Bu gecədən hərbi vəziyyət elan edilir - RƏSMİ

  27 Sentyabr 2020    Oxunub : 4663
 Bu gecədən hərbi vəziyyət elan edilir -  RƏSMİ
Azərbaycan Respublikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı Fərman imzalanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, erməni təxribatını nəzərə alaraq Azərbaycanda 28 sentyabr 2020-ci il saat 00:00 tarixdən hərbi vəziyyət elan edilir.

Qeyd edək ki, “Hərbi vəziyyət haqqında” Qanuna əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Tovuz, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saat elan edilir.

Komendant saat dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan bayıra çıxması qadağan edilib.

Həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlərin görülməsi qərara alınıb. Daxili İşlər Nazirliyinə müvafiq tədbirlər görmək tapşırılıb. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya və qanunlara uyğun qaydada tətbiq ediləcək.

Müvafiq icazələrin alınması “ASAN Xidmət” mərkəzlərindən və Daxili İşlər Nazirliyi vasitəsilə həyata keçiriləcək.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev