“Büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq artırılmalıdır” - Deputat

  24 Sentyabr 2020    Oxunub : 1940
 “Büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq artırılmalıdır” -  Deputat
Baş Nazir bildirib ki, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Bizim apardığımız monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var.
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir:

"Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsinə məqsədəuyğundur. Dövlət büdcəsi vəsaitin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni, tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinn şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin gücləndirilməsinə ehtiyac var".

V.Bayramov qeyd edib ki, bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır.

Qeyd edək ki, ötən gün Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində büdcə məsələlərinin müzakirəsi zamanı xərclərlə bağlı məsələyə toxunub. O bildirib ki, büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır.

Həmçinin Baş Nazir vurğulayıb ki, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Azvision.az

Teqlər: Ekspert   Deputat   Vüqar-Bayramov