“Ermənistan müharibəyə hazırlaşır” - Prezident

 “Ermənistan müharibəyə hazırlaşır” -    Prezident
  25 Sentyabr 2020    Oxunub:4257
Bildiyiniz kimi, iyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdır. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi quluqçularımıza hücum etmək üçün göndərilmişdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

"Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var?

On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək. Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları daxil edirlər. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır", - dövlət başçısı əlavə edib.

Azvision.az



Teqlər: İlham-Əliyev   Qarabağ  





Xəbər lenti