"Ölkəmizdə həmişə rus dilinə qayğı ilə yanaşılıb" - Spiker

   "Ölkəmizdə həmişə rus dilinə qayğı ilə yanaşılıb" -    Spiker
  23 Sentyabr 2020    Oxunub:2861
Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Rusiyaya səfərə dəvət üçün Federasiya Şurasının Sədri Valentina Matvienkoya təşəkkürünü bildirən Milli Məclisin Spikeri Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Hazırda Prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında mövcud olan dostluğun və qarşılıqlı etimadın ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verdiyini vurğulayıb.

Parlamentin Sədri bildirib ki, müasir dövrdə Azərbaycanla Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Xüsusi olaraq qeyd edilib ki, Rusiya ticarət sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu iki dövlətin regionları arasında əməkdaşlığın coğrafiyası gündən-günə genişlənir: “Bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri olan Dağıstan və Tatarıstanla, Həştərxan, Saratov, Sverdlovsk, Ulyanovsk, Yekaterinburq, Vladimir, Volqoqrad və digər vilayətlərlə fəal əməkdaşlıq edir.

Xüsusilə, Azərbaycanla Rusiya arasında humanitar sahədə səmərəli əməkdaşlıq böyük məmnunluqla qeyd edilməlidir. Dövlət başçılarımızın təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu son illər iki dövlətin humanitar əlaqələri sahəsində əsas hadisələrdən birinə çevrilib”.

Qeyd edilib ki, ölkəmizdə həmişə rus dilinə və rus mədəniyyətinə qayğı ilə yanaşılıbdır. Azərbaycanda Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Respublikanın 300-dən çox orta məktəbində tədris rus dilində aparılır, ali məktəblərin əksəriyyətində rus dilində şöbələr var. Bakıda 1920-ci ildən – 100 il bundan öncə açılışı olmuş Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir.

“Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı, məscidlərin, pravoslav və katolik kilsələrinin, sinaqoqların sərbəst fəaliyyət göstərdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkədə Cənubi Qafqazda ən böyük - 120 mindən çox üzvü olan rus icması fəaliyyət göstərir. Bu icmaya Altıncı çağırış Milli Məclisin deputatı seçilən Mixail Zabelin başçılıq edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində rus icmasının fəaliyyətini yüksək dəyərləndirərək deyib: “Azərbaycandakı rus icması özünün milli və dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, dilini və mədəniyyətini qoruyub saxlamışdır. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini rus vətəndaşları olmadan təsəvvür etmək olmaz”, o bildirib

S. Qafarova deyib ki, ölkələrimiz arasında məhsuldar humanitar əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi yeri var: “Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında hər iki ölkənin parlamentləri də fəal iştirak edirlər.

Hazırda ölkələrimizin ali qanunverici orqanları arasında əlaqələr “Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin müddəalarına əsaslanır. Bu sənədə əsasən, daimi əməkdaşlıq üzrə parlamentlərarası komissiya yaradılıb.

Hər iki ölkənin parlament sədrlərinin ənənəvi qarşılıqlı səfərləri və dostluq qruplarının fəaliyyəti dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə xüsusi töhfə verir.

Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda fəal əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. Xatırlatmaq istərdim ki, AŞPA-da Rusiyanı bu beynəlxalq qurumda səsvermə hüququndan məhrum edən qətnamə layihəsi səsə qoyularkən Azərbaycan nümayəndə heyəti tam heyətdə bu sənədə qarşı səs verən azsaylı nümayəndə heyətlərindən biri olub”.

Sahibə Qafarova deyib ki, bizim ölkələrimizi ümumi tarixə malik olmağımız da birləşdirir. 75 illiyini bu il qeyd etdiyimiz faşizm üzərində böyük Qələbə də məhz bu qəbildəndir.

Spiker vurğulayıb ki, ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur. Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı olub: “Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim Almaniya uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır”.

Azvision.az


Teqlər: Spiker   Sahibə-Qafarova   Çıxış   Rusiya  





Xəbər lenti