Ermənistanı ifşa edən və dünya birliyinə yol göstərən nitq

  Ermənistanı ifşa edən və dünya birliyinə yol göstərən nitq
  26 Sentyabr 2020    Oxunub:4162
Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələri çərçivəsində cənab Prezident İlham Əliyevin videoformatda etdiyi nitq diplomatiya tariximizin mühüm səhifələrindən biridir. Bu nitq haqqında çox yazmaq mümkün olsa da, yalnız bəzi məsələlər üzərində dayanmağı zəruri hesab edirəm. Hər şeydən əvvəl, dövlət başçımızın qardaş Türkiyənin nümayəndəsi Volkan Bozkırı Baş Assambleyanın 75-ci sessiyasının sədri seçilməsi münasibəti ilə təbrik etməsi və dövlətimizin dəstək verəcəyini birmənalı olaraq bildirməsi həm qürurvericidir, həm də bütün türk dünyasına və dünyaya qardaşlığımızı bir daha açıq şəkildə bəyan edərək gələcək nəsillərə ibrət dərsi vermək baxımından önəmlidir.
Cənab Prezident Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil” fikirlərini xatırladaraq dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmasının, beynəlxalq hüquq prinsiplərinə riayət olunmasın və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin edilməsinin vacibliyini bildirməsi müasir reallıqları göstərdi. Dövlət başçımızın beynəlxalq sənədlərə istinad edərək Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini, insanları qaçqın və məcburi köçkünə çevirməsini, etnik təmizləmə aparmasını, terrorçu və qondarma rejim yaratmasını, Xocalıda soyqırımı törətməsini, Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyini, beynəlxalq konvensiyaları pozaraq xaricdən erməniləri gətirib Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirməsini, bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni mirası, işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtdığını, qanunsuz olaraq təbii ehtiyatları istismar etdiyini, süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə etdiyini bildirməsi mövqenin açıq-aşkar ortaya qoyulması idi.

Dövlət rəhbərimizin təcavüzkar Ermənistanın işğal olunmuş ərazilərimizdə təmas xəttində və Ermənistan – Azərbaycan dövlət sərhədində mülki vətəndaşları hədəfə aldığına, təxribatlar törətdiyinə və nəticələrinə dair konkret faktları söyləməsi əhəmiyyətli idi. İlham Əliyev Ermənistanın son hərbi təxribatlarının konkret məqsədlərini birmənalı və konkret olaraq dünya birliyinə çatdırdı: regionda yeni gərginlik mənbəyi yaratmaq; Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək; üçüncü dövləti münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaq.

Azərbaycan Respublikasının Prezidenti iki ölkə arasında əsirlərin dəyişdirilməsinin dünyada qəbul edilmiş və ədalətli variantı olan “hamının-hamıya” prinsipinin Ermənistan tərəfindən rədd edildiyini də diqqətə çatdırdı, işğalçı ölkənin Baş nazirinin cəfəng “yeddi şərtinin” Azərbaycan tərəfindən rədd edildiyini və sülhə nail olmaq üçün yeganə şərtin olduğunu bildirdi. Bu da işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır.

Dövlət başçısı Ermənistanda “könüllü” adı altında silahlı bandaların yaradılmasını, Azərbaycanın böyük şəhərlərinə və vacib mülki infrastrukturuna – Mingəçevir su anbarına, Bakı yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələdiyini bəyan etdi. Ermənistanın törətdiyi terror aktlarına diqqəti yönəldərək türk diplomatlarına qarşı qətlləri də xatırladı.

Dövlət başçısı nasizmin təbliğ edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bildirdi. Söylədiyi konkret misallar göstərir ki, İrəvanda terrorizm, soyqırımı, irqi ayrı-seçkilik dövlət siyasətidir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin heç bir nəticə vermədiyini bildirən Prezident real addımların atılmasının, Minsk qrupunun üzvü olan 11 dövlətin hamısının tənzimləmə prosesində iştirak etməsinin, Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafikinin tərtib edilməsinin vacibliyini bildirməsi əhəmiyyətlidir. Ölkə başçısı birmənalı olaraq bəyan etdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır!

Dövlət başçısı Ermənistanın silah təchizatının artırılmasından ciddi narahatlıq ifadə etdi. Bildirdi ki, Ermənistan dünyanın ən yoxsul ölkələrindən biri olduğu və silahlara milyardlarla dollar xərcləmək imkanı olmadığı üçün silahlar İrəvana pulsuz verilir.

Prezident Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olduğunu deməklə, bu ölkənin mahiyyətini bir daha açdı. Azərbaycan Respublikasının Prezidenti pandemiyanın dünya dövlətlərinə təsirini azlatmaq üçün ölkələr arasında həmrəylik naminə təkliflər irəli sürməsi həm əməkdaşlığa çağırış olmaqla yol göstərir, həm də dövlətimizin iradəsini ortya qoyur. Bunların cərgəsində Təhlükəsizlik Şurası qətnamələrinin icra mexanizmlərinin yaradılmasına, pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrildiklərindən təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılmasına dair təkliflər böyük əhəmiyyət daşıyırdı.

Dövlət başçımız bu nitqi ilə həm reallıqları deyərək Ermənistanın siyasətinin mahiyyətini ifşa etdi, həm də vəziyyətdən çıxmaqdan ötrü dünya birliyinə yol göstərdi. İndi isə söz dünya birliyinindir.



Musa Qasımlı,
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor
Azvision.az


Teqlər: Musa-Qasımlı  





Xəbər lenti