“İndi daha çox həmrəylik göstərməliyik” - Cəbrayılın deputatı

   “İndi daha çox həmrəylik göstərməliyik” -    Cəbrayılın deputatı
  27 Sentyabr 2020    Oxunub:5358
“Azərbaycan Ermənistanın növbəti, daha ciddi hərbi təxribatlara hazırlaşması barədə məlumatlı idi. Cənab Prezident də bu barədə dəfələrlə fikirlər səsləndirmişdi”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov deyib.

O Azərbaycan ordusunun bu gün Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində genişmiqyaslı hərbi təxribatlarına tutarlı cavab verməsini təqdir edib:

“Ermənistan son zamanlar davamlı olaraq cəbhə bölgəsində və dövlət sərhədində təxribatlar törədirdi. Ordumuz iyulda Tovuzda baş verən erməni təxribatlarının qarşısını layiqincə ala bilmişdi. Yəni bugünkü genişmiqyaslı hərbi təxribatlardan əvvəl də mütəmadi olaraq həm siyasi, həm də hərbi təxribatların şahidi olurduq. Azərbaycan tərəfi uzun müddətdir çalışırdı ki, münaqişənin sülh yolu ilə həllinə nail olsun. Artıq otuz ildir bu nəticəsiz danışıqlar prosesi gedir. Ermənistan isə son zamanlarda aşkar şəkildə danışıqlar proseslərini pozdu. Beynəlxalq təşkilatların buna reaksiyası isə adekvat deyil”.

Ermənistanın son günlərdə aktiv şəkildə müharibə hazırlıqları gördüyünü xatırladan deputat Prezidentin də bununla bağlı fikirlər səsləndirdiyini söylədi. O ölkə başçısının xalqa olan bugünkü müraciətində də Ermənistan rəhbərliyi üçün ciddi mesajların olduğunu qeyd edib:

“Ermənistan hərbiçilərinin Azərbaycan ərazilərini, mülki şəxsləri artileriya atəşinə məruz qoyması Azərbaycanı da daha ciddi addımlar atmağa vadar etdi. Bu, yaranmış hərbi vəziyyətdə Azərbaycanın bir yolu var idi ki, o da qısa zamanda Ermənistana layiqli cavab vermək idi. Azərbaycan ordusu bütün bu kimi hərbi təxribatlar və yeni işğal cəhdlərinə cavab olaraq hücuma keçdi və hücumların hazırda da müxtəlif istiqamətlərdə davam etdiyi bildirilir. Bizim başqa variantımız yox idi. Biz dəfələrlə beynəlxalq qurumlara, Ermənistan rəhbərliyinə xəbərdarlıq etmişdik ki, bu cür təxribatlara son qoyulmalıdır. Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ancaq Ermənistanın son genişmiqyaslı təxribatlarına cavab olaraq ordumuz hücum əməliyyatları reallaşdırdı ki, düşmən tərəfindən də çoxlu itkilərin olduğu deyilir. Prezident xalqa müraciətində bir çox vacib məqamları xüsusi olaraq qeyd etdi. Təəssüf ki, Ermənistan qondarma rejimə ciddi dəstək göstərir. Hərbi təxribatlara sərt cavabımız isə bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq və düşmənə layiqincə cavabını verəcək”.

Ceyhun Məmmədov Ermənistanın son hadisələrdən bir daha ciddi nəticələr çıxarmayacağı təqdirdə proseslərin İrəvan üçün daha da acınacaqlı olacağını bildirib: “Düşünürəm ki, təxribatlara son qoyulmasa, döyüşlər Ermənistan üçün daha ciddi itkilərlə nəticələnəcək. Artıq Ermənistan rəhbərliyi öz narahatlığını da gizlətmir. Onlar dünya ictimaiyyətinə, öz xalqına da yalan məlumatlar yaymaqda davam edirlər ki, guya Azərbaycan hücuma keçərək sivil əhaliyə atəş açır. Təbii ki, bütün bunların heç bir əsası yoxdur. Azərbaycan yalnız təxribat törədən erməni ordusuna atəş açır, öz torpaqlarını müdafiə etmək üçün gərəkən bütün addımları da atacaq. Hazırda bizim vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. İnsanlarımız yalnız rəsmi məlumatları izləməli, aidiyəti qurumlara, ciddi mənbələrə istinad edilməlidir. İndi daha çox həmrəylik göstərməliyik və hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. İnamımız böyükdür ki, torpaqlarımız işğaldan azad olunacaq. Bu da təbii ki, ölkədə xalq-dövlət birliyi, həmrəyliyi nəticəsində mümkün olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti