“Foto Kadr 2019” - Qaliblər mükafatlandırıldı

  24 Sentyabr 2020    Oxunub : 7035
 “Foto Kadr 2019”  - Qaliblər mükafatlandırıldı
Sentyabrın 24-də Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin futbol meydançasında açıq havada “Gilavar” Azərbaycan Foto Klubunun “Foto Kadr 2019” təqdimatı və mükafatlandırma mərasimi keçirilib.
Klubdan Azvision.az -a bildirilib ki, tədbirdə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq yalnız təşkilatçılar, mükafatçılar və məhdud sayda KIV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaq olduğunu vurğulayıb. O, tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürlərini çatdırıb.



Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev ötən il görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd edilib ki, ötən il klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin xüsusi icazələri ilə “Spring Clicks Circuit 2019” adlı beynəlxalq foto müsabiqə həyata keçirilib. Klub tərəfindən təşkil edilən foto müsabiqəyə 56 ölkədən 315 fotoqraf 4067 foto təqdim edib. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb. Azərbaycanlı fotoqraflar bu yarışda ümumilikdə 13 mükafat qazanıblar.

Bildirilib ki, “Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq fərdi foto müsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. 2019-cu ildə klub üzvləri olan fotoqraflar 44, ümumilikdə isə il ərzində 69 beynəlxalq mükafat əldə ediblər. Qalib fotoqrafların işləri isə müsabiqələrin keçirildiyi ölkələrdə sərgilənir.

Diqqətə çatdırılıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, klub formatında da beynəlxalq foto aləmində təmsil olunublar. Belə ki, ötən il İspaniyada keçirilən federasiyalararası bienal foto müsabiqəsində Azərbaycan 22 fotoqrafla təmsil edilib. Ümumilikdə 1118 foto təqdim olunan müsabiqədə azərbaycanlı fotoqraflar 328 bal toplayaraq komanda hesabında 45 ölkə arasında 14-cü olublar. Fərdi qiymətləndirmədə Ramil Zeynalovun “Mən qalibəm” fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb.

Məlumat verilib ki, fotoqrafiyanın yaranmasının 180-ci və Dünya Fotoqrafiya Gününün qeyd edilməsinin 15-ci ildönümü münasibətilə 2019-cu ilin avqustunda Hindistanda böyük bir sərgi təşkil olunub. Həmin sərgidə 10 müəllifin işi sərgilənib və həmin fotoqraflara sertifikatlar təqdim edilib. İtaliyada keçirilən 14-cü FIAP klublarının dünya çempionatında 20 fotoqrafla Azərbaycanı ikinci dəfə bu yarışda yenidən “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Müsabiqəyə dünyanın 48 ölkəsindən 4118 foto təqdim edilib. Yekunda Azərbaycan təmsilçiləri 318 bal toplayaraq 207 foto klub arasında 94-cü yerdə qərarlaşıblar.

Klubun həmsədri R.Mehdiyev bildirib ki, o eyni zamanda, Beynəlxalq Foto Sənəti Federasiyasının Azərbaycan üzrə təmsilçisi statusuna malikdir və FIAP təşkilatı ilə fotoqraflar arasında bir körpü funksiyasını yerinə yetirir. Üç-dörd il əvvəl bu cür müsabiqələrə qatılan fotoqrafların sayı 3 idisə, hazırda ümumilikdə 20-25-dir. 2015-ci ildən indiyədək FIAP-ın təşkilatçılığı ilə keçirilən müsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 230-dan artıq müxtəlif mükafat qazanılıb. Bunlar arasında müxtəlif fotoqrafiya təşkilatlarının və foto klubların qızıl, gümüş və bürünc medalları, xüsusi lentlər, diplom və sertifikatlar yer alır. Fotoqraflarımız ölkəmizin adına 70-ə yaxın medal qazandırıblar ki, onlardan 33-ü qızıldır.

Tədbir çərçivəsində “Gilavar” Azərbaycan Foto Klubunun yeni hazırlanmış medallarının və fəxri lentinin təqdimatı da keçirilib. Qızıl, gümüş və bürünc əyarlı medallar və fəxri lentlər xarici ölkələr hazırlanıb.

Sonra klub tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub.

Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Azərbaycan Televiziyası (AZTV) və “SalamNews” İnformasiya Agentliyi “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən xüsusi diplomla təltif ediliblər. Bundan əlavə, ötən ilin dekabrında Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanmış fotoqraflar Kərim Abbasova və Nadejda Cavadovaya bu qurumun xüsusi diplomları təqdim olunub.

Azvision.az

Teqlər: Foto   Müsabiqə