəqil təsisat kimi tanınması prosesinə başlanıldı. Anar Bağırovun sözlərinə görə islahatlarda ilk növbədə vəkillər maraqlı olmalı olmalı, lazımi təşəbbüslər göstərilməlidir, ölkə daxilində vəkilliyin nüfuzunun artırılması müsbət münasibıt artmalıdır.O bildirib ki, Cənab Prezident tərəfindən 22 fevral 2018-ci ildə “Vəkilliyin inkişafı ilə əlaqədar əlavə tədbirlər barədə” qəbul olunmuş sərəncam Vəkilliyin yol xəritəsi hesab edilə bilər.

Dövlət hesabına hüquqi yardım barədə islahatlar,“Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərman VK- olan müsbət münasibət, ölkə başçısı tərəfindən vəkillərin peşə bayramlarının müəyyən olunması, Cinayət-Prosesual qanunvericiliyə edilən dəyişikliklər bu sahədə köklü islahatlardan hesab edilə bilər. Lakin buna baxmayaraq, vəkillərin üzləşdiyi problemlər də mövcud olmaqda davam edir. Qanunun bir çox maddələrində olan boşluqlar vəkilliyin fəaliyyətinə problemlər yaradır. Vəkilliyin hüquqi təsisat problemi, ölkə Konstitutsiyasında vəkiliyin hüquqi təsisat olmağı barədə müddəanın əks olunmaması, Mülki məcəllədə peşə birliyi ilə bağlı müddəanın olmaması, vəkillərin ödənişləri, vergilərin yüksək olması, pandemiya dövründə vəkillərin fəaliyyətləri ilə bağlı üzləşdiyi problemlərdən danışıb. Təssüf ki qonşu ölkələrdə adambaşına düşən vəkil sayına əsasən Azərbaycan ən son yerlərdən birini tutur. Sədr vəkillərin pandemiya dövründə güzəştli kateqoriyaya aid edilməsinin doğru olması təklifini irəli sürüb. Sədrin sözlərinə görə 65 yaş üzəri kollegiya üzvü üzvlük haqqından azad olunmuşdur.

Bundan əlavə Cinayət-Prosessual Məcəlləsində (CPM) “vəkil buraxılır” ifadəsinin aradan götürülməsinin tərəfdarı olduğunu bildirib. Baxmayraq ki MDB ölkələri arasında vəkillik fəaliyyətinə görə Azərbaycan ön sıralarda olsa da problemlərin mövcudluğu davam edir. Cari ilin sentyabr ayında Rusiya Federasiyasında Vəkillik fəaliyyətinə qanunsuz maneəyə görə cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsi təqdim olunub. Belə bir qanunun İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi məqsədəuyğun olduğunu qeyd edib. Bundan əlavə sədr cinayət prosesində vəkillərin hüquqlarının məhdudluğundan, mülki işlər üzrə vəkillərin üzləşdiyi problemlərdən bəhs edərək prosessual təminatların mühüm əhəmiyyət kəsb etməsini qeyd edib.

Daha sonra çıxış edən vəkil Elçin Usub İnzibati Xətalar məcəlləsi haqqında qanun layihəsini Administrasiyaya təqdim etdiklərini söylədi və müsbət nəticəyə inandıqlarını bildirdi. Vəkillərin üzləşdiyi prosesual problemlərdən bəhs edən natiq vəkillərin ödənişi, məhkəmə süründürməçiliyi ilə bağlı çətinliklər, vəkillərin işlərinin süni olaraq uzadılması, dövlət orqanlarının məhkəmə xərclərini ödəməsi kimi məsələlərdən bəhs edib.

Vəkil İlhamə Həsənova çıxış edərək – cinayət prosesi, Cinayət Məcəlləsinə dəyişikliklər, standart hal şahidləri, cinayət prosesinin araşdırılması zamanı mütəxəsislərin cəlbi (müdafiə tərəfinin özünün də mütəxəssis seçə bilməsi), müstəntiq və vəkil arasında cinayət prosesin araşdırılması zamanı ortaya çıxan problemlər, işgəncə məsələsinin məhkəmə şəraitində araşdırılmasının vacibliyi – bu barədə qanunvericilikdə dəqiq mexanizmin olmaması, sübutlar məsələləri – “sübütlar həqiqətən sübut əhəmiyyəti daşıyırmı?” kimi məsələlərin vacibliyindən bəhs edib.

Konfransda çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu Komitəsi sədrinin müavini, millət vəkili Qüdrət Həsənquliyev konfransın sonlandırdıqdan sonra nəticələrinin ictimai müzakirəyə çıxarılması, daha sonra bu barədə analitik-hesabatın hazılanaraq Cənab Prezidentə təqdim olunması təklifini irəli sürüb. Müxtəlif ölkələrdəki hüquq təcrübəsindən bəhs edən millət vəkili Azərbaycanda ali məktəblərə qəbulu prosesinin çətinləşməsi, hüquq sahəsində problemlərin kökünün təhsildən qaynaqlandığı fikrini vurğulayıb. Hüquq sahəsində islahatların dərinləşməli olduğu-təhsildən başlayaraq islahatların ağarılmasını məsləhət görüb. Məhkəmələrdə illərlə işlərin dövr etməsi, girov müqabilində həbs qəti imkan tədbirinin seçilməsi, mülki işlər zamani vəkilin gərəkli məlumatları əldə etməsində yaranan problemlər, hakimlərin bəzən yönəldici suallar verməsi, cinayət-prosesual məcəlləsinə ciddi islahatların həyata keçirilməsi, vəkillərin maddi vəziyyəti kimi məsələləri gündəmə gətirərək öndə gedən xarici ölkələrin praktikasının ölkəmizə tətbiqinin vacibliyindən bəhs edib.

Vəkil Anar Qasımlı – aztəminatlı ailələrə vəkillik xidməti, Kollegiyada rəhbər dəyişiklliyindən sonra vəkillik imtahanlarındakı neqativ halların aradan qalxması, vəkillərin təhsillərini başa vurduqdan sonra üzləşdikləri 3 illik staj problemi, “Vəkil köməkçisi İnstitutu” – adı çəkilən institutlarda daha çox güzəştlərin irəli sürülməsi, vəkillərin müxtəlif informasiya resurslarına əlçatanlığının təmin edilməsi, vəkillərin müvəkkilləri haqqında məlumat alması zamanı üzləşdiyi çətinliklərdən bəhs edib.

Vəkil Əsabəli Mustafayev- qanunvericilikdə order məsələsi, görüşə imkan verilməməsi ilə bağlı vəkillərdən gələn şikayətlər – bu barədə Əsasnamənin olmasının vacibliyi, məhkəmələrin vəkillərin proseslərdə iştirakına fərqli yanaşması, pulsuz hüquqi yardım sistemi, Azərbaycanda məhkəmələrin çıxardığı qətnamələrin icra edilməməsi – bu barədə nəzarət mexanizminin təşkil olunması, “Vahid İstintaq Komitəsinin” formalaşması kimi məsələləri gündəmə gətirib.

Vəkil Akif Əlizadə qanunvericilikdə boşluqların olması, lakin bununla belə qanunvericiliyə tam əməl edilməsi zamanı müsbət dəyişikliklərin baş verəcəyindən bəhs edib. Daha sonra vəkil – vəkillərin ixtisaslaşmaya meylli olmamaları, əyalətlərdə vəkillərin ixtisaslaşmasının vacibliyi, ən azı ildə bir dəfə imtahandan keçmələri barədə danışaraq məhkəmə-hüquq sistemində islahatlara kompleks yanaşmanın vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı,vəkil Bəhruz Məhərrəmov həmkarlarının önə sürdüyü bir çox fikirlərlə razılaşaraq – “Ailə Vəkili İnstitutunun” formalaşmasının vacibliyini vurğulayıb. Vəkil Tovuz hadisələrindən sonra Azərbaycandakı vəkillərə xaricdən gələn dəstəklər barədə danışıb. Hazırda Azərbaycan vəkilliyinin qarşısında duran ən mühüm öhdəliklər-ölkədə məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə töhfə verməkdir. O, bildirib ki, ötən ilin aprel ayında məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında qəbul olunmuş fərmanda 13 maddədən 3-də vəkillik təsisatının adı çəkilib.

Son illərdə Kəkillər Kollegiyasının siması dəyişib. Vəkillər özləri fəaliyyətini qiymətləndirməlidir.

Vəkil Şahmar Məmmədov – “Ödənişsiz hüquqi yardımla bağlı qanun layihəsi”, vəkillərin ödənişsiz məsləhət verdikləri halda həmin vətəndaşların məhkəmə prosesində iştirak hüquqlarının olmaması, Mülki-prosesual Məcəlləyə dəyişikliklər, müvəkkilin öz seçdiyi müdafiəçi ilə təmin olunması kimi məsələlərdən bəhs edib.

Vəkil Samir İsayev – vəkil təmsilçiliyi, vəkillərin hüquqlarının təmin edilməsi, Milli Məclisdə müəyyən komissiyalarda bütün sektorlar üzrə qanunvericiliyin tətbiqi ilə əlaqədar dinləmələrin keçirilməsi, narkomaniyanın müalicəsi ilə bağlı cəzanın yüngülləşdirilməsi, icra hakimiyyətlərin bu sahədə hələ də xəstəxanaları inşa etməməsi kimi məsələlərdən bəhs edib. Vəkilin sözlərinə görə Azərbaycanda 12.000 civarında insan məhkum olunur və onlardan 1.200-ü narkomaniyaya görə cinayətə cəlb olunanlardır. Bundan əlavə vəkil son zamanlar tibbi müalicə ilə əlaqədar hüquqların pozulması, şəffaflıq üçün məhkəmə tibbi ekspertizasının Səhiyyə Nazirliyinə deyil, Ədliyyə Nazirliyinə tabe olması, bəzi orqanların dövlət funksiyalarının MMC-lərlə həyata keçirməsi məsələlərinə toxunub.

Vəkil Cavid Əliyev vəkillərin üzləşdiyi qanunvericilikdən qaynaqlanan problemlər – mülki və cinayət məhkəmələrinin icrasında vəkillərin iştirakının qanuni səviyyədə necə təmin olunması, instintaq məhkəməsində vəkilin iştirakına imkan verilməməsi, vəkilin istər cinayət, istərsə də mülki məhkəmənin icrasına qoşulması üçün sənəd təqdim edilməsi kimi problemlərdən bəhs edib.

Vəkil Muxtar Mustafayev notariat haqqında qanun, daşınmaz əmlakın reyestrı haqqında qanunda vəkillərin hüquqlarının pozulması, vəkillərin məlumatları əldə etmələri üçün ən azından əlavə rüsumun müəyyənləşdirilməsi, məlumatların məxfiliyi ilə bağlı qərarların qəbulu kimi məsələləri önə sürüb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sədri Anar Bağırov həmkarlaının müzakirələrinə qoşularaq – Pro Bono, ödənişsiz hüquqi yardım, vəkillik məsləhətinin konsultasiyaların ünvanlı sosial yardım alan vətəndaşlara verilməsi (indiyədək 16 min vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi), elektron orderlər, məhkəmələrdə monitorinqlərin aparılması, vəkillərə münasibətin birmənalı olması, vəkillərin siyasiləşməməsi və vəkillikdə ixtisaslaşma kimi məsələləri yenidən vurğulayayaraq - Konstitusiyada vəkilliyin hüquqi təsisat olması barədə maddənin yer alması təklifini irəli sürüb.

Sonda videokonfransda yekun nitqini söyləyən Zahid Oruc – hakimiyyətin daim kommunikasiyaya maraqlı olması, keçirilən video konfransın da bunun nəticələrinin göstəricisi olmasından bəhs edib. Zahid Oruc, Anar Bağırovun rəhbərliyindən sonra vəkillik sahəsində baş verən mühüm dəyişiklikləri müsbət qiymətləndirib. İnsan Hüquqları Komitəsinin sədri – vahid informasiya inteqrasiyasının baş verməsi, elektron-hökümət sisteminin qurulmasının zəruriliyi, 90-ci illərdən sonra vəkillik prosesində gedən dəyişikliklər, cinayətlərin xarakterinin dəyişməsi, iqtisadi legitimlik, hüquqi cəmiyyətin qurulması, vəkil kantorlarının sayının çox olması kimi məsələlərdən bəhs edərək, ən böyük ideologiyanın “qanunçuluq” olmasının tərəfdarı olduğunu qeyd edib. Sonda millət vəkili bəhs edilən problemlərlə bağlı iştirakçıların əlavə təklif və tövsiyələrinə hər zaman açıq olacaqlarını, təkliflərini məmnuniyyətlə qəbul edəcəklərini xüsusi vurğulayıb.

Zahid Oruc görüşdə sözü gedən bütün məsələlərlə bağlı səsləndirilən fikirlərin ali rəhbərliyə arayış şəklində təqdim olunacağını qeyd edib.

Azvision.az

Teqlər: STM   Zahid-Oruc   Vəkillər-Kollegiyası