Tovuz döyüşlərindən sonra nələr baş verir? - Sahil İskəndərov şərh edir

Tovuz döyüşlərindən sonra nələr baş verir? -  Sahil İskəndərov şərh edir
  25 Sentyabr 2020    Oxunub:4487
“Ermənistan Azərbaycana qarşı geniş şəkildə silahlı təxribatlara hazırlaşır. Kəşfiyyatı güclü olan həmsədr ölkələr də gözəl bilir ki, qarşı tərəf aktiv şəkildə müharibə hazırlıqları görür”.
Bunu Azvision.az -a politoloq Sahil İskəndərov deyib. O proseslərin öz məcrasından çıxdığını, Ermənistanın indiki özündənrazı hala gəlməsində həmsədr ölkələrin günahkar olduğunu bildirib.

Politoloq xatırlatma edərək əslində müharibə riski pik həddə çatan regionda iyuldan sonra hər şeyin dəyişdiyini söyləyib: “Bütövlükdə münaqişənin tənzimlənməsi prosesinə nəzər salsaq, Azərbaycanın hər zaman bir prinsipial mövqedən çıxış etdiyini görərik ki, bu da problemin yalnız beynəlxalq hüquq normalarına söykənərək dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə həllidir. Ermənistan isə dəfələrlə məsələyə müxtəlif müstəvilərdə yanaşıb, münaqişənin tənzimləmə prosesini pozmağa cəhdlər edib. Gah yaratdıqları separatçı rejimin danışıqlar prosesinə qoşulmasının vacibliyi qaldırılıb, gah da başqa, sonrada ortaya atılmış anormal istəklərlə gündəmə gəliblər. Xüsusən də Paşinyanın inqilab yolu ilə hakimiyyətə yiyələnməsindən sonra bu müstəvidə xeyli spekulyativ bəyanatlar səsləndirilib. Digər tərəfdən Ermənistan tərəfi dəfələrlə sülh danışıqlarına hazır olmasını, münaqişənin yalnız dinc yolla çözülməsində maraqlı olduğunu bəyan edib. Amma son proseslər bir daha göstərdi ki, rəsmi İrəvanın heç də verdiyi bəyanatlar, deyilən sözlərlə atdığı addımları üst-üstə düşmür. İyul təxribatı buna ən yaxşı nümunə oldu”.

Politoloq deyir ki, Dağlıq Qarabağda deyil, fərqli istiqamətdə, birbaşa dövlət sərhədində törətdikləri təxribatlar Ermənistanın yeni rəhbərliyinin əsl simasını ortaya qoymuş oldu. O, Tovuz döyüşlərindən sonra Azərbaycan Prezidentinin yerli telekanallara verdiyi müsahibəsini xatırladaraq burada qarşı tərəfə çox sərt mesajların ünvanlandığını bildirib:

“Cənab Prezident dedi ki, biz yalnız danışıqlar xatirinə masa arxasına oturmaq fikrində deyilik. Mənasız təmaslar, danışıqlar prosesi bu cür davam edərsə, bütün mümkün vasitələrdən istifadə edib torpaqların azad olunmasına çalışacağıq. Bu siyasi mesajdan dərhal sonra Ermənistan XİN rəhbərinin bəyanatının şahidi olduq ki, bu da ermənilərin hər zaman danışıqlar prosesinin bərpasına hazır olduqları fikri idi. Amma bəyanatdan sonra nələri müşahidə etdik? Ermənistanın birinci xanımı Qarabağa gələrək hərbi geyimdə silahı Azərbaycan tərəfə tuşlayıb xüsusi pozalarda fotolar çəkdirdi. Bu siyasi mesaj da azmış kimi erməni qadınların müharibəyə hazırlanması ilə bağlı təlim. kurs və s. təşkil etdiklərini bütün dünyaya nümayiş etdirdilər. Qadınların ordu sıralarına yazılmasına çağırışın ardınca Ermənistanın yüz minlik könüllülər ordusu yaradacağı ilə bağlı bəyanatlar səsləndi. Bununla dinc dayandılarmı? Xeyr. Çox keçmədi ki, hər kəsin gözü önündə Yaxın Şərqdəki etnik erməniləri, başqa ölkələrin vətəndaşlarını işğal altında olan ərazilərimizə köçürdülər. Bütün bunlar bir daha ondan xəbər verdi ki, Ermənistan heç də münaqişənin sülh yolu, danışıqlarla həllində maraqlı deyil”.

Sahil İskəndərov bildirib ki, son proseslərdə işğalçı ölkənin aktiv şəkildə silahlandırılması məqamı diqqətdən yayınmamalıdır. O, dünən Türkiyə mediasında Suriyadan olan xüsusi bir batalyonun Qarabağda yerləşdirilməsi ilə bağlı həyəcanlı yazıların getməsini diqqətə çatdırıb: “Bu silahlılar PKK terrorçuları tərəfindən təlimlər görüblər. Yəqin ki, hansı siyasi mənzərənin yarandığını hər kəs aşkar görə bildi. Ermənistan Azərbaycana qarşı geniş şəkildə silahlı təxribatlara hazırlaşır. Bu baxımdan da, Azərbaycan Prezidenti dünən BMT-dəki çıxışında belə həssas və təhlükəli məqamlara xüsusi olaraq diqqət yetirdi. Ölkə başçısı qeyd etdi ki, İrəvan heç də sülh danışıqları arzusunda deyil, danışıqların imitasiyasını yaradaraq bunun arxasınca Azərbaycana qarşı yeni hərbi təxribatlara, həmləyə hazırlaşır. O zaman beynəlxalq ictimaiyyətə belə bir sual olunur ki, sülh istəyən hansı ölkə yüz minlik könüllülər ordusu yaratmaq arzusuna düşərdi? İkinci bir tərəfdən, bu yaxınlarda Ermənistanın müdafiə nazirinin sərsəm bəyanatı da səslənmişdi ki, bu da ölkəsinin hətta yeni ərazilər iddiasında olması ilə bağlı idi. Bütün bu kimi müharibə konteksində atılan addımlar və ortada olan aşkar döyüş hazırlıqları heç də erməni tərəfinin yalançı sülh danışıqlarını bərpa etmək barədə bəyanat və istəkləri ilə uzlaşmadı”.

Politoloq ölkə başçısının da qınadığı fəaliyyətsiz həmsədrlərin birtərəfli mövqe sərgiləməsini təhlükəli hal sayıb: “Əslində onlar bu məsələlərdə ayıq-sayıq olmalı, daha aktiv görünməli idilər. Son aylarda ortada bu qədər ciddi neqativ faktlar olmasına baxmayaraq, Ermənistana heç bir təpki göstərilmədi. Kimsə çıxıb demədi ki, hansı zərurətdən və hansı səbəbdən məskunlaşma aparılır? Görmə məhdudiyyəti olan biri belə bu reallıqları aşkar gördü ki, Ermənistan son üç ayda ard-arda hərbi-siyasi təxribatlara getdi. Həmsədrlər isə nəinki səslərini çıxararaq etiraz etdilər, heç onların ölkələrindən belə xüsusi bir bəyanat da görmədik. Bu qədər anormal, təzadlı yanaşma olmaz axı. Bizim hərbi xərclərimizin artması, müdafiə qabiliyyətimizin güclənməsi həmsədrləri dəfələrlə narahat edib. Amma ortada dörd-beş aşkar təxribat faktı var, diplomatlardan narahatlıqla bağlı əsər-əlamət yoxdur. Əslində heç bizim hərbi xərclərimiz onları narahat da etməməli idi. Rəsmi Bakı heç xüsusi konvensiya və müqavilələrlə müəyyənləşdirilmiş silahlanma çərçivəsindən kənara çıxmırdı. Sadəcə bəlli bir vəsaitlər idi ki, onun da çox hissəsi silahlarımızın modernləşdirilməsinə, hərbçilərimizin maddi sosial problemlərinin həllinə yönəldilirdi. Hərbi xərclərimiz bu səbəbdən artırdı. Bunun qarşılığında dilənçi halına gəlmiş Ermənistanın hansı səbəbdən son vaxtlarda silahlanmasını, yaxud hansı maliyyə mənbələri ilə bunu etmələrini kimsə sorğulamadı. Heç silah bir yana, yuxarıda qeyd etdiyim kimi başqa ölkənin vətəndaşlarının münaqişə zonasına, konkret olaraq Şuşa kimi bir şəhərə yerləşdirilməsinə susqun yanaşdılar. Artıq həmsədrlərin obrazlı şəkildə desək, yaxasından tutub silkələmək və buna görə cavabdehlik tələb etmək zamanıdır”.

Sahil İskəndərov onu da vurğulayıb ki, Prezident son zamanlar bir neçə dəfə Minsk Qrupunu fəaliyyətsizlikdə günahlandırıb. Əsl ciddi problem elə buradan qaynaqlanır. Əslində Ermənistanın hər ötən gün daha destruktiv mövqeyə yuvarlanmasının arxasında bu məqam, həmsədrlərin susqunluğu dayanır: “Paşinyan hakimiyyəti həmsədrlər tərəfindən ciddi təpkilərlə üzləşsəydi, növbəti təxribatçı addımları atmaqdan çəkinərdi. Tək ATƏT çərçivəsində deyil, elə BMT-nin son debatlarında da ABŞ, Rusiya, Fransa kimi ölkələrdən, onların rəhbərlərinin çıxışlarından regionu müharibəyə sürükləyən təxribatlarla bağlı bir cümlə eşitdikmi? Halbuki Prezidentimiz xalqımızın, rəsmi Bakının prinsipial mövqeyini açıqladı. Amma heç kim nə Qarabağa görə səsini çıxarmadı, nə də bu məsələdə maraqlı olduğunu göstərdi. ABŞ virusdan danışıb Çinin adını az qala hər cümləsində çəkdi, Fransa Navalnı olayından yapışıb qaldı, Rusiya tam başqa məsələlərdən danışdı. Bir rus Navalnının taleyi bir milyon azərbaycanlının taleyindən bu qədərmi qiymətli oldu? Özlərinin də kəşfiyyatı çox gözəl çalışır və əla bilirlər ki, İrəvan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşaraq müharibəni başlatmaq istəyir. Belə həmsədr ölkə olmaz. Özünü lallıq, korluğa qoymaqla deyil, konkret iş görməklə problemə fayda vermək lazım idi.

Bu gün Azərbaycan Ermənistanın bütün həmlələrinə layiqincə cavab vermək qüdrətindədir, bunun üçün iqtisadi, hərbi imkanlarımız kifayət qədərdir. Prezident yerli kanallara verdiyi son müsahibəsində o cümləni boşuna deməmişdi ki, “bircə kəlməm kifayət idi ki, ordumuz Ermənistanın ərazisinə keçsin”. Bu bir mesaj idi. Ermənistanın növbəti təxribatlarına həmsədrlər, beynəlxalq təşkilatlar göz yumsalar, bu dəfə həqiqətən də deyilən kimi olacaq, erməni tərəfi işğal etdiyi ərazilərdən çıxarılaraq öz torpaqlarında döyüşməyə vadar olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sahil-İskəndərov   Politoloq   Qarabağ   Müharibə  





Xəbər lenti