Yaralanan mülki şəxslərin sayı 14-ə çatıb

  27 Sentyabr 2020    Oxunub : 1927
 Yaralanan mülki şəxslərin sayı 14-ə çatıb
Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a daxil olan məlumatda bildirilib ki, düşmənin Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilib.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, kənddə elektrik enerjisi kəsilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş edilir.

İctimaiyyətə mütəmadi qaydada məlumatlar veriləcək.

Azvision.az

Teqlər: Prokurorluq