“Düşmən böyük itkilər verərək geri çəkilir” - Müdafiə naziri

“Düşmən böyük itkilər verərək geri çəkilir” -  Müdafiə naziri
  27 Sentyabr 2020    Oxunub:5630
Məruzə edirəm ki, saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olub.
Azvision.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edərkən deyib.

Müdafiə naziri bildirib ki, hərbi hissələrin ön xətti də atəşə tutulub: "Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunub. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunub. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir".

Azvision.az



Teqlər: Müdafiə-naziri   Zakir-Həsənov  





Xəbər lenti