“Bir neçə ilə ASAN bütün ölkəni əhatə edəcək”

“Bir neçə ilə ASAN bütün ölkəni əhatə edəcək”
  19 Mart 2013    Oxunub:1072
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərovun müsahibəsi
- Cənab Prezidentin dünən imzaladığı fərmanı ilə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayı artırılmışdır. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 2 ay ərzində mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz ?

- İlk növbədə xatırlatmaq istərdim ki, Cənab İlham Əliyevin andiçmə mərasimində “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” dedikdə “dövlət xalq üçün çalışmalıdır” prinsipini rəhbər tutaraq, xalqın hər bir nümayəndəsinin qayğısına qalacağını bəyan etmişdir. Son on il ərzində cənab Prezidentin gördüyü işlərin hər birində xalqımız bunun şahidi olmuşdur.
“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır. Siyasət Azərbaycan vətəndaşının sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət etməlidir. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz” deyən cənab Prezident dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətin etik davranış qaydalarına ciddi əməl edilməklə, süründürməçiliyə, bürokratik əngəllərə yol verilmədən həyata keçirilməsini hər bir dövlət qulluqçusunun qarşısında başlıca vəzifə olaraq qoymuşdur.
Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” konsepsiyasının əsas məqsədi də dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasından ibarətdir.
Yanvarın 15-də Bakı şəhərində 1 saylı “ASAN xidmət” mərkəzi pilot layihə qismində artıq fəaliyyətə başladı və hazırda 3 rayonu
-Nəsimi, Nərimanov, Binəqədi rayonlarını əhatə edir.
Bu günədək mərkəzə 35 minədək insan müraciət etmiş və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanmışdır. “ASAN xidmət” konsepsiyası çox qısa müddət ərzində özünü doğrultmuşdur. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən Bakı sakinlərinin rəyləri də göstərir.
Fevral ayının 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışı zamanı “ASAN xidmət” konsepsiyasının gözəl nəticə verdiyini vurğulamış, ilin sonunadək Bakı, Sumqayıt və Gəncə şəhərlərinin tam əhatə edilməsi barədə göstəriş vermişdir.
Cənab Prezidentin tapşırığına əsasən may ayında Bakının Xətai rayonunda 2 saylı “ASAN xidmət” mərkəzi və Sumqayıt şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaqdır. Bu mərkəzlər Bakı şəhərinin bir neçə rayonuna, Sumqayıt şəhərinə və eləcə də Sumqayıta yaxın olan bir neçə ətraf rayona xidmət edəcəkdir.
Iyulun əvvəlində Bakı şəhərinin Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bununla Bakı şəhərinin bütün rayonlarının sakinləri həmin mərkəzlərin xidmətlərindən tam yararlana biləcəkdir.
Avqust ayının sonunadək Gəncə şəhərində daha bir “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu mərkəz də öz növbəsində Gəncə şəhəri və Gəncəətafı rayonların əhalisinə xidmət göstərəcəkdir.

- Son Fərmanla “ASAN xidmət” mərkəzlərinə konkret olaraq hansı xidmətlər əlavə edilmişdir?

- Azərbaycan Respublikasının Prezidenti yalnız “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının deyil, həm də mərkəzlərdə göstərilən xidmət növlərinin sayının artırılması, daha geniş sahələr üzrə vətəndaşlara keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.
Bu günə qədər “ASAN xidmət” mərkəzində 23 hüquqi xidmət həyata keçirilirdi.
18 mart tarixli Fərmanla əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi xidmətləri əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır.
Bundan əlavə, mərkəzlərdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmətlər həyata keçiriləcəkdir.
Həmin xidmətlər daha aydın olsun deyə onları sadalamaq istərdim: bank hesablarının açılması, valyuta mübadiləsi, dövlət rüsumlarının və xidmət haqlarının, cərimələrin ödənilməsi ilə əlaqədar bank xidmətləri, avtomobillər və daşınmaz əmlak üçün könüllü və icbari sığorta xidmətləri.
Hüquqi yardım xidmətləri- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi; məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi; vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsini əhatə edəcəkdir.
Tərcümə xidmətləri, yəni bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər.
Tibb xidmətləri-bura aiddir tibbi arayışların verilməsi və ilkin tibbi yardım göstərilməsi.
Burda tibbi arayışların verilməsi, ilkin tibbi yardım və tərcumə xidmətləri nəzərdə tutulacaq.
Bəzi elektron xidmətlər ASAN.gov.az saytı vasitəsi ilə həyata keçiriləcək. Məsələn, real vaxt rejimində növbənin tutulması; vətəndaş müraciətlərinin qəbulu və cavablandırılması; “Asan xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması; “Asan xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulu və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkilini göstərmək olar.
Mərkəzlərdə yerləşdirilən xüsusi terminallar vasitəsi ilə mobil rabitə və internet, işiq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq.

- Yardımçı xidmətlərin “ASAN xidmət” mərkəzlərinə verilməsinin məqsədi nədir?

- Yardımçı xidmətlərin əlavə edilməsində iki əsas məqsəd vardır. Birincisi vətəndaşlar hər hansı bir sənəd əldə etməsi üçün mərkəzdə gözlədiyi vaxtda onlara lazım olan, lakin vaxt qıtlığı və ya hər hansı bir səbəbdən müraciət edə bilmədikləri xidmətlərdən yararlanması imkanı əldə edəcəklər. Bu da öz növbəsində bir neçə problemin eyni vaxtda, eyni məkanda həll edilməsini təmin edəcək.
Ikinci bir məqam diqqət etdinizsə, yardımçı xidmətlər dövlət orqanları tərəfindən deyil, əsasən özəl müəssisə və ya təşklatlar tərəfindən göstərilən xidmətlərdir.
“ASAN xidmət “ mərkəzləri dövlət orqanı olaraq öz potensialından özəl sektorun- hüquqi şəxslərin, bank, sığorta təşkilatlarının da faydalanmasına şərait yaradır.
Gün ərzində mərkəzlərə minlərlə vətəndaşın müraciət etdiyini nəzərə alsaq, dolayısı ilə bu mərkəzlərin timsalında dövlət özəl xidmət sektoruna böyük imkanlar açır.
Eyni anda həm sadə vətəndaşlarımız, həm də iş adamlarımız “ASAN xidmət” mərkəzlərindən öz məqsədlərinə uyğun faydalana biləcəkdir.
Bir məsələni də qeyd etmək istərdim.
“ASAN xidmət” mərkəzlərinin bütün ölkəni əhatə etməsi bir neçə ilə mümkün olacaqdır. Lakin bu o demək deyil ki, ölkənin digər regionları ASAN xidmətdən faydalana bilməyəcək.
Bunula əlaqədar cənab Prezidentin tapşırığı əsasında xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar iyun ayından etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərəcək.
Bir sözlə dövlət öz xidmətlərini vətəndaşlarımızın qapısına gətirəcək.


Teqlər:  





Xəbər lenti